Dünya yeni böhran astanasında - Təhlil

13:54 06.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası səbəbindən dünya iqtisadiyyatının sürətlə kiçilməsinin təsirləri artıq qabarıq şəkildə özünü göstərir. Hazırda dünya bazarında qeyri-sabitlik hökm sürür, strateji məhsulların əksəriyyətinin qiyməti sürətlə bahalaşır, bəzi ölkələrin milli valyutaları əhəmiyyətli şəkildə dəyərsizləşir. Görünən odur ki, dünya yeni qlobal böhrana “qapılarını açır”.

Yeri gəlmişkən, “Bloomberg” agentliyinin 2022-ci ildə qlobal iqtisadiyyatın əsas riskləri ilə bağlı proqnozuna görə, bu il bazarlar üçün əsas təhlükə Ukrayna və Tayvanda vəziyyətin qeyri-sabit olmasıdır. Eyni zamanda, koronavirusun “omikron” ştamının yayılması – əgər onun digər ştamlardan daha təhlükəli olduğu ortaya çıxsa, dünya iqtisadiyyatı 4.2 faizə qədər yavaşlaya bilər (bunun əksi baş versə, iqtisadi artım 5.7 faizə çatacaq, çünki dünya “pandemiyadan əvvəlki vəziyyətinə qayıdacaq” və xidmət xərcləri getdikcə bərpa olacaq). Rusiya ilə Ukrayna arasında münasibətlərdə gərginlik isə qazın qiymətinin artmasına gətirib çıxaracaq.

Bu il iqtsadiyyatının əsas riskləri arasında təbii fəlakətlər də var. Bunun ərzaq məhsullarının bahalaşması ilə nəticələnəcəyi proqnozlaşdırılır ki, ötən ildən başlayaraq dünya əhalisi bu sahədə əhəmiyyətli artımların olmasını hiss edir.

Digər tərəfdən, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən baza faiz dərəcəsinin artırılması inkişaf etməkdə olan bazarlardan kapital axınına səbəb olacaq. Tayvan ətrafında hər hansı bir eskalasiya isə Çin və ABŞ arasında müharibəyə səbəb ola bilər. Eyni zamanda sanksiyaların tətbiqi yarımkeçirici istehsalının çökməsi ilə nəticələnə və bütün bazara təsir göstərəcək və.s.

Qeyd olunur ki, buna baxmayaraq, “proqnozlaşdırıcıların əksəriyyəti qiymətlərin aşağı düşəcəyini, hökumətlərin fövqəladə pul-kredit siyasətindən çıxmasını gözləyir”. Aİ-də ölkə liderlərinin həmrəyliyi və tənzimləyicinin siyasəti əvvəllər pandemiyanın nəticələrinin öhdəsindən gəlməyə kömək etsə də, növbəti ildə bu amillərin əhəmiyyəti azala bilər. Çində enerji qıtlığı problemlərinin daha az kəskinləşmə ehtimalı var.

Bəs, görəsən, dünyada baş verən proseslər fonunda Azərbaycan iqtisadiyyatını 2022-ci ildə hansı risklər gözləyə bilər?

Məlumat üçün bildirək ki, Azərbaycan yeni iqtisadi strategiya layihəsi hazırlayıb. Proqnozlara görə, 2022-2026-cı illəri əhatə edən strategiya çərçivəsində dərin şaxələnmə və ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr”in tapılması, özəl və xarici investisiyaların payının artırılması, regionların iş qüvvəsi və bütün resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsi vasitəsilə iqtisadi aktivliyin daha da artırılmasına nail olunacaq.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, hazırda Baş nazirin rəhbərli­yi ilə yaradılmış 10 alt işçi qrupu tərəfindən milli prioritetlər əsasın­da 2022-2026-cı illəri əhatə edən strategiyanın layihəsi hazırlanaraq təqdim olunub: “Strategiya çərçivəsində iq­tisadi artım sürətinin yüksəldilməsi üçün neft gəlirlərindən asılılığın əhəmiyyətli dərəcədə azaldılmasına yönəlmiş yüksək əlavə dəyər yaradan artım modelinin formalaş­dırılması nəzərdə tutulur. Yeni strategiya layihəsi uğurla həyata keçirildiyi təqdirdə, 2022- 2026-cı illərdə ölkədə ÜDM-in orta illik artım tempinin 3,9 faiz, o cümlədən qeyri-neft sektorun­da 5 faiz səviyyəsində formalaş­ması, adambaşına düşən nominal ÜDM-in həcminin hazırkı dövrlə müqayisədə 1,3 dəfə artırılması tə­min olunacaqdır”.

