Olduqca acınacaqlı hadisələri ilə yadda qalacaq 2022-ci illə bir neçə gün sonra vidalaşacağıq. Geridə buraxdığımız 12 ay ərzində dünyamızda önəmli hadisələr baş versə də, təəssüf ki, xoşəgəlməyən, ölüm-itimli olaylar daha çox oldu. Təbii fəlakətlər, insanların törətdiyi terror və hətta Rusiyanın Ukraynaya hücumlarının timsalında müharibə cinayətləri bəşəriyyət tarixinə qara hərflərlə həkk olundu. Hər halda, ümid edək ki, üzümüzə gələn 2023-cü il hər birimiz və bütün dünyamız üçün düşərli olacaq.
İndi isə oxucularımız üçün maraqlı olar deyə il ərzində yaşanan ən vacib hadisələrdən bəzilərini aylar üzrə sıralayaq:
Yanvar:
Yanvarın 2-də Qazaxıstanın qərbində maye qazın (LPG) bahalaşması və ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi səbəbi ilə başlayan nümayişlər ölkənin digər bölgələrinə də sirayət edib. Prezident Kasım-Jomart Tokayev etirazlara görə ittihamladığı hökuməti istefaya göndərib. Etirazların genişlənməsi ilə yanvarın 5-dən 19-dək ölkə ərazisində fövqəladə vəziyyət elan edilib və 10 günlük hadisələrdə 225 nəfər həlak olub. Yanvarın 10-da həlak olanlar üçün ümummilli matəm elan edilib. Hadisələrə görə 10 minə yaxın adam saxlanılıb.
Yanvarın 11-də ABŞ-ın Merilend ştatındakı xəstəxanada ölmək üzrə olan 57 yaşlı David Bennettə donuz ürəyi köçürülüb. Amma Bennett martın 9-da vəfat edib.
Yanvarın 23-də Burkina Fasoda bir qrup əsgər hakimiyyəti ələ keçirdiklərini elan edib, yanvarın 24-də isə dövlət televiziyası RTB-də çevriliş bəyanatı oxuyublar. Həbsdə olan prezident Roç Kristian Kabore yanvarın 25-də istefa verib, o. saxlanılıb və aprelin 7-də sərbəst buraxılıb. Çevrilişin arxasında duran şəxs, polkovnik-leytenant Paul-Henri Sandaogo Damiba özünü prezident və baş komandan elan edib. Damiba fevralın 16-da prezident kimi and içib.
Yanvarın 26-da İsrail istehsalı olan "Pegasus" casus proqramlarının istehsalçısı “NSO Group”un icraçı direktoru Aşer Levi istefa verib. Bütün dünyada bu proqram vasitəsilə telefonlardan şəkil çəkmək kimi casusluq fəaliyyətləri üçün istifadə edildiyi ortaya çıxıb. Bildirilib ki, Azərbaycan, Salvador, Fransa, İngiltərə, Polşa, Macarıstan, Hindistan, Qazaxıstan, Ruanda, Mərakeş, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin və İordaniyada çox sayda insan “Pegasus” casus proqramları ilə izlənilib.
Fevral:
Fevralın 1-də Azərbaycan Milli Məclisi Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri rəsmi olaraq müttəfiqlik səviyyəsinə çatdıran Şuşa Bəyannaməsini ratifikasiya edib.
Fevralın 3-də ABŞ Prezidenti Co Bayden amerikalı hərbçilərin Suriyada keçirdiyi əməliyyatda İŞİD-in lideri Əbu İbrahim əl-Haşimi əl-Qureyşinin öldürüldüyünü açıqlayıb.
Fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin "Ukraynanın şərqində Donbasda xüsusi hərbi əməliyyata" başladıqlarını açıqlayıb. Beləliklə, Rusiya-Ukrayna müharibəsi başlayıb. Ukrayna prezidenti Vladimir Zelenski fevralın 25-də ölkə daxilində ümumi səfərbərlik elan edən fərmanı imzalayıb. Rusiya siyasətçiləri və iş adamları, xüsusən də Putin Avropa İttifaqı və bəzi ölkələrin sanksiyalarının hədəfinə çevrilib. Fövqəladə sammitdə görüşən NATO liderləri Rusiyanın Ukraynaya “işğalını” pisləyiblər. Rusiya fevralın 26-da Birləşmiş BMT TŞ-da keçirilən səsvermədə Ukraynadakı hücumları pisləyən qətnaməyə veto qoyub.
Mart:
Martın 8-də Avropa Parlamenti Rusiya-Ukrayna müharibəsi ilə bağlı keçirilən növbədənkənar sessiyasında Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyən qətnamə layihəsini qəbul edib. ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya hücumuna görə ABŞ-ın hava məkanını bütün Rusiya təyyarələri üçün bağladığını açıqlayıb. BMT Baş Assambleyası Rusiyanın Ukraynaya hücumunu pisləyən qətnaməni 141 səslə qəbul edib. Ağ Ev Rusiya-Ukrayna müharibəsi ilə bağlı Rusiya və Belarusa qarşı yeni müdafiə sanksiyaları tətbiq etmək qərarına gəlib. BMT İnsan Hüquqları Şurası Rusiyanı qınayan və Ukraynada bütün insan haqları pozuntularını araşdıracaq beynəlxalq müstəqil araşdırma komissiyasının yaradılmasına dair qətnamə layihəsini qəbul edib.
Martın 14-də “Covid-19” peyvəndini hazırlayan türk əsilli elm adamları, professor Özlem Türeci, professor Uğur Şahin və Macarıstan əsilli alim, professor Katalin Kariko Almaniyada tibb dünyasının ən mühüm mükafatlarından biri sayılan “Paul-Ehrlich and Ludwig Darmstaedter 2022 Award”ı alıb.
Martın 21-də Çində, içərisində 132 nəfər olan China Eastern Airlines şirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi Quanqsi əyalətinin dağlıq bölgəsində qəzaya uğrayıb. Qəzadan sağ qalan olmayıb.
Martın 28-də ABŞ-da keçirilən 94-cü Oskar Mükafatları mərasimində "Ən yaxşı film" mükafatını "CODA", bu filmdəki performansına görə "Ən yaxşı ikinci plan aktyoru" mükafatını qazanan Troy Kotsur ilk eşitmə qüsurlu aktyor kimi tarixə düşüb. Pakistan əsilli britaniyalı aktyor Riz Əhməd "The Long Goodbye" adlı canlı qısametrajlı filminə görə mükafat alan ilk müsəlman olub. Mərasim məşhur aktyor Uill Smitin səhnədə həyat yoldaşı ilə zarafat edən aparıcı Kris Roka sillə vurması ilə yadda qalıb.
Aprel:
Aprelin 10-da Fransada keçirilən prezident seçkilərində 12 namizəddən heç biri birinci turda tələb olunan 50 faiz limitini aşa bilməyib. Birinci turda ilk yerdə olan prezident Emmanuel Makron və ikinci olan Marin Le Pen aprelin 24-də keçirilən ikinci turda mübarizə aparıb. Prezident Makron 58,54 faiz, Le Pen isə 41,46 faiz səs toplayıb.
Aprelin 13-də İsrail polisinin Şərqi Qüdsdə Məscidül-Əqsaya təşkil etdiyi basqında 180-dən çox adam yaralanıb. Fələstin, İordaniya, Misir və Əlcəzair kimi ölkələrin qınadığı basqın bir çox ölkədə müsəlmanlar tərəfindən etirazla qarşılanıb.
