Əfqanıstan BMT Baş Assambleyasının sentyabrda keçiriləcək 79-cu sessiyasında iştirak edə bilməyəcək, çünki ölkənin yeni hökumətinə hələ BMT-də yer verilməyib.
Hafta.az-ın yazdığına görə, bu barədə Qətərdəki Taliban siyasi bürosunun rəhbəri Süheyl Şahin məlumat verib.
Dekabrın əvvəlində BMT-nin xüsusi komitəsi hazırkı Əfqanıstan hökumətinə təşkilatda yer verilməsi qərarını təxirə salmışdı. Kabilin hazırkı hakimiyyəti komitənin bu qərarını qanunsuz hesab edib.
“Biz iştirak etmək istəyirik və bu bizim haqqımızdır. Biz BMT-nin Etimadnamələr Komitəsindən Əfqanıstanın BMT-dəki yerini Əfqanıstan İslam Əmirliyi hökumətinə verməsini tələb edirik. Bu, hətta xarici qoşunların Əfqanıstandan çıxarılmasından sonra da baş vermədi”, - Şahin deyir.
2021-ci il avqustun əvvəlində Taliban Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirdi, avqustun 15-də Kabilə daxil oldu və ertəsi gün müharibənin bitdiyini elan etdi. Avqustun son iki həftəsində Amerika hərbçilərinin himayəsində olan Kabil hava limanından Qərb ölkələrinin vətəndaşlarının və onlarla əməkdaşlıq edən əfqanların kütləvi şəkildə təxliyyəsi həyata keçirilib.
Avqustun sonunda Amerika hərbçiləri Kabil hava limanını tərk edərək, Amerika hərbçilərinin Əfqanıstanda təxminən 20 illik əməliyyatına son qoydular.