Əgər Rusiya sülhməramlıları bu erməniləri köçürdə bilməsə, bunu bizim silahlı qüvvələrimiz edəcək - hərbi ekspert

12:16 07.07.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Yeni Laçın yolunun güzərgahının tamamlanması ilə əlaqədar yolun ətrafındakı kəndlərdə, xüsusən də Zabux kəndinə məskunlaşmış ermənilərin etiraz etməsinin heç bir əsası yoxdur. Bu yolun təhvil verilməsi və Laçın ərazisindəki kəndlərdə yaşayan ermənilərin köçürülməsi 10 noyabr üçtərəfli bəyanatda öz əksini tapıb.

Bu fikirləri hafta.az-a hərbi ekspert Elxan Şıxəliyev deyib:  

“Ermənilərin o ərazilərdə qalması “Laçın dəhlizi” dediyimiz yolun Laçın şəhərinin içərisindən keçməsi ilə mümkün olurdu. Təzə yol, Laçın şəhərinə girmədən birbaşa Xankəndinə gedəcək nəqliyyat yolu olacağından artıq Laçın rayonu ermənilər yaşadıqları ərazilər də daxil bizə təhvil verilməlidir.

Mövcud vəziyyəti Laçında qalıb yaşayan ermənilərin düşüncələri səviyyəsində qiymətləndirməyimiz düzgün deyil.  Hansısa bir erməninin, yaxud kəndin bələdiyyəsinin “biz burdan çıxmayacağıq” , deməsi cəfəngiyyatdır və bir az da çarəsizlik sindromudur. 

Erməni əsilli əhalinin o ərazidən çıxmasını təmin edəcək qüvvə elə ərazidəki sülhməramlıdır. Tərəflərin qəbul elədiyi müddüəlara əsasən ermənilər müvəqqəti yerləşdikləri yaşayış məntəqələrini tərk etməlidir.

Ermənilərin Ermənistana doğru hərəkəti yeni yolla təmin olunur. Bu yolun təhlükəsizliyi sülhməramlıların bu bölgədə qaldığı müddətdə onlar tərəfindən müşayət olunacaq. Ona görə də hesab edirəm ki, ermənilərin Laçında qalmaq üçün müharibə edəcəkləri ilə bağlı bəyanatları qeyri-ciddidir. Ona görə ki,  öhdəlik yerinə yetirilməlidir. Əgər Rusiya sülhməramlıları bu erməniləri köçürdə bilməsə, bunu bizim silahlı qüvvələrimiz, dövlət orqanlarımız özü edəcək. Ermənilər bu prosesdə Azərbaycan silahlı qüvvələrinə, polisinə qarşı müqavimət göstərmək istəsələr, biz də öz öhdəmizə düşən işi görəcəyik. Ona görə də biz Laçında yaşayan hansısa erməninin belə çıxışlrından narahat olmalı deyilik. Ermənilər zamanında Kəlbəcərdən, Ağdamdan, Laçının digər kəndlərindən də çıxmaq istəmirdilər. Yəqin ki, yenə də öz xoşları ilə getməsələr, bunu məcburetmə əməliyyatları ilə həyata keçirəcəklər. Hər halda yeni yolun açılmasının vaxtı göstərilib. Ermənilər Laçını təhvil verməlidir.

Bu prosesin üzərindən hər hansı yeni müharibə olmayacaq.  Artıq Ermənistanın baş naziri də bu yöndə çıxış edərək “əhali köçürülməlidir” deyir. Əslində orda qalan ermənilər Rusiya sülhməramlılarına xidmət göstərən bir kateqoriyaya aiddir.

Ermənilər gündəmi dəyişmək  üçün nəsə deyə bilərlər, gündəmi dəyişməyə çalışarlar, amma arxalarında  düşündükləri kimi nə hərbi, nə də iqtisadi gücləri mövcuddur. Revanşist qüvvələrin avantürüst bəyanatları keçmişdə qaldı. Onların bəyanatlarını əsaslandıracaq heç bir real qüvvələri yoxdur. Xüsusən də komando briqadalarımız bu ərazilərə bir nəfəs qədər yaxındırlar. Ona görə də gələcəyə baxacağıq. Üçtərəfli sazişdə Azərbaycanın lehinə nə yazılıbsa, hamısı həyata keçəcək”.

Oxunma sayı 166
Siyasət rubrikasından digər xəbərlər