“Ədalət“çilər birləşməkdən danışır...

15:15 06.02.2007
Yazını böyüt
Yazını kiçilt
Böyük Quruluş Partiyası (BQP) Ədalət Partiyası ilə birləşmək niyyətindədir. Hər iki partiya rəsmiləri siyasi təşkilatların vahid qurumda birgə fəaliyyətinə təfədardır. Ədalət Partiyasının mətbuat xidmətinin rəhbəri Elxan Şükürlünün sözlərinə görə, təkliflərin reallaşıb-reallaşmayacağı haqda konkret fikir söyləmək çətin olsa da, siyasilər bir partiyada fəaliyyət göstərməyə meylli olduqlarını bəyan ediblər. Lakin həm BQP-də, həm də Ədalət Partiyasının üzvləri sırasında birləşmənin əleyhinə çıxanlar mövcuddur. E.Şükürlü bildirdi ki, bütün istisnalar nəzərə alınmaqla azlıq çoxluğun mövqeyi ilə razılaşmalı olacaq. Bu məsələ hələlik müzakirə predmeti olduğundan hər bir siyasi təşkilat öz qərarını yaxın günlərdə verəcək: “Böyük Quruluş Partiyasının “Ədalət“lə birləşməsi təklifini ilk olaraq mən irəli sürmüşəm. Hesab edirəm ki, hər iki siyasi təşkilat birləşmiş şəkildə fəaliyyət göstərə bilər“.
E.Şükürlü yeni təklifinin geniş rezonans doğurduğunu söyləyərək birləşməyə tərəfdar qismində çıxış edənlərin üstünlük təşkil etdiyini dilə gətirdi. Maraqlıdır, partiyalar birləşsə, yeni siyasi təşkilata kim rəhbərlik edəcək? “Ədalət“ rəsmisi bu suala da cavabın tapıldığını dedi: “Mənim təklifim bundan ibarətdir ki, siyasi təşkilatlar birləşsə, yeni yaradılacaq partiyanın adı Ədalət olsun. Həmin siyasi təşkilatın sədri isə millət vəkili Fazil Qəzənfəroğlu seçilsin“. Təşəbbüsünü bir neçə variantda hazırladığını söyləyən mətbuat xidmətinin rəhbəri bütün işlərin ölçülüb-biçildiyini, məsələnin isə yalnız səsverməyə çıxarılmasına ehtiyac olduğunu vurğuladı: “Birləşməyə dair iki-üç variant var. Təşəbbüslərdən biri ondan ibarətdir ki, İlyas İsmayılov yeni yaradılacaq partiyanın lideri, Fazil Qəzənfəroğlu isə sədri olsun. Amma onu da qeyd edim ki, bu təşəbbüs bizim tərəfdən irəli sürüldüyündən hələlik Fazil Qəzənfəroğlunun özü ilə hər hansı danışıqlar aparmamışıq“. Ədalət Partiyasının növbəti qurultayının yaxın aylarda keçiriləcəyini söyləyən E.Şükürlü məsələnin ali toplantıya qədər aydınlaşacağını xəbər verdi. O qeyd etdi ki, “Ədalət“lə BQP-nin birgə fəaliyyət mexanizminin gələcək formatına bir neçə gündən sonra aydınlıq gətiriləcək: “Siyasi təşkilatların koalisiya şəklində, blok formasında və ya vahid partiyada əməkdaşlıq etməsi məsələsi bir neçə gündən sonra məlum olacaq. O da mümkündür ki, vahid partiyanın yaradılması ideyası reallaşmasa, partiyalar yeni blokun təsis edilməsi məsələsinə baxsınlar“. Qeyd edək ki, BQP-yə Ədalət Partiyasının qərargahında yer ayrılıb. “Ədalət“ rəsmisi Azadlıq Partiyası ilə birləşmək məsələsi ətrafında müzakirələrin başlandığını söyləyərək bir neçə predmet üzərində danışıqların getdiyini bildirdi: “Partiyaların müvafiq qurumları bu məsələni müzakirə edir. Yekun qərarı Təşkilat Komitəsinin üzvləri verəcək. Burada əsas söhbət hansı formanın üzərində dayanmaqdan gedir“.
BQP sədri Fazil Qəzənfəroğlu isə E.Şükürlüdən fərqli fikirlər səsləndirdi. O qeyd etdi ki, bu məsələnin qabardılmasında mətbuat xüsusi rol oynayır: “Hazırda gündəmdə partiyaların birləşməsi məsələsi yoxdur. Bu, sadəcə, bəzi partiya rəsmiləri tərəfindən irəli sürülən təkliflər formasında özünü büruzə verir. Hər iki siyasi təşkilat müttəfiq olsa da, bunlar bir-birindən fərqlənən ayrı-ayrı partiyalardır. Biz qurultayımızı yenicə keçirmişik. Amma hesab edirəm ki, Ədalət Partiyası ilə blok yarada bilərik. Çünki qarşıdan 2008-ci ilin növbəti prezident seçkiləri gəlir. Buna görə “Ədalət“lə eyni birlikdə təmsil olunma ehtimalı var“.
Anar
Oxunma sayı