ABŞ-ın “İnsider” xəbər saytı dünyanın 7 ən böyük həbsxanası və onların şəraiti haqqında yazıb.
Hafta.az-ın yazdığına görə, həmin həbsxanalar aşağıdakılardır:
“New Bilibid” - Filippin
Muntinlupa şəhərində yerləşən və 12 min nəfərin yerləşdirilməsi üçün nəzərdə tutulan həbsxanada hazırda 36 min məhbus saxlanılır.
CNN-in Filippin ofisi bildirib ki, ötən ilin yanvar-noyabr aylarında həbsxanada hər ay 16 məhbus ölüb.
Filippin Universitetinin hazırladığı hesabatda bu sıxlıqdakı həbsxanada 80-100 məhbusun 10 nəfər üçün nəzərdə tutulmuş kameralarda yatmalı olduğu qeyd edilib.
“La Esperanza” - El Salvador
33 min məhbusun saxlandığı “La Esperanza” dünyanın ən izdihamlı həbsxanalarından biridir.
ABŞ-da yerləşən Human Rights Watch (HRW) təşkilatı Nayib Bukelenin rəhbərlik etdiyi bu ölkədəki həbsxanalarda vəziyyətin pisləşməsinə diqqət çəkib. HRW-nin yanvar ayındakı hesabatında, həmçinin keçən ilin mart-avqust ayları arasında 32 məhbusun öldüyü, onların əksəriyyətinin məhz “La Esperanzada” olduğu qeyd edilib.
Həbsxananın əslində 10 min nəfərlik tutumu var.
“Mərmərə” həbsxanası – Türkiyə
2008-ci ildə qurulan və daha sonra “Mərmərə” həbsxanası adlandırılan Silivri həbsxanası da “İnsider”in siyahısına daxil edilib.
Xəbərdə, 11 min nəfərlik tutumlu “Mərmərə” həbsxanasında təxminən 22 min məhbusun qaldığı bildirilib. Burada 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddə rol oynadıqları üçün həbs cəzası alan bir çox şəxsin saxlanildiği da diqqətə çatdırılıb.
“Tihar” həbsxanası - Hindistan
Hindistanın paytaxtı Yeni Dehlidəki “Tihar” həbsxanası Cənubi Asiyanın ən böyük həbsxanasıdır. 10 min 26 nəfərlik həbsxanada təxminən 20 min məhbus saxlanılır.
Urumçi həbsxanası - Çin
Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsinin paytaxtı Urumçidəki 3 saylı təcridxanada ən azı 10 min məhbus var. Lakin Pekin administrasiyasının məxfilik siyasətinə görə bu təcridxanada və ya Çindəki digər həbsxanalarda ümumilikdə neçə nəfərin olduğu məlum deyil.
Təxminən 97 hektar ərazidə yerləşən Urumçi Təcridxanasındakı məhbusların əksəriyyətinin uyğurlar olduğu güman edilir.
İnsan haqları təşkilatları iddia edir ki, bölgədə 1 milyona yaxın insan məcburi şəkildə konsentrasiya düşərgələrinə və həbsxanalara yerləşdirilir. ABŞ da uyğurlara münasibəti “soyqırım” kimi xarakterizə edir. Pekin administrasiyası isə iddiaların həqiqəti əks etdirmədiyini bildirir.
Harris County Penitensiar - ABŞ
Texas ştatının Hyuston şəhərində yerləşən Harris County Penitensiarında təxminən 10 min məhbus var. Ötən il həbsxanada pis şəraitin yaratdığı epidemiyalar nəticəsində 28 məhbus həyatını itirib. Bu ilin fevral ayında daha 4 məhbus dünyasını dəyişib.
Terror cinayətlərinə görə həbsxana - El Salvador
Ölkənin paytaxtı San Salvadordan 74 kilometr aralıda - San Vinsente vadisində yerləşən həbsxananın 40 min nəfərlik tutumu var. Dəstə üzvü olmaqda təqsirli bilinən 2 min nəfər fevralda həbsxanaya köçürülüb. Həbsxana tam gücünə çatdıqda, hər məhkuma 0,6 kvadratmetr yer düşəcək.