Dünya ölkələri inflyasiyanın səviyyəsinə görə sıralandı - ZİMBABVE 1-Cİ, ÇİN SONUNCU

10:08 21.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya mediası ölkələri inflyasiya səviyyəsinə görə sıralayıb.

Hafta.az-ın yazdığına görə, Zimbabve illik inflyasiya 280,4 faizlə siyahının başında, səkkiz aydır embarqoların təsiri altında kiçildiyi deyilən Rusiya isə 13,7 faizlə 45-ci yerdə qərarlaşıb. Hətta bu araşdırmanın dərcindən sonra Rusiyada illik inflyasiya 12,6 faizə geriləyib.

155 ölkənin yer aldığı siyahıda 207 faiz inflyasiya ilə Sudan ikinci yerdədir.

Cənubi Amerikada ən yüksək inflyasiyaya malik ölkə 157,4 faizlə Venesueladır. Bu ölkədə bir il ərzində inflyasiyada 4,4 dəfə artım qeydə alınıb. Kubada bu göstərici 37,24 faiz təşkil edir.

Avropada inflyasiyanın ən yüksək olduğu ölkə Moldovadır (34 faiz). İkinci yerdə Ukrayna (24,6 faiz), üçüncü yerdə isə Litva (24,1 faiz) qərarlaşıb.

Bu arada, oktyabr ayı məlumatlarına əsasən, Türkiyə G20 ölkələri arasında ən yüksək inflyasiyaya sahibdir 85,51 faiz. Uzun müddətdir yüksək inflyasiya və iqtisadi böhranlarla mübarizə aparan Argentina 83 faizlə G20-də ikinci yerdə qərarlaşıb. Türkiyə və Argentinadan sonra siyahıda 13,7 faizlə Rusiya, 12 faizlə İtaliya və 10,4 faizlə Almaniya yer tutub.

G20 ölkələri arasında ən aşağı inflyasiya 2,8 faizlə Çindədir. Çini 3 faizlə Yaponiya, 3,1 faizlə Səudiyyə Ərəbistanı izləyir.