Əmlak bazarı zəlzələdən sonra - Aktual

10:52 06.07.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Növbəti təkan baş verərsə, mənzil bazarında alğı-satqı əməliyyatları azalacaq. Bir neçə gün öncə Azərbaycanda baş verən zəlzələ bu mövzunu yenidən aktuallaşdırıb. Hadisə zamanı, xüsusilə çoxmərtəbəli binalarda yaşayan insanların daha çox qorxu və həyəcan keçirmələri bu binaların nə dərəcədə dayanıqlılığı, eyni zamanda, həyət evlərinin təhlükəsiz olması əsas müzakirə edilən mövzulara çevrilib. Hətta həyət evlərinin qiymətinin sürətlə bahalaşacağı, bina evlərinin ucuzlaşacağı qeyd olunur.

Maraqlıdır, bu hadisənin daşınmaz əmlak bazarına hansısa formada təsiri olacaqmı?

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, baş vermiş zəlzələdən sonra hamı həyət evlərinin qiymətindəki dəyişikliklə maraqlanır: “Bildiyimiz kimi, Azərbaycanda zəlzələ qısamüddətli oldu. Hadisə Azərbaycanın şimal bölgəsində daha çox hiss olunduğu üçün paytaxt ərazisində elə də ciddi hiss edilmədi. Zəlzələ paytaxtda, əsasən, hündürmərtəbəli binaların daha yüksək mərtəbələrində hiss olunub. Bununla yanaşı qeyd edim ki, əslində, bir günün içində əmlak bazarında qiymət dəyişikliyi olmur. Hər hansısa dəyişikliyin olacağı da gözlənilmir. Hündürmərtəbəli binaların yüksək mərtəbələrində evlər bir az gec satıla bilər. Səbəb isə alıcıların gözləmə mövqeyi olacaq. Bu da həmin mənzillərin satışına müəyyən problem yarada bilər. Bəzi məlumatlar yayılır ki, həyət evləri zəlzələdən sonra bahalaşır. Bu, yanlış məlumatdır. Onsuz da fərdi evlərə tələbat hər il may ayından başlayaraq sentyabr ayının əvvəlinə, yəni avqust ayının sonuna qədər davam edir ki, bu aralarda da həyət evlərində hər il təqribən 15-20 faiz qiymət artımı baş verir”.

Ekspert qeyd edir ki, ümumiyyətlə, bu aylarda qiymət artımları həyət evlərində həm də torpaq sahələrində baş verir: “Lakin hər hansısa bir fors-major hadisəsi baş verərsə, yəni zəlzələ, təbii fəlakət, kəskin istilər olarsa, o zaman, təbii ki, əmlak bazarında yeni həyət evlərinə olan yeni alıcı kütləsi artır. Bu da tələb artdığı, təklif azaldığı zaman qiymət artımına gətirib çıxara bilər. Məsələn, pandemiyanın kəskin dövründə imkanlı şəxslərin əksəriyyəti bu prosesi rahat şəkildə keçirmək üçün kütləvi şəkildə həyət evləri aldılar. O zaman bazarda müəyyən canlanma müşahidə olundu. Biz ölkə ərazisində ümumi satılan əmlaklara nəzər yetirsək görərik ki, satılan əmlaklar daha çox paytaxt Bakı şəhərində yerləşir. Yəni paytaxt Bakı və Abşeron ərazisində alqı-satqıların həcmi ölkə üzrə bütün alqı-satqılardan daha çox olduğuna görə, zəlzələ elə böyük hiss olunmadığına və hər hansı fəsad törətmədiyinə görə, düşünürəm, bu səbəbdən əmlak bazarında ciddi qiymət artımı baş verməyəcək. Çünki mənzil almaq və ya dəyişmək elə də asan məsələ deyil. Bu qida, geyim deyil ki, istədiyin vaxt ala biləsən. Paytaxtda satılan mənzillərin əksəriyyəti kreditlədir. İnsanlar mənzil əldə etmək üçün illərlə zəhmət çəkirlər”.

Ekspert əlavə edib ki, zəlzələ və yaxud hər hansısa bir təbii fəlakət zamanı daha çox hündürmərtəbəli bina evlərinə tələbat azalır və həyət evlərinə tələbat daha çoxalır: “Lakin ümumən, yay mövsümündə ümumiyyətlə bina evlərinə tələbat az olur. Həyət evlərinə tələbat çox olur. Yəni tələbatın baş vermiş zəlzələ ilə elə bir əlaqəsi yoxdur. Bu, mövsümi xarakter daşıyan prosesdir ki, hər il bu aylarda həyət evlərinə tələbat çoxalır. Biz daha ciddi problemə diqqət yetirməliyik. Bu gün daha ciddi problem Bakıdakı istismar müddətini başa vurmuş binaların və qəzalı fərdi həyət evlərinin olmasıdır ki, bir bal artıq təkanlar olarsa, hamısı dağıla bilər. Hazırda minlərlə istismar müddətini bitirmiş və yüzlərlə qəzalı vəziyyətdə olan çoxmənzilli bina və fərdi həyət evləri var. Xüsusən də bir-birinə yaxın şəkildə tikilmiş yenitikili çoxmənzilli yaşayış kompleksləri var. Ciddi zəlzələ baş verərsə, onların vəziyyəti necə olacaq? Əsas problem budur. Nəzərə alaq ki, bu cür hadisələrdən qorunmaq üçün toplanış meydançaları və sığınacaqlar da yetəri sayda deyil. Əsas problemimiz budur”.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə hesab edir ki, əgər təkanlar davamlı olsaydı, fərdi evlərə tələbat arta bilərdi: “Belə xırda təkanların daşınmaz əmlak bazarına ciddi təsirinin olacağını düşünmürəm. Düzdür, adətən, zəlzələ mənzil bazarına müvəqqəti də