Dünyanın kor qalan gözü...

12:32 26.10.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

1-ci Qarabağ savaşında 4 il ərzində erməni daşnakları tərəfindən 1 milyondan artıq azərbaycanlı terrora, soyqırıma, etnik təmizləməyə məruz qaldı. Azərbaycanlı olduqları üçün əsirlərin başına min-bir oyun açıldı. İnsanlıqdan kənar, yalnız qanı vəhşı quduz heyvan qanına bulaşanların düşünə biləcəyi işgəncələrlə qarşılaşdı qadınlarımız, qızlarımız, qocalarımız, hərbi əsirlərimiz...

4 il - 1500 gündən də çox bir müddətdə dünya birliyi dediyimiz mənfur aləm bu özbaşınalıqlara göz yumdu, səsini çıxartmadı, insanlarımızın yaddaşında Xocalı kimi acımasız və sağalmaz bir yaranın izlərini buraxdı. Bu yara hələ də qanayır və işğala son qoyulmadıqca qanamaqda da davam edəcək.

1 milyondan artıq qaçqın və məcburi köçkünlərimiz illərlə qışın sazağında, yayın qızmar istisində, payızın yağışında, yazın dolusunda yük vaqonlarında, çadır düşərgələrində, qaranlıq padvallarda yaşamağa məhkum edildi. Dağlıq iqlim şəraitində böyüyən, ömürlərinin çox hissəsini yaylaqlarda keçirən minlərlə yaşlı soydaşlarımız bu iztirablara dözməyərək doğma el-oba həsrəti ilə dünyadan köç etdilər. 5-6 yaşları olan uşaqlar illərlərlə ömürlərinin ən sevinclianlarını kədər, qorxu hissi ilə yaşadılar. Bəli illərlə...

Dünyanın gözü kor qaldığı üçün Azərbaycanın bu insanların qismən də olsa yarasını sarmağa, özünə gəlməyə, güclənməyə, sivil yaşam tərzini bərpa etməyə yenə illərlə zaman tələb olundu. 30 illik bir zaman...

Lakin biz unutmadıq. Qarabağ sevgisini, vətən həsrətini öz qəlbimizdə yaşatdıq, böyütdük, bir gün mütləq o torpaqlara geri qayıdacağımız ümidini itirmədik. Gənc nəslin vətən sevgisi bir sel kimi aşıb daşdı. Bu sel Ali Baş Komandanın 30 ildən sonra Vətən müharibəsinə çağırışı ilə "Qarabağ Azərbaycandır!" sədaları ilə coşub daşdı, mənfur düşməni sürətlə torpaqlarımızdan silib süpürməyə başladı. Çox qısa zamanda 1 ay müddətində 4 şəhərimiz, yüzlərlə kəndimiz düşmən tapdağından azad edildi. Qəhrəman əsgərlərimizin qanı-canı bahasına. Biz "Torpaq uğrunda ölən varsa Vətəndir" deyimini bu 30 gündə bütün Dünyaya nümayiş etdirdik. Üç rəngli, ay-ulduzlu bayrağımızı tariximizin daş yaddaşı olan Xudafərində, Füzulidə, Cəbrayılda, Zəngilanda dalğalandırdıq.

Lakin 4 ildə bizə qarşı edilənlərə göz yuman dünya birliyinin səbri 30 gün işğalçının yalançı fəryadına dözmədi. Hər tərəfdən basqılar, təzyiqlər, çağırışlar... Niyə? Azərbaycan ordusu Ali Baş Komandanının əmri ilə tarix yazır. Beynəlxalq aləmin kağız üstündə qalan bəyanatlarını işğalçını qovmaqla özü reallaşdırır. 1 milyondan artıq vətəndaşının pozulmuş hüquqlarını öz dövlətinin iqtisadi gücü, xalqının həmrəyliyi, əsgərinin qanı-canı bahasına olsa da bərpa edir.

İndi Dağlıq Qarabağda 60-70 min erməninin 30 gün qaçqın həyatı yaşamasına dözə bilmirlər. Lakin bizim 1 milyondan artıq vətəndaşımız bu iztirabı 30 il yaşasa da olar, vətən həsrətimiz, doğma el-oba arzumuz 30 il bizi yandırsa da olar. Nə üçün? Çünki biz erməni deyilik, çünki biz azərbaycanlıyıq. Bizim milli qürurumuz, şərəfimiz və ən əsası haqqı olana haqqını vermək kimi ədalətli yanaşmamız var. Prezidentimizin də dediyi kimi, bizim hədəfimiz işğala son qoymaqdır, kimisə evindən etmək yox. Bir millət olaraq ən böyük sərvətimiz tolerantlığımız etnik zənginliyimizdir. Dünya bunu anlayır, görür, lakin qəbul etmək istəmir. Çünki, Azərbaycan kimi kiçik bir dövlətin dünyanın ən böyük sərvətinə malik olmasını həzm edə bilmirlər.

Gözü kor qalan dünya yenə də bizi haqq işimizdə təkləmək, əzmək və illərlə danışıqlar adı altında aldatmaq, özlərinin yaratdıqları süni "reallığı" zaman keçdikcə qəbul etməyimizi istəyir. Lakin bu dəfə alınmayacaq. Azərbaycan xalqı bu yalanlara, yalançı vədlərə aldanmayacaq. Biz bayramığımızı Şuşada, Laçında, Kəlbəcərdə, Xocalıda, Xankəndində - Dağlıq Qarabağımızın bütün dilbər guşələrində dalğalandıracağıq. Sizə rəğmən, təzyiqlənizə, basqılarınıza rəğmən dalğalandıracağıq. Dünyanın kor qalan gözünü Azərbaycanın şanlı zəfərləri, güclü siyasi iradəsi açacaq.

Oxunma sayı 548
Siyasət rubrikasından digər xəbərlər