Azərbaycanda məmurların topladığı var-dövlət adətən onlar hansısa cinayət əməlinə görə həbs olunduqdan sonra ortaya çıxır. Təqsirləndirilən şəxslərin varidatı isə hər kəsi heyrətə gətirəcək qədər çoxdur. Həbs olunan məmurların gizli kamera ilə çəkilmiş "fəaliyyətlərindən” aydın olur ki, onların bir həftə ərzində “qazancları” təxminən 200-300 min manat arası olub. Təsadüfi deyil ki, bu məmurların nəinki ölkə daxilində, hətta xaricdə də milyonlarla dollarlıq əmlak və biznesi üzə çıxır.
Məsələn, hazırda həbsdə olan “Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun əmlakına həbs qoyulub. Onun üzərinə həbs qoyulan əmlakının dəyəri isə nə az, nə çox 30 milyon587 min manat təşkil edir. Qeyd edək ki, "Azərxalça”nın sabiq rəhbəri dövlətin 22 milyon manata yaxın pulunu mənimsəyib.
Son illər həbs edilən icra başçılarının villalarına, müxtəlif ünvanlarda yerləşən mənzillərinə keçirilən baxış zamanı ortaya çıxan milyonlarla dollar vəsaitlər göstərir ki, onlar da dövlətdən az oğurlamayıblar. Və bu oğurluğun sayəsində hər kəsi heyrətə gətirəcək qədər “qazanc” əldə ediblər. Təbii ki, həbs olunan məmurların xalq və dövlətdən soyub taladıqları sərvətin bir qismi sonradan müsadirə olunaraq dövlətə qaytarılır. Məlumatlara görə, təkcə İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin evindən 5 milyon dollardan yuxarı vəsait aşkarlanıb. Bu onu göstərir ki, korrupsiya faktlarına görə həbsdə olan orta səviyyəli bir məmurdan dövlət nəfinə on milyonlarla manat vəsaiti geri almaq mümkündür.
Yeri gəlmişkən, ötən il korrupsiya faktları üzrə180 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Korrupsiya ilə bağlı cinayət işləri üzrə 49 milyon 153 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib. 2020-ci ildə bu işlər üzrə 13 milyon 283 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.
2019-cu ildə isə məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş maddi ziyanın 74,7 faizinin ödənilməsi təmin edilib, yəni 83,2 milyon manatdan 62,1 milyon manat vəsait geri qaytarılıb. Bu vəsaitin 21,8 milyon manatı ibtidai araşdırma mərhələsində ödənilib. Bundan əlavə, 40,3 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulub.
Maraqlıdır, bəs bu vəsaitlər, müsadirə olunan əmlaklar dövlət nəfinə necə alınır? Həbsdə olan sabiq məmurların mal-mülklərinin, var-dövlətlərinin sonrakı taleyi necə olur? Həmin əmlaklar hansı formada satışa çıxarılır? Bununla bağlı hərraclar necə təşkil olunur? Bu hərraclarda istənilən vətəndaş iştirak edib, satışa çıxarılan əmlakla bağlı təklif verə bilərmi? Sözügedən əmlaklar kimlər tərəfindən qiymətləndirilir? Müsadirə olunan əmlakların satışından əldə olunan vəsaitlərin büdcəyə köçürülməsi hansı mexanizm əsasında baş verir? Bu və digər suallar ətrafında apardığımız araşdırmanı təqdim edirik.
Mövzu ilə bağlı hafta.az-a danışan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Samir İsayev bildirib ki, bu məsələdə iki xüsusatı nəzərə almaq lazımdır:
“Birincisi ondan ibarətdir ki, əgər talama (mənimsəmə və ya israf etmə), qulluq mövqeyindən sui-istifadə ilə bağlı dövlətə ziyan vurma cinayətləri törədilmişdirsə, o zaman vurulan zərərin dövlətə qaytarılması ilə əlaqədar şəxsin əmlakı üzərinə həbs qoyula bilər”.
Əmlak üç dəfə satışa çıxarılır, əgər satılmırsa...