Aprelin 28-də Egey dənizində qeyri-qanuni miqrantların Yunanıstan hərbçiləri tərəfindən dənizdə geri qaytarılmasında Avropa İttifaqının Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) rolu olduğu üzə çıxıb. "Lighthouse Reports", "Der Spiegel", "SRF Rundschau", "Republik" və "Le Monde"un birgə apardığı araşdırmaya görə, “Frontex”in məlumat bazasında Egey dənizində yüzlərlə qeyri-qanuni miqrantın geri qaytarıldığı qeydləri var. “Frontex”in direktoru Fabrice Leggeri aprelin 29-da tutduğu vəzifədən istefa verib.
May:
Mayın 8-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi ərizə məktublarını NATO-nun baş katibi Yens Stoltenberqə təqdim ediblər.
Mayın 19-da tarixinin ən pis iqtisadi böhranı ilə mübarizə aparan Şri-Lanka ilk dəfə borcunu ödəyə bilməyib və defolt vəziyyətinə düşüb. Bu müddət ərzində ölkədə hökumət əleyhinə etirazlar şiddətləndiyi üçün Müdafiə Nazirliyi hərbçilərə nümayişlər zamanı ictimai əmlaka və ya başqalarına ziyan vuran hər kəsə atəş açmağı tapşırıb.
İyun:
İyunun 22-də Əfqanıstanın şərqindəki Paktika əyalətində baş verən zəlzələ nəticəsində 1150 nəfər həlak olub, ən azı 1600 nəfər yaralanıb. Bildirilib ki, zəlzələdə 3 minə yaxın ev dağılıb və ya ciddi ziyan dəyib.
İyunun 23-də Avropa İttifaqı ölkələrinin liderləri Ukrayna və Moldovaya “namizəd ölkə” statusunun verilməsi barədə qərar qəbul ediblər.
İyul:
İyulun 7-də Böyük Britaniyanın Baş naziri Boris Conson hakim Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verib.
İyulun 8-də Yaponiyada Yuxarı Palataya seçki ərəfəsində, ölkənin ən uzunmüddətli baş nazir vəzifəsini icra etmiş Şinzo Abe Liberal Demokrat Partiyasının namizədinin seçilməsinə dəstək üçün iyulun 8-də açıq havada keçirilən tədbirdə çıxışı zamanı sinəsindən güllə yarası alıb. Ağır xəsarətlərlə xəstəxanada dünyasını dəyişən Abe üçün sentyabrın 27-də, dünyanın hər yerindən təşrif buyurmuş 700-ə yaxın dövlət və hökumət nümayəndəsinin iştirakı ilə rəsmi dəfn mərasimi keçirilib.
İyulun 22-də Türkiyə, Ukrayna, Rusiya və BMT arasında imzalanan taxıl daşınması müqaviləsi sayəsində avqustun 1-də ilk gəmi Odessa limanından yola çıxıb. İyulun 19-da Rusiya prezidenti Vladimir Putin prezident Rəcəb Tayyib Ərdoğana Qara dəniz vasitəsilə taxıl ixracı və ərzaq məsələlərində vasitəçilik səylərinə görə təşəkkür edib. İyulun 26-da Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə direktoru Con Kirbi prezident Ərdoğana Ukraynadan taxıl çıxarılması üçün Birgə Koordinasiya Mərkəzinin yaradılmasında göstərdiyi səylərə görə minnətdarlıq edib.
İyulun 23-də Ümumdünya Səhiyyə Təşkilatı meymun epidemiyasını Beynəlxalq İctimai Səhiyyə Fövqəladə Vəziyyəti elan etdi.
Avqust:
Avqustun 1-də Kosovo hökumətinin ölkədəki serblərə milli nömrə və şəxsiyyət sənədi verməklə bağlı qərarı 1 ay təxirə saldığı və bu səbəbdən Serbiya ilə böhrana səbəb olduğu bildirilib. NATO-nun Kosovodakı Qüvvələri (KFOR) Kosovonun şimalında sabitliyə təhlükə yaranarsa, müdaxilə etməyə hazır olduğunu açıqlayıb. Avqustun 2-də Serbiya prezidenti Aleksandar Vucic bildirib ki, Kosovo müstəqil ölkə deyil, beynəlxalq hüquqa əsasən Serbiyanın bir hissəsidir.
