Əfqanıstanın ticarət naziri Hindistana səfər edib

13:35 20.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstan İslam Əmirliyinin Sənaye və Ticarət naziri Nurəddin Əzizi yüksək səviyyəli nümayəndə heyəti ilə Hindistana səfər edib. Onu Yeni Dehlidə Hindistan Xarici İşlər Nazirliyinin rəsmiləri qarşılayıb.

Hafta.az-ın yazdığına görə, səfər zamanı aparılan danışıqların əsas mövzusu iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət əlaqələrinin asanlaşdırılması, birgə investisiya sahələrinin açılması və Əfqanıstanın regional ticarət yollarında rolunun gücləndirilməsi olacaq.

Səfərin məqsədi ilə bağlı Əzizi deyib: "Hindistan həmişə Əfqanıstan məhsullarını alqışlayıb. Biz bu ölkə ilə bu ticarəti genişləndirmək və onu normal və davamlı etmək istəyirik".

Səfər Əfqanıstanın quru yollarından, xüsusən də Pakistan vasitəsilə asılılığını azaltmağa və regional tranzit şəbəkəsini genişləndirməyə çalışdığı bir vaxta təsadüf edir. Əzizi əlavə edib ki, Pakistan və Hindistanla ticarət əlaqələri bəzi çətinliklərlə üzləşib və ticarəti artırmaq üçün, xüsusən də Çabahar limanı vasitəsilə yeni yollar axtarırlar.

İqtisaçı ekspertlər hesab edirlər ki, Kabillə Yeni Dehli arasında iqtisadi əlaqələrin gücləndirilməsi Əfqanıstanın Pakistan bazarlarından asılılığını azaldacaq, regional əməkdaşlıqda yeni bir fəsil açacaq. Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, Əfqanıstan nümayəndə heyəti səfər zamanı Hindistanda keçiriləcək ticarət sərgisində iştirak edəcək, hər iki ölkənin xarici işlər və ticarət nazirləri, eləcə də treyderlər, investorlar və özəl sektor nümayəndələri daxil olmaqla, yüksək vəzifəli Hindistan rəsmiləri ilə görüşlər keçirəcək.