Onun sözlərinə görə, əmlak məhkəmənin yekun qərarı əsasında hərracda satılma yolu ilə həyata keçirilir: “Məhkəmənin hökmündə vurulmuş maddi zərərin qaytarılması ilə əlaqədar hissə (əmlak müsadirəsi növündə cəza və ya mülki iddianın təmin olunması) vardırsa, yəni zərər vuran vəzifəli şəxsdən əmlakın alınması ilə bağlı hissə mövcuddursa, bu məsələnin icrasını Ədliyyə Nazirliyinin İcra və Probasiya xidməti hərracın keçirilməsi vasitəsilə təmin edirlər. Bununla bağlı oturuşmuş təcrübə vardır. Ölkədə hərrac mərkəzləri mövcuddur və hərracların keçirilməsi mexanizmi vardır. Amma mənim təcrübəmdə belə bir hal baş verməyib, habelə maraqlanmamışam. Cinayət işləri üzrə vəkil olaraq iştirakım məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarını müdafiəsi ilə bağlıdır və hökmün icrası mərhələsində bir qayda olaraq iştirak etmirəm, o cümlədən, həmin işdə əmlak müsadirəsi və ya maddi zərərin ödənilməsi məqsədilə əmlakın alğı-satqısı nəzərdə tutulub zərərin ödənilməsi təmin olunacaqsa, bu işlə məşğul olmuram.
Bir qayda olaraq, vəkillərin əksəriyyəti bu sahə ilə məşğul olmurlar, səbəbi isə sadədir, bunun üçün vəkil ilə müqavilə bağlanmalıdır, cinayətlər işləri üzrə hüquqi yardım göstərilən şəxslər bu mərhələ üçün vəkillə müqavilə bağlamırlar. Çünki bu sahədə artıq oturuşmuş mexanizm var və proses də öz axarında gedir. Yəni, icra orqanı hərracı təyin edir, hərrac keçirilir. Prosedur belədir ki, 3 dəfə hərrac keçirilir. Hərrac keçirildikdən sonra heç kim əmlakı almırsa, əmlak sahibinə qalır. Tutaq ki, əmlak 3 dəfə satışa çıxarılıb satılmırsa, hər dəfə də qiymət aşağı salınır və mülki işlərdə əmlak tələbkar tərəfə verilir. Dövlət əmlakına qarşı törədilmiş cinayətlər üzrə tələbkar tərəf dövlətdir. Qanunvericiliyin tələbinə görə, əgər əmlak hərracda satılmırsa, tələbkara verilməlidir. Dövlət həmin əmlakın taleyini necə həll edəcək, onun işidir. Məsələn, əmlak satılmasa, dövlət həmin mənzili yerli icra hakimiyyətlərinin mənzil balansına sala bilər və həmin əmlakı mənzil növbəsində olan vətəndaşlara verə bilər. Eyni qaydada, əmlak əgər nəqliyyat vasitəsidirsə, o da dövlətin balansına keçir. Korrupsiya ilə bağlı cinayət işlərində isə tələbkar dövlət olduğu üçün həmin əmlakların taleyi də dövlətdən asılıdır. Dövlət bir qayda olaraq əmlakı götürməyə meyilli deyil, əmlakı hərracda satdırır pulu büdcəyə mədaxil edir. Amma bu baş vermədikdə və əmlak dövlət orqanları tərəfindən idarə oluna biləcək bir əmlak olmadıqda, həmin əmlak məhv edilir”.
Gəlirlər bəyan edilmir, məmurun 20 evi ola bilər
Vəkil həmçinin vurğulayıb ki, korrupsiya cinayətlərində əmlak müsadirəsi məhkəmə tərəfindən əlavə cəza kimi tətbiq oluna bilər: “Tutaq ki, məhkəmə hesab edərsə ki, işdə rüşvət predmeti var, o zaman təqsirləndirilən şəxs təqsirləndirilməklə yanaşı, məhkəmə əlavə cəza kimi əmlak müsadirəsi tətbiq edə bilər. Yəni, rüşvət cinayətlərində əvvəllər əmlak müsadirəsi birbaşa nəzərdə tutulmuşdu, indi isə o hal yoxdur. Bu hal artıq mülki iddia qaydasında tətbiq olunan bir haldır. Məsələn, şəxsin işləyən zaman işlədiyi müəssisəyə vurduğu maddi və mənəvi zərərdən söhbət gedə bilər. Tutaq ki, təqsirləndirilən şəxs icra başçısıdır, öz əməllərində icra hakimiyyəti orqanının şərəfinə, ləyaqətinə, nüfuzuna mənəvi zərər vurub.Yəni, icra hakimiyyəti qurumunu nüfuzdan salan hərəkətlər edib. Bu halda mənəvi zərər dövlət orqanı tərəfindən tələb olunursa, məhkəmə onu təmin edə bilər. İkinci bir tərəfdən, şəxs konkret vəsaiti mənimsəyibsə, o zaman əmlakı əlindən alına bilər. Digər bir məsələyə də diqqət yetirmək lazımdır. Azərbaycanda məmurların gəlirlərinin bəyan edilməsi mexanizmi yoxdur. Əgər bu olsaydı, qanunsuz gəlir hissəsini mülki iddia qaydasında məmurun əlindən almaq olardı. Bir halda ki, gəlirlər bəyan edilmir, məmurun 20 dənə də evi ola bilər. Bunu heç kim sorğulaya bilməz ”.