Avqustun 2-də ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi və onu müşayiət edən Konqres nümayəndə heyətini daşıyan təyyarə Tayvana enib. Çin Xarici İşlər Nazirliyi Pelosinin Tayvana səfərini odla oynamaq kimi son dərəcə təhlükəli adlandırıb. Adanı öz ərazisinin bir parçası kimi görən Çin səfərdən sonra real silah və sursatlardan istifadə edərək adanın ətrafında hərbi təlimlərə başlayıb.
Avqustun 30-da keçmiş Sovet İttifaqının sonuncu prezidenti Mixail Qorbaçov vəfat edib. Həmin gün Venesuelada məşhur inqilabçı lider Ernesto Çe Gevaranın oğlu Camilo Gevara da 60 yaşında dünyasını dəyişib.
Sentyabr:
Sentyabrın 8-də İngiltərə kraliçası II Yelizaveta 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Kraliçanın ölümü ilə bağlı fanatlar yas tutarkən, bəzi ölkələrdə matəm elan olunub. Kraliça Elizabetin dəfn mərasiminə qədər saxlanıldığı Westminster sarayındakı tabutunu 250 minə yaxın insan ziyarət edib. II Yelizavetanın rəsmi dəfn mərasimi sentyabrın 19-da tarixi Westminster Abbey kilsəsində dünyanın bir çox yüksəksəviyyəli dövlət rəsmilərinin iştirakı ilə keçirilib. Kraliçanın ölümündən sonra onun 73 yaşlı oğlu Çarlz taxta çıxıb.
Sentyabrın 13-də İranın paytaxtı Tehranda "əxlaq polisi" kimi tanınan İrşad patrul qrupları tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin təcridxanada həlak olması səbəbindən sentyabrın 16-da ölkədə etirazlar aksiyalarına start verilib. Rəsmi mənbələr aylardır davam edən etiraz aksiyalarında yüzlərlə insanın öldüyünü bildirir, lakin ölənlərin sayı barədə dəqiq məlumat verilmir. Qərargahı Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı noyabrın 22-də nümayişlərdə 416 nəfərin öldüyünü açıqlayıb. Avropa İttifaqı sentyabrın 25-də etirazları yatırmaq üçün zorakılığa yol verməməyə və ictimai internetə çıxışa icazə verməyə çağırıb. Aminin ölümü dünyanın bir çox şəhərində etiraz aksiyası keçirib.
Sentyabrın 3-da Burkina Fasoda hərbçilər ölkədəki təhlükəsizlik vəziyyətini əsas gətirərək hakimiyyəti ələ keçirib. Kapitan İbrahim Traore və tərəfdarları ölkə problemlərində yanvar ayında baş vermiş çevrilişə Damibanın dəstəyinin yetərli olmadığını iddia edərək hökuməti ələ keçirdiklərini, konstitusiyanın fəaliyyətinin dayandırıldığını, ölkə sərhədlərinin bağlandığını, hökumətin buraxıldığını, saat 21.00-05.00 arasında ölkə daxilində komendant saatı elan edildiyini, hər cür siyasi və QHT fəaliyyətlərinin dayandırıldığını açıqlayıblar.
Oktyabr:
Oktyabrın 1-də İndoneziyada futbol matçı zamanı polisin davanı dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə etməsi nəticəsində yaranan izdihamda 133 nəfər həlak olub.
Oktyabrın 24-də İngiltərədə hakim Mühafizəkarlar Partiyasının liderlik yarışında qalib gələn Hindistan əsilli Rişi Sunak ölkənin yeni baş naziri seçilib. Sunak oktyabrın 20-də partiya lideri vəzifəsindən istefa verən Liz Trussı əvəz etmək üçün mübarizə aparıb. Truss 53 günlük hakimiyyətlə ölkədə ən qısa müddətə lider oldu.
