Əfqanıstanda TAPI qaz kəmərinin tikintisinə başlanılıb

09:30 04.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Taliban” TAPI qaz kəmərinin Əfqanıstan hissəsinin tikintisinə start verib.

Hafta.az-ın “ArianaNews”a istinadən yazdığına görə, bu haqda məlumatı “Taliban”ın rəsmi nümayəndəsi Zabihullah Mücahid məlumat verib. Onun sözlərinə görə, layihənin həyata keçirilməsi üçün lazım olan texniki avadanlıq Əfqanıstanla Türkmənistan arasındakı sərhəd zonasına çatdırılıb və artıq əməli işlərə başlanılıb.

"Bu layihənin müxtəlif bölmələri üzərində çox sayda mütəxəssis işləyir və onun birinci mərhələsi yaxın iki ildə tamamlanacaq", - Mücahid bildirib.

O əlavə edib ki, yaxın vaxtlarda CASA-1000 layihəsi üzrə Mərkəzi Asiya - Cənubi Asiya regional elektrik ötürücü xəttinin icrasına başlanılacaq.

Əfqanıstan hökuməti “Tacikistanla yaxşı münasibətlər” qurmaq niyyətində olduqlarını açıqlayıb. "Əfqanıstan tədricən güclənəcək və ölkə vətəndaşları yaxşı iş yerləri ilə təmin olunacaqlar", - Mücahid vurğulayıb.

Ekspertlər həmçinin TAPI-nin region iqtisadiyyatının inkişafında mühüm rol oynayacağına inanırlar. O cümlədən, onun tikintisi başa çatdıqdan sonra 12 min insan işlə təmin olunacaq, ölkənin illik gəliri isə 1 milyard dollar artacaq.

TAPI Türkmənistan – Əfqanıstan – Pakistan - Hindistan qaz kəmərinin tikintisi layihəsidir. Onun uzunluğu 1840 kilometr olacaq. Layihə türkmən qazının Əfqanıstan vasitəsilə Pakistan və Hindistan bazarlarına çatdırılmasını nəzərdə tutur. Türkmənistan ərazisində 214 kilometrlik hissənin tikintisi artıq başa çatıb. Növbəti sırada Əfqanıstandan boruların çəkilməsi nəzərdə tutulur. Layihənin ümumi dəyəri 10 milyard dollar qiymətləndirilir.