Onun sözlərinə görə, dövlət qurumu həbs olunan məmurlardan dövlət mənafeyinə vurulmuş zərəri həm də pul ifadəsində tələb etməlidir: “Məsələn, bir məmur qeyri-qanuni yolla hansısa əmlak əldə edibsə, bunun təkcə cəmiyyət tərəfindən pislənməsi hesab edirəm ki, kifayət deyil. Həmin şəxsdən eyni zamanda, mənəvi zərər tələb olunmalıdır. Təəssüf ki, bu gün Azərbaycanın məhkəmə praktikasında bununla bağlı təcrübə yoxdur. Hesab edirəm ki, dövlət qurumu həbs olunan məmurlardan dövlət mənafeyinə vurulmuş zərərin pul ifadəsində pulunu almalıdır”.
Əmlakları müstəqil qiymətləndiricilər qiymətləndirirlər
Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev bildirib ki, Cinayət Məcəlləsində cinayət hüquqi xarakterli tədbirlərdən biri xüsusi müsadirədir:
“Xüsusi müsadirə o zaman baş verir ki, fiziki və ya hüquqi şəxslər tərəfindən korrupsiya cinayətləri nəticəsində həmin əmlak əldə edilib. Yəni, əgər istintaq müəyyən etsə ki, əmlak təqsirləndirilən şəxslərin korrupsiya əməlləri nəticəsində əldə olunub, o zaman ilkin istintaq zamanı həmin əmlak üzərində həbs qoyulur. Daha sonrakı məhkəmə zamanı isə əmlakın xüsusi müsadirəsi baş verir. Xüsusi müsadirə baş verəndən sonra əmlak Hərrac Mərkəzlərində hərraca çıxarılaraq satılır. Əmlakları müstəqil qiymətləndiricilər qiymətləndirirlər və onlar bu prosesə dəvət edilərək satışa çıxarılan əmlaka qiymət təyin edirlər. Qiymətləndirmənin əsas kriteriyası isə bazara uyğunluqdur və əmlakın dəyəri bazara uyğun müəyyən olunur. Ola bilsin ki, əmlak satışa çıxarılan qiymətə satılmır. O zaman əmlakın qiymətinin aşağı düşməsi prosesi baş verir. Əmlakın miqdarı dəymiş ziyana uyğun olduqda isə tam dövlətin nəfinə çıxarılır. Əgər bu dəyər dəymiş ziyandan çox olarsa, o zaman dəymiş ziyan dövlətin nəfinə çıxılır, qalan əlavə vəsait də sahibinə qaytarılır. Və yaxud əmlak daha ucuz qiymətə satıldığı halda təqsirləndirilən şəxs dəymiş ziyanın tamamilə ödənilməsinə məsuliyyət daşıyır”.
