Elm və Təhsil Komitəsinin onlayn iclası keçirilib-FOTO

14:30 30.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın  30-da  Milli Məclisin Elm və  təhsil  komitəsinin onlayn formatda iclası keçirilib.

Hafta.az xəbər verir ki, Komitə  sədri Bəxtiyar  Əliyev  əvvəlcə onlayn iclasa  qatılanları  torpaqlarımızın işğaldan  azad  edilməsi  münasibəti ilə  təbrik edib.  O, sentyabrın 27-də  Ermənistanın Azərbaycana  hücumlarına  qarşı əks-hücuma  başlayan  Müzəffər ordumuzun  tarixi  qələbəsindən söhbət  açıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  dövlətçilik  siyasəti,  güclü  iradəsi və əzmi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın sonunda kapitulyasiyaya məcbur  edilməsinin  xalqımıza  xüsusi  qürur yaşatdığını  deyib.  Bəxtiyar Əliyev şəhidlərimizə  Allahdan rəhmət,  yaralı əsgər  və zabitlərimizə  şəfa  diləyib. 

Onlayn iclasda Fransa  Senatının qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması  barədə qəbul etdiyi  qətnamədən, bunun Azərbaycanın tarixi-mədəni irsinin, təbii resurslarının məhv edilməsinə görə Ermənistanı gözləyən  ağır  sanksiyalardan  işğalçı  dövləti qorumaq  cəhdi olduğundan danışılıb.

Sonra  komitədə “Təhsil haqqında” qanun layihəsinə  dəyişiklik edilməsi  barədə məsələ  müzakirə  edilib.  Bəxtiyar Əliyev  qanuna təklif  olunan   dəyişikliklər haqqında geniş məlumat verib. Komitə  sədri bildirib ki,  sənədə  edilən  dəyişikliklər texniki  xarakter  daşıyır,  qanundakı  terminlərin  dəqiqləşdirilməsi,  təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya  sistemlərinin  tətbiqini  nəzərdə  tutur.  Layihədə  təhsil haqqında  dövlət sənədlərinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” üzərindən  formalaşdırılmasının  təklif edildiyi  qeyd  olunub.

Komitə  üzvləri  Musa  Qasımlı, Müşfiq  Məmmədli,  Aqiyə Naxçıvanlı,  Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Ceyhun Məmmədov, Şahin Seyidzadə, Etibar Əliyev sənədlə bağlı fikirlərini bildirib, təkliflərini  səsləndiriblər.

Onlayn iclasda “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə  təhsili haqqında”, “Ümumi təhsil haqqında” qanunlarda  dəyişiklik edilməsi  barədə sənəd  də müzakirə edilib. Bəxtiyar Əliyev qanun layihələrinin  qanunvericiliyin  təkmilləşdirilməsi, peşə  təhsili və ümumi  təhsil  haqqında  dövlət  sənədlərinin müvafiq  qayda ilə  “Təhsil  Mərkəzləşdirilmiş  İnformasiya  sistemi” üzərindən  formalaşdırılması  məqsədilə hazırlandığını diqqətə çatdırıb.

İclasın sonunda qanun layihələrinin Milli Məclisin plenar  iclasına  tövsiyə edilməsi qərara alınıb.

Oxunma sayı 863