Oktyabrın 29-da Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Halloveen tədbirlərində yaranan izdihamda 156 nəfər ölüb. İzdiham Seulun əyləncə mərkəzlərindən biri olan İtaevon rayonunda baş verib. Dar küçədə qalaqlanan və yol kənarındakı tibb işçiləri tərəfindən ürək masajı ilə həyata qaytarılmağa çalışan insanların görüntüləri dünya gündəminə çevrilib. Həyatını itirənlərdən bəzilərinə qəfil ürək dayanması diaqnozu qoyulub.
Noyabr:
Noyabrın 7-də laboratoriyada istehsal olunan qan klinik sınaq çərçivəsində ilk dəfə insana köçürülüb. Transplantasiya İngiltərənin Bristol, Kembric və London alimlərinin ağciyərlərdən bədənə oksigeni daşıyan qırmızı qan hüceyrələri üzərində apardıqları işlər sayəsində baş tutub.
Noyabrın 15-də Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) dünya əhalisinin 8 milyard nəfərə çatdığını bildirib. UNFPA-nın dərc etdiyi hesabata görə, dünya əhalisinin 2030-cu ildə 8,5 milyarda, 2050-ci ildə 9,7 milyarda, 2100-cü ildə isə 10,4 milyarda çatacağı təxmin edilir.
Noyabrın 16-da ABŞ Aerokosmik Agentliyinin (NASA) Aya qayıdış layihəsi çərçivəsində orbitə buraxdığı Orion kapsulu "ən uzaq məsafə" rekordunu qırıb. Bildirilib ki, kapsul təxminən 430 min kilometr yol qət edib və bu, "insanları daşımaq üçün nəzərdə tutulmuş kosmik gəminin səyahət edə biləcəyi ən uzun məsafə rekordu" olub.
Noyabrın 30-da ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Əbu İbrahim əl-Haşimi əl-Qureyşinin ölümündən sonra İŞİD-in başına keçən Əbu əl-Həsən əl-Haşimi əl-Qureyşinin də öldürüldüyünü açıqlayıb.
Dekabr:
Dekabrın 7-də Almaniyada dövlət çevrilişi planlaşdıran qrup üçün təşkil edilən əməliyyatda saxlanılan 25 nəfərdən 8-i həbs edilib. Bir çox əyalətdə həyata keçirilən basqınlarda saxlanılan üçün “terror təşkilatına üzv olmaq və ya dəstək vermək” ittihamı ilə həbs qərarı çıxarılıb. Saxlanılanlar arasında keçmiş hərbçilər də olub.
Dekabrın 7-də Peruda Prezident Pedro Kastillo hökuməti devirməyə cəhddə ittiham etdiyi Konqresi buraxmaq qərarından sonra saxlanılıb. Pedro Kastilyonun Konqres tərəfindən vəzifəsindən azad edilməsindən sonra vitse-prezident Dina Boluarte ölkənin ilk qadın prezidenti kimi vəzifəyə başlayıb. Ölkədə hökumət əleyhinə nümayişlər keçirilib.
Dekabrın 8-də Rusiya ilə ABŞ arasında əsir mübadiləsi həyata keçirilib. Rusiya amerikalı qadın basketbolçu Britni Qrineri, ABŞ isə rusiyalı silah qaçaqmalçısı Viktor Butu azadlığa buraxıb.
Dekabrın 15-də Aİ liderləri Bosniya və Herseqovinaya namizəd statusunun verilməsini təsdiqləyiblər. Aİ-nin genişlənmədən məsul komissarı Oliver Varhelyi qərarın açıqlanmasından sonra verdiyi açıqlamada, "Bu, tarixi bir qərardır. Bosniya və Herseqovinanın gələcəyi Aİ-dədir" deyib.
Dekabrın 18-də Argentina Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalında penaltilər seriyasında Fransanı 4:2 hesabı ilə məğlub edib. Bununla da Argentina 36 ildən sonra yenidən çempionluq kubokunu qazanıb.