Vətəndaş cəmiyyəti institutunun nümayəndəsi olaraq bu kimi hərracları müşahidə edib-etmədiyinə gəlincə, Ə. Nuriyev deyib ki, indiyədək bununla bağlı ona hansısa dəvət gəlməyib: “Əslində hərracların keçirilməsində hansısa problem görmürəm. Bu prosesdə istənilən vətəndaş iştirak edə və satışa çıxarılan əmlakı ala bilər. Çünki bu hərraclar açıq hərraclardır və proses də hamının gözü qarşısında baş verir. Bununla bağlı müvafiq elanlar da yəqin ki, verilir. Sadəcə olaraq mən bu prosesi izləməmişəm. Heç bu prosesləri izləmək arzumu da bildirməmişəm. Əlbəttə ki, mən Şəffaflıq Azərbaycan Təşkilatının icraçı direktoruyam. Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan bölməsinin rəhbəriyəm. Yəni, bizim əsas fəaliyyət istiqamətlərimiz korrupsiyaya qarşı mübarizə ilə bağlıdır. Təbii ki, bu məsələlərlə bağlı daha çox şəffaflığın olması fikri ilə razıyam. Çünki oğurlanmış əmlak dövlətindir və ya ayrı-ayrı vətəndaşlara məxsusdur. Rüşvət alınması bir qayda olaraq daha çox vəzifəli şəxslər tərəfindən baş verir. Onlar bu yolla əldə etdikləri əmlakı yalnız ölkə daxilində deyil, həm də ölkə xaricində saxlayırlar. Ölkə kənarında olan belə əmlakların, vəsaitlərin geri qaytarılması istiqamətində də dövlətlərarası müqavilələrə uyğun olaraq addımlar atılır. Eyni zamanda, Azərbaycan Korrupsiya Əleyhinə Konvensiyanı ratifikasiya edib. Həmin Konvensiyada ölkədən qanunsuz olaraq çıxarılan vəsaitlərin geri qaytarılması məsələsi öz əksini tapıb”.
Yeri gəlmişkən, Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi xarici ölkələrdə yerləşən əmlakın müsadirə edilməsi, həmin əmlakın yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə zəruri tədbirlər görüb.Sözügedən idarənin rəisi Vüqar Əliyevin sözlərinə görə, ilk dəfə olaraq məhkum edilmiş şəxslərin xaricdə olan əmlakların müsadirə edilməsi məqsədilə Cinayət Prosessual Məcəlləsinin 521-ci maddəsinin tələblərinə əsasən 2 şəxs barəsində çıxarılmış məhkəmə qərarları və digər zəruri sənədlərin sorğu verilən xarici ölkələrin dillərinə tərcüməsi təmin edilib, təqsirləndirilən şəxsin adına Türkiyənin “Yapı Kredi Bank”ındakı hesabında 87 740,39 ABŞ dolları, Almaniyanın “Deutche Bank”ındakı hesabında 10 142 832,04 dollar və İsveçrənin kommersiya bankındakı 1 257 222 dollar məbləğində pul vəsaitinin xüsusi müsadirə edilməsi ilə bağlı həmin dövlətlərin səlahiyyətli orqanlarına ünvanlanması üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq vəsatətlər hazırlanıb və aidiyyəti üzrə göndərilib. Fəaliyyət göstərdiyi müddət ərzində İdarə istintaq qurumlarının sorğusuna əsasən 35 sayda əmlakın o cümlədən, 3 torpaq sahəsi, 6 nəqliyyat vasitəsi, 26 daşınmaz əmlakın mövcudluğunu yerində yoxlanılmaqla bazar konyunkturasına uyğun qiymətləndirib. Təqdim olunan məlumatlar əsasında sorğu verən istintaq orqanının qiymətləndirdiyi əmlakların üzərinə həbs qoyulub.
Hərracların şəffaflığı sual altındadır
Hüquqşünas Əkrəm Həsənov isə hafta.az-a açıqlamasında bildirib ki, məmurlardan müsadirə olunmuş əmlaklar adətən hərraca çıxarılır və oradan satılır. Amma Azərbaycanda hərraclar şəffaf olmadığından bu prosesin necə keçirildiyi sual altındadır: “Bilinmir ki, hərrac nə vaxt baş tutacaq, ilkin qiymət nə qədər qoyulur. Bu haqda informasiya çox dar çərçivəyə bəllidir. Yəni dövlətdən oğurlanan pullara əldə olunan mal-mülkün geri alınmasından dövlətin büdcəsinə qəpik-quruş da qayıda bilər. Azərbaycanda hərraclar faktiki olaraq şəffaf deyil. Ümumiyyətlə isə həbs olunan icra başçılarının, məmurların mal-mülkləri dövlət nəfinə müsadirə olunmalıdır. Qanuna görə, həbsə alınan şəxslərin mal-mülklərinin üzərinə həbs qoyulur, həmin əmlaklar həbsə alan orqanın sərəncamında olur. İstintaq dövründə həmin əmlaklar sübut növüdür. Əmlaklar məhkəmə hökmü çıxana qədər tutulan, ittiham olunan şəxslərin sayılır. Məhkəmənin hökmündən asılı olaraq həmin əmlaklar dövlət nəfinə keçə bilər və ya sahibi bəraət alarsa, onun üzünə qaytarılmalıdır. Digər bir tərəfdən, dövlət büdcəsinin icrası haqda hesabat veriləndə bildiyim qədər ayrıca bənd olaraq bu haqda məlumat verilmir, göstərilmir. Yaxşı olardı ki, müsadirə olunmuş əmlaklarla bağlı ayrıca məlumat verilsin. Hər kəs bilsin ki, dövlətdən oğurlanan əmlak gec-tez geri alınır, dövlətə qaytarılır, daxil olan vəsaitlərin həcmi nə qədərdir və s.”.
