Bu gün Bakıda Əlcəzair 1 noyabr 1954-cü il İnqilabının 68-ci ildönümü qeyd olunub.
Hafta.az-ın yazdığına görə, dövlət və hökumət rəsmilərinin, diplomatik korpusun, millət vəkillərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycan və Əlcəzairin dövlət himnləri səsləndirilib. Daha sonra çıxış edən Əlcəzairin ölkəmizdəki səfiri Abdelouahab Osmane, futbol üzrə 22-ci Dünya Çempionatının keçirildiyi bu xüsusi günlərdə vaxt ayırıb Əlcəzair inqilabının 68-ci ildönümünü onlarla birlikdə qeyd etmək üçün gələn qonaqlara təşəkkür edib.

“Heç şübhəsiz ki, 1 noyabr 1954-cü il şanlı Əlcəzair inqilabının başlanması 1830-cu ildən etibarən müstəmləkəçi Fransanın işğalından azad olmaq və milli suverenliyi bərpa etmək uğrunda heç vaxt sönməyən davamlı xalq mübarizəsinin kulminasiya nöqtəsi olub. Milli mənafe uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimiz və mücahidlərimizin ruhları şad olsun!” deyən səfir qeyd edib ki, azadlıq müharibəsi idealları, yəni müstəqillik, milli suverenlik, ədalət, sülh, həmrəylik, dostluq, qarşılıqlı hörmət və milli qürur kimi prinsiplər bu gün də müstəqil Əlcəzairdə rəhbər tutulur.
Səfir bildirib ki, Əlcəzair öz strateji coğrafi mövqeyi, təbii sərvətləri, siyasi sabitliyi və ixtisaslı insan resursları kimi potensialları ilə tanınmış ölkə olaraq davamlı böyüməni və inkişafı təmin edəcək iddialı proqramlar həyata keçirməkdədir. İqtisadiyyatın şaxələndirilməsi, enerji keçidinin sürətləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, iqlim dəyişikliyinə səbəb olan amillərin təsirinin azaldılması Əlcəzair hökumətinin fəaliyyətinin prioritetləri sırasındadır.
Diplomat qeyd edib ki, xarici siyasətdə Əlcəzair dövlətinin öhdəlikləri hamıya məlumdur: Əlcəzair beynəlxalq sülh, təhlükəsizlik və davamlı inkişafa öz töhfələrini verməyə davam edəcək.
Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirildiyini xatırladan cənab Osmane bildirib ki, bu mühüm diplomatik tədbirin əhəmiyyəti BMT baş katibinin, Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin, Afrika İttifaqının sədri və İqtisadi Əməkdaşlıq Təşkilatı Baş katibinin fəxri qonaqlar qismində iştirakları ilə daha da artıb.

“Cənab Prezident İlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib, Muzeyin Xatirə kitabını imzalayaraq yazıb: “Qardaş Əlcəzair xalqına dərin ehtiram əlaməti olaraq ilk dəfə Əlcəzair Xalq Demokratik Respublikasına səfər etmək və Milli Mücahidlər Muzeyinə gəlmək mənim üçün böyük şərəfdir”. Biz bu tarixi səfərə görə cənab Prezidentə minnətdarıq”, - səfir deyib.
Cənab Osmane bildirib ki, Əlcəzair 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. O, Əlcəzairin xarici işlər naziri Ramtane Lamamranın bu ilin avqust ayında Azərbaycana işgüzar səfərini iki ölkə arasındakı səfərlərin başlanğıcı adlandırıb. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunan nazir Lamamra Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelməcid Tebbunun salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb. O, səfər zamanı əlcəzairli nazirin Ceyhun Bayramovla görüşdüyünü və ölkələr arasında əməkdaşlığa dair iki sazişin imzalandığını da xatırladıb.
“Bütün sahələrdə əməkdaşlığa dair yeni perspektivlərin açılması, eləcə də məsləhətləşmələrin və koordinasiyanın artırılması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üçün iki ölkənin böyük imkanları və maraqları var. Biz 2023-cü ilin birinci rübü ərzində ilk siyasi məsləhətləşmələrin aparılmasını səbirsizliklə gözləyirik. Həmçinin yaxın gələcəkdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yaradılması, eləcə də İş Adamları Forumunun keçirilməsi üzərində işləyirik. Energetika naziri Pərviz Şahbazov hazırda Əlcəzairdə işgüzar səfərdədir. Cənab nazir əlcəzairli həmkarı ilə məsləhətləşmələr aparıb və indicə enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb” deyən səfir bildirib ki, onlar parlament diplomatiyasının iki ölkəni və xalqı bir araya gətirməkdə oynaya biləcəyi əhəmiyyətini başa düşürlər. Bu səbəbdən də bu il hər iki parlamentdə Dostluq Qruplarının yaradılmasını alqışlayırlar.

Azərbaycan nümayəndə heyəti adından çıxış edən Xarici işlər nazirinin müavini Fariz Rzayev bildirib ki, Azərbaycan dini, tarixi və mədəni dəyərləri ilə bağlı olduğu Əlcəzair Xalq Demokratik Respublikası ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhmiyyət verir. “Ölkələrimiz arasında iki tərəfli və beynəlxalq təşkilatlar müstəisində yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Biz iki ölkə arasında əlaqələri gələcəkdə daha da inkişaf etdirmək əzmindəyik” deyən nazir müavini xatırladıb ki, bir müddən öncə Əlcəzairin XİN başçısı cənab Ramtane Lamamra Azərbaycanda səfərdə olub, prezident İlham Əliyev tərəfindən qəbul edilib, xarici işlər naziri Ceyhun Bayramovla görüşüb, danışıqlar aparıb. “Səfər çərçiəsində iki mühüm sənəd imzalanıb. Bunlardan biri diplomatik pasporta malik Azərbaycan və Əlcəzair vətəndaşlarının vizasız gediş-gəlişinə, ikincisi isə iki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşməyə dair Pratokoldur. Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri olaraq Ərəb Liqasının Əlcəzairdə keçirilən sammitində iştirakı da xüsusi əhəmiyyətə malikdir. Məhz bu gün – 29 noyabr tarixində Energetika naziri Pərviz Şaxbazov Əlcəzairdə səfərdədir və o, neft və qaz sahəsində xüsusi danışıqlar aparıb, bu sahədə anlaşma memorandumu imzalayıb”, - deyib F.Rzayev.
Nazir müaivni çıxışının sonunda qeyd edib ki, Əlcəzair hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib, möqeyini BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və sair kimi beynəlxalq platformalarda açıq şəkildə nümayiş etdirib.
Çıxışlardan sonra tədbir ürək oxşayan ərəb musiqisinin sədaları altında ziyafət masasında davam edib.
P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq başda cənab səfir Abdelouahab Osmane olmaqla Əlcəzair xalqını və dövlətini İnqilab Günü münasibətilə təbrik edirik.