“Əcdadlarımızın şücaəti bizim üçün hər zaman örnək olacaq” – ÖZBƏKİSTAN PREZİDENTİ

12:15 29.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Hər il Müstəqillik Günü ərəfəsində vətənin azadlığı uğrunda canlarından keçmiş əcdadlarımızın xatirəsinə dualar oxuyuruq. Onların cəzarəti və şücaəti bizim üçün hər zaman örnək olacaq”.

Hafta.az-ın yazdığına görə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün “Şəhidlər Xotirası” xiyabanında Repressiya Qurbanlarının Anım Günü şərəfinə keçirilən ənənəvi mərasimdə çıxışı zamanı deyib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, 100 mindən çox günahsız vətəndaş repressiyaya məruz qalıb, minlərlə insan haqsız ittihamlarla güllələnib, bir çoxları sürgün edilib, ailələr çörəksiz qalıb.

“Bu dərslər bizi bugünkü azadlığı dəyərləndirməyə və müstəqilliyi möhkəmləndirməyə daha da həvəsləndirir” deyən prezident Şavkat Mirziyoyev vurğulayıb ki, son illər xatirələrin əbədiləşdirilməsi istiqamətində xeyli iş görülüb: 1200-dən çox repressiyaya qurbanının adına bəraət verilib, Repressiya Qurbanlarının Xatirə Muzeyi yenidən qurulub və genişləndirilib, bölgələrdə də analoji muzeylər yaradılır. Bu il Cədid Hərəkatının lideri Mahmudxoca Behbudinin anadan olmasının 150 illiyi tamam olur və Buxarada Cədid İrsi Dövlət Muzeyi yaradılır.

Prezidentin sözlərinə görə, ötən ildən oktyabr ayının ilk həftəsi Siyasi Repressiya Qurbanlarının Xatirə Həftəsi kimi qeyd olunur və bu il Anım və Maarifçilik Həftəsi formatında keçirilir.

“Onu dərin məzmunla doldurmaq, hamı üçün əlçatan etmək zəruridir: məktəblərdə və universitetlərdə xüsusi dərslər, televiziya proqramları, gənclər üçün müsabiqələr keçirmək lazımdır. Müstəqilliyin nə qədər böyük dəyər olduğunu, əcdadlarımızın hansı güclü şəxsiyyətlər olduğunu gənc nəslə aşılamaq vacibdir” deyən dövlət başçısı cədidlərin təhsil və mədəniyyətin inkişafına verdiyi töhfələri ayrıca qeyd edib. “Əgər 1920-ci illərdə Almaniyada təhsil alan türküstanlı tələbələr repressiya qurbanı olmasaydı, onlar cəmiyyəti dəyişə bilərdilər. Gənclərin bu nümunələri bilməsi və qürur duyması vacibdir”, - o deyib.