Mikayıl Cabbarov bildirib ki, bu hədəfər ölkə iqtisadiyyatının sürətli artımı üzrə göstəricilərinə uyğundur: "Qeyd etməliyəm ki, növbəti ilin makroiqtisadi proqnozları və dövlət büdcəsinin parametrləri, faktiki olaraq, yeni strateji döv­rün ilk ilinə uyğun qaydada tərtib edilib. 2022-ci ildə ÜDM-in 3,9 faiz, qeyri-neft məhsulları üzrə 4 faiz artımını proqnozlaşdırırıq. Həm­çinin ayrı-ayrı sektorlarda iqtisadi artım gözləntilərimiz vardır. Kənd təsərrüfatında 4 faiz, qeyri-neft sənayesində 8,7 faiz, turizm sek­torunda 48,2 faiz, nəqliyyatda 4,5 faiz, informasiya və rabitədə 9,5 faiz kimi bir artım göstəricilərindən söhbət gedir”.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, hazırda dünyada iqtisadi böhran müşahidə olunur və bu proses davam etməkdədir:

“Bunun da kökündə duran əsas məsələ koronavirus pandemiyasıdır. Pandemiyanın zərərlərinin aradan qaldırılması məqsədilə dünya iqtisadiyyatına aparıcı ölkələr tərəfindən 17 trilyon dollar vəsait buraxılıb. Nəzərə alsaq ki, 2020-ci ildə təxminən dünyanın ümumi daxili məhsulu 80 trilyon dollarlıq həcmdə qiymətləndirilir və bunun üzərinə 17 trilyon dollarlıq əlavə pulun buraxılması təxminən 20-21 faizlik əlavə ÜDM-nin artırılması demək idi. Bunun fəsadlarını biz 2021-ci ildə gördük. Düşünürəm ki, 2022-ci ildə də görəcəyik. Çünki iqtisadiyyata buraxılmış pul kütləsi ilk növbədə iqtisadi aktivliyi artırsa da, lakin bu bütünlüklə real sektora istiqamətlənmədiyindən, qeyri-səmərəsiz istifadə olunduğundan daha çox böhran yaradıb və infilyasiya meyllərini sürətləndirib. Yəni, bu vəsait real sektora ünvanlanmadığından dünyada real olaraq məhsul istehsalı azalmış, hətta taxılın istehsalında belə 2020-ci illə müqayisədə 23 milyon ton az taxıl istehsal edilib. Təsəvvür edin ki, dünya əhalisinin sayı hər il orta hesabla 80 milyon nəfər artır, taxılın həcmi də məntiqi olaraq artmalıdır. Halbuki taxılın həcmi 2020-ci ilin avqust ayına olan statistikaya görə, 760 milyon ton istehsal olunduğu halda, 2021-ci ilin eyni dövründə bu göstərici 737 milyon tona yaxın idi. Yəni, azalma var idi. Bu ildə düşünürəm ki, pandemiyanın mənfi təsirlərini müşahidə edəcəyik. Lakin post-pandemiya dövrü iqtisadi aktivlik bərpa olunduqca, real sektorun göstəriciləri yüksəldikcə fəsadlar əvvəlki illə müqayisədə daha az olacaq. Amma ümumilikdə ərzaq məsələsi ilə bağlı problemlərin yaranacağı gözləniləndir. Biz hazırda bunu taxılda müşahidə edirik və bir ton üçün qiymət 340 dollar ətrafında formalaşır. Ukrayna və Rusiya arasında olan münasibətlərdən dolayı, eləcə də enerji bazarında neftin qiymətinin artması səbəbindən qazın da qiymətində kəskin artımların olacağı gözlənilir. Ola bilsin ki,Avropada müəyyən ölkələr Britaniya kimi Avropa İttifaqından çıxmaqla bağlı qərarlar qəbul etsinlər, daha dəqiq, real addımlar atılsın”.

Dünyada baş verən proseslər fonunda Azərbaycan iqtisadiyyatını 2022-ci ildə hansı risklərin gözlədiyinə gəlincə, iqtisadçı qeyd edib ki, ölkəmiz üçün ciddi risklərin yaranacağı gözlənilən deyil: “”Düşünürəm ki, Azərbaycanda neftin hazırki qiymətləri və işğaldan azad etdiyimiz ərazilərdə ölkəmizin möhkəmlənməsi Azərbaycanda hər hansı ciddi risklərin yaranmasına imkan vermir. Düzdür, işğaldan azad etdiyimiz ərazilərdə Ermənistanla nə qədər k sülh müqaviləsi bağlanmayıb,müəyyən risk faktoru həmişə qalmaqdadır. Sadəcə olaraq indiki geosiyasi vəziyyət Azərbaycanın hərbi,siyasi, iqtisadi və digər üstünlükləri mövcud riskləri qarşılamaq üçün kifayət qədər potensialımızın olduğunu göstərir. Qarşıdakı müddətdə də Azərbaycanın valyuta ehtiyatlarının 53 milyard dolları üstələməsi mövcud risklərin sığortalanması üçün əlavə fürsətlər yaradır. Düzdür, neft qiymətlərinin enəcəyi təqdirdə biz ölkə gəlirlərinin müəyyən dərəcədə azalmasını görə bilərik. Yəni, hazırda ölkə üçün ən böyük risk məhz neft qiymətlərinin aşağı düşməsidir ki, bu zaman gəlirlərin azalması, ölkənin kifayət qədər xərclərinin olduğu təqdirdə müəyyən risk yaradır. Amma qeyd etdiyim kimi, valyuta ehtiyatlarının 53 milyard dollardan artıq olması hətta neft qiymətlərinin ortamüddətli dövr üçün aşağı enməsində belə Azərbaycan iqtisadiyyatının dayanıqlı formada qalmasını təmin edəcəkdir”.