Müsadirə olunan əmlaklarla bağlı hərracların nə zaman keçirildiyini dəqiqləşdirmək üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Satılan əmlakdan əldə olunan vəsait 3 iş günündə büdcəyə köçürülür
Mövzu ilə bağlı Maliyyə Nazirliyindən hafta.az-ın sorğusuna cavab olaraq isə bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi Qaydası” ilə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinin, habelə Cinayət-Prosessual Məcəllənin 132-ci maddəsinin tələblərinə uyğun olaraq xüsusi müsadirə olunmuş əmlakın dövlət nəfinə verilməsi qaydası müəyyən edilib: “Həmin Qaydanın 2.10-cu bəndinin xüsusi müsadirə edilməli əmlak saxlanıldığı yerdə icra məmuru tərəfindən Maliyyə Nazirliyinin yerli maliyyə orqanına, nazirliyin yerli maliyyə orqanı tərəfindən isə dərhal aidiyyəti təşkilatlara təyinatı üzrə “Qəbul-təhvil aktı” və “Qaimə-faktura” əsasında təhvil verilir. Əmlakın təhvil verilməsi icra məmurunun, Maliyyə Nazirliyinin yerli maliyyə orqanının, saxlayıcının və əmlakı təhvil alan aidiyyəti təşkilatın nümayəndələrinin iştirakı ilə tərtib edilən “Xüsusi müsadirə edilmiş əmlakın qəbul-təhvil aktı” ilə rəsmiləşdirilir. Akt dörd nüsxədən ibarət tərtib olunur və əmlakın təhvil verilməsi prosesində iştirak edən şəxslərə təqdim edilir. Xüsusi müsadirə edilmiş əmlakın satış məqsədilə təhvil verilməsi halları istisna olmaqla, daşınmaz və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlakları təhvil alan təşkilatların hesabına və müraciəti əsasında onlar üzərində hüquqlar müvafiq qeydiyyat orqanları tərəfindən qeydiyyata alınır”.
Qurumdan vurğulanıb ki, sözügedən Qaydanın 3.1.8-ci yarımbəndinə əsasən bu Qaydanın 3.1.1-3.1.7-ci yarımbəndlərində əhatə olunmayan xüsusi müsadirə edilmiş əmlakın satışı Maliyyə Nazirliyinin sifarişi əsasında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərrac yolu ilə həyata keçirilir: “Həmin Qaydanın 3.6-cı bəndinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xüsusi müsadirə edilmiş əmlakın satışından əldə edilən vəsait həmin əmlakın saxlanılması, satışı xərcləri və qanunvericiliklə müəyyən olunan digər ödənişlər çıxılmaqla 3 (üç) iş günü müddətində dövlət büdcəsinə köçürülür və bu barədə Maliyyə Nazirliyinə məlumat verilir”.
Nazirlikdən həmçinin o da bildirlib ki, dövlət orqanları tərəfindən müsadirə edilmiş, sahibsiz qalmış və vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçmiş əmlakın və dəfinələrin satışından daxilolmalar Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın ” Dövlət əmlakının satışından daxilolmalar” maddəsi üzrə dövlət büdcəsinin gəlirlərinə aid edilir: ““Büdcə sistemi haqqında” qanuna əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində xərclərin məbləği təsdiq olunur. Eyni zamanda bildiririk ki, hər il üzrə dövlət büdcəsinin gəlirləri və xərcləri Qanunla təsdiq edilir və qeyd olunan mənbələrdən daxilolmalar da dövlət büdcəsinin icrasına dair qanunlarda öz əksini tapır”.