Düşmənin atəşi nəticəsində Goranboy rayonunun Aşağı Ağcakənd kənd sakini həlak olub - Baş Prokurorluq

10:30 08.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, işğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla raket və artilleriya mərmilərindən oktyabrın 8-də səhər saatlarından başlayaraq Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub.

Oktyabrın 8-də saat 06 radələrində rayonun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərinə və yaşayış evlərinə, Qaraçinar tam orta kənd məktəbinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.