Dünyada ucuzlaşma – Azərbaycan bazarlarına nə vaxtdan təsir göstərəcək?

10:42 12.01.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son on aya yaxındır ki, dünyada ərzaq qiymətləri ardıcıl olaraq ucuzlaşmağa başlayb. Məsələn, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dekabr ayı üzrə qlobal ərzaq qiymətləri indeksini açıqlayıb. Həmin açıqlamaya görə, dünya ərzaq qiymətləri dekabrda əvvəlki ayla müqayisədə 1,9 faiz azalıb. Son bir illə müqayisədə isə qiymətlər 1 faiz aşağıdır. Bununla belə, bütövlükdə 2022-ci ildə ərzaq indeksi orta hesabla 143,7 bənd təşkil edib ki, bu da 2021-ci ilin orta göstəricisindən 14,3 faiz yüksəkdir.

Hesablamaalara əsasən, bitki yağları noyabrdan 6,7 faiz azalaraq 2021-ci ilin fevral ayından bəri ən aşağı səviyyəyə çatıb. Bitki yağlarının qiymətləri dekabrda qlobal idxalın azalması səbəbindən aşağı düşüb. Taxıl qiymətləri də aşağı düşüb. Belə ki, noyabr ayına nisbətən dekabrda qiymətlər 1,9 faiz azalıb. Bunun səbəbi onunla bağlıdır ki, cənub yarımkürəsində məhsuldarlıq yüksək olduğuna görə taxıl ixracı artıb, Braziliya tərəfdən başlanan rəqabət isə qarğıdalı qiymətinin aşağı düşməsinə səbəb olub. Ətin qiyməti noyabr ayına nisbətən 1,2 faiz azalıb. Ətin qiymətinin düşməsi isə dünyada mal əti və toyuq ətinin ucuzlaşması ilə bağlıdır. Digər tərəfdən, ət qiymətlərinə qlobal tələbin zəif olması təsir göstərib.

FAO-nun baş iqtisadçısı Maximo Torero iki ildən sonra ərzaq qiymətlərində nisbətən sabitliyin olmasını müsbət hesab edib. Onun fikrincə, lakin dünyada qida təhlükəsizliyi məsələsi çox diqqətdə saxlanılmalıdır. Çünki ərzaq qiymətlərinin yüksək səviyyədə qalması, bir çox əsas məhsulların rekord həddə çatması, gələcək tədarüklərlə bağlı hələ də bir çox risklər bunu vacib edir.

Qeyd edək ki, dünyada ərzaq məhsullarında müşahidə edilən ucuzlaşma Azərbaycanda hələlik hiss olunmur. Halbuki Azərbaycanda ərzaq qiymətlərində bahalaşmanı adətən dünya bazar qiymətlərindəki artımla əlaqələndirirlər. Lakin bu gün görünən odur ki, dünya bazarında bir sıra məhsullarda ucuzlaşma baş versə də, ölkəmizdə mövcud qiymətlərdə bunu müşahidə etmək mümkün deyil. Əksinə, bahalaşma davam etməkdədir. Azərbaycanda son aylarda unun qiymətinin  ucuzlaşdığı bildirilir ki, bu da 2022-ci ildə iki dəfə bahalaşan un və un məmulatlarının qiymətinə hələlik heç bir təsir göstərməyib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,5 faiz qalxıb. Noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna yarmasının, makaron məmulatlarının, peçenyenin, mal və toyuq ətinin, balıq konservlərinin, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, qarğıdalı yağının, bananın, xiyarın, pomidorun, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, ucuzlaşma isə əsasən narın, heyvanın, xurmanın, almanın, naringinin, limonun, kələmin, çuğundurun, sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bəs dünyadakı ucuzlaşmanın Azərbaycan bazarlarında təsiri nə vaxtdan hiss ediləcək? Ümumiyyətlə, bu il ərzində ölkəmizdə qiymətlərin ucuzlaşmasını gözləmək olarmı? 2023-cü ildə yerli istehsalda zəruri ərzaq məhsullarının payını artırmaq mümkün olacaqmı?

Mövzu ilə bağlı fikirlərini bölüşən iqtisad elmləri doktoru, professor Əli Əlirzayev deyir ki, dünyada gedən ucuzlaşmanı Azərbaycanda da müşahidə etmək üçün xeyli müddət lazımdır:

“Qiyməti formalaşdıran aparıcı məhsullar var. O məhsulları hansı ölkə alırsa, onların ixrac etdiyi məhsulların da qiyməti artmalıdır. Bunlardan biri də neftdir. Dünyada neftin qiymətinin qalxması qiymətlərə təsir edir. Ola bilməz ki, sən baha qiymətə neft alasan, ərzağı ucuz satasan. Azərbaycan istehsalında da tələb var, amma təklif yoxdur. Bu da təbii olaraq qiymətlərin qalxmasına təsir edir. Bazarda olan məhsulun alıcısı çoxalırsa, onun qiyməti də qalxmalıdır. Bu səbəbdən düşünürəm ki, Azərbaycanda hələ qiymətlər uzun müddət dəyişməyəcək”.

Mütəxəssis vurğulayıb ki, hazırda məqsəd qiymətləri ucuzlaşdırmaq deyil, olduğu kimi saxlamağa nail olmaqdır: “Çünki qiymətlər müəyyən səviyyəyə qalxandan sonra onu aşağı düşürmək mümkün deyil. Yalnız bahalaşma prosesinin qarşısını almaq olar. Biz də ucuzlaşdırmağa deyil, bahalaşmanın qarşısını almağa, hazırkı qiymətləri olduğu kimi saxlamağa çalışmalıyıq”.

Mövzu ilə bağlı Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli isə bizimlə söhbətində deyib ki, dünyada baş verən  ucuzlaşma Azərbaycana təsir edəcək səviyyədə deyil:

“Dünyada taxıl və bitki yağlarından başqa ərzağın ucuzlaşması əsasən yay aylarında müşahidə edildi. Payız ayları gəldikcə bu ucuzlaşma tempi tədricən aşağı düşür. Bu gün dünyada ucuzlaşma ciddi xarakter daşımır və 2-3 faiz təşkil edir. Ancaq dünya bazarında gedən prosesin Azərbaycan bazarına təsirinə gəldikdə isə hazırda dünyada 10-15 faiz ucuzlaşma baş versə belə, o ölkəmizə gec təsir edəcək. Çünki bunun təsir mexanizmi yoxdur. Bu gün Azərbaycanda idxal-ixaracatda, həm də yerli istehsalı monopoliya var. Yəni monopolist istəsə qiyməti ucuzlaşdıra bilər. Bu il Azərbaycan hökumətinin bir sıra məhsulların ƏDV-dən azad edilməsi ilə bağlı gördüyü tədbirlər vardı. Məsələn, yayda heyvan yemlərini ƏDV-dən azad etdilər ki, bu da 18 faiz ucuzlaşma demək idi. Ancaq biz bunun əksini müşahidə elədik. Yem bahalaşdı və onun fonunda ət də bahalaşdı. Azərbaycan hökumətinin özünün atdığı addımlar səmərə vermədi. Çünki inhisarçı bazarda sahibkarın mənfəət götürməklə bağlı düşüncəsi yalnız qiyməti artırmaqdır. Rəqabətli bazarda rəqiblərin təzyiqi ilə qiymət optimallaşır. Ancaq inhisarçı bazarda isə inhisarçının qarşısında qiyməti bahalaşdırmaq üçün heç bir maneə yoxdur. Ona görə də inhisarçı bazarın sahibkarı qiyməti artırmağa meyillidir. Bəzən süni bahalaşma ilə bağlı kampaniya aparırlar. Ancaq əslində hökumətin təsir mexanizmi yoxdur, yalnız inzibati qaydada sahibkara təzyiq edə bilər".

Ekspert deyir ki, əslində bazar iqtisadiyyatına keçid dövrü bitib və artıq hökumət sahibkara qiymət diqtə etməməlidir: "Ancaq məsələ ondadır ki, bazar iqtisadiyyatı modeli fəaliyyət göstərən ölkədə monopoliya, inhisarçılar da olmamalıdır. Hökumət əslində bu inhisarçılara qarşı mübarizə aparmalıdır ki, bazarın, məsələn, 5 faizindən çoxu heç bir sahibkarın nəzarətinə keçə bilməz. Bununla bağlı qanun qəbul olunmalıdır. Azərbaycanda isə "Rəqabət haqqında" Qanunda isə göstərilir ki, bazarın 30 faizindən artığı bir sahibkarın əlində cəmləşə bilməz. Bu da çox böyük paydır. Ölkədə inhisarçılığı hökumət aradan qaldırmalıdır və bu zaman heç bir sahibkara qiymətə görə təzyiq etməyə ehtiyac yoxdur. Rəqabətli bazar yaranacaq və ədalətli bazar formalaşacaq. Rəqabətli bazarda sahibkar qiyməti ucuzlaşdırmaq üçün imkanlar axtarır. İndi ölkədə alıcı uğrunda mübarizə yoxdur. Ona görə dünya bazarında gedən proseslər Azərbaycanın daxili bazarına operativ olaraq təsir edə bilmir".

Ekspert hesab edir ki, bu il Azərbaycanda yerli istehsalın artırılması istiqamətində də ciddi dəyişiklik gözlənilmir: “Bu il də yerli bazarlar xarici məhsullardan asılı olacaq. Çünki ərzaq məhsullarının ən böyük bazası kənd təsərrüfatıdır. Keçən il kənd təsərrüfatına  997 milyon manat vəsait ayrılmışdı. Bu il 1 milyard 200 milyon manat vəsait ayrılıb. Vəsaiti təxminən 200 milyon manat artırıblar və buna baxmayaraq subsidiya mexanizminə heç bir dəyişiklik edilməyib. Birincisi, bu vəsait çox kiçik vəsaitdir. Məsələn, İsraildə 10 milyon əhali var, münbit torpaq sahələri bizim torpaqların 2\3-si, su ehtiyatları isə 1\5-i qədərdir. İsrail əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını 90 faiz ödəyir. Bununla belə İsrail hökuməti 2023-cü ildə büdcədən bu sahəyə 5 milyard dollar vəsait ayırıb. Azərbaycanda da 10 milyon əhali var, münbit torpaq sahələrimiz İsraildən 60 faiz çoxdur, su ehtiyatlarımız 5 dəfə çoxdur. Amma buna baxmayaq biz kənd təsərrüfatı məhsullarına olan təlabatımızın ən yaxşı halda yarısını ödəyirik”.