Əlcəzairdə parlament seçkilərinin nəticələri açıqlandı

22:30 15.06.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əlcəzairdə keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb.

Hafta.az-ın yazdığına görə, seçkidə səs çoxluğu ilə qalib gələn Milli Qurtuluş Cəbhəsi parlamentdəki (Milli Xalq Məclisi) 407 kürsüdən 105-ni əldə edib.  Bu barədə mətbuat konfransında açıqlama verən seçkini idarə edən Müstəqil Milli Seçki İdarəsinin (ANİE) sədri Məhəmməd Şerfi bildirib ki, nəticələrə əsasən, Milli Qurtuluş Cəbhəsi ümumi deputat yerlərinin 25,79 faizini qazınıb.

Bundan başqa, Müstəqillər 78, İslam yönümlü Sülh Toplum Hərəkatı 64, Demokratik Milli Birlik Partiyası (RND) isə 57 kürsü əldə edə bilib. Cənab Şerfi əlavə edib ki, o, parlamentdə çoxluğu gənclərin, universitet nümayəndələrinin və qadınların təşkil edəcəyinə əmindir. Onun fikrincə, yeni tətbiq edilən şəffaf siyahı sistemi parlamentdə xalqın ədalətli şəkildə təmin olunmasına şərait yaradıb.

Qeyd edək ki, Əlcəzairdə Milli Xalq Məclisini yenidən formalaşdırmaq üçün iyunun 12-də seçki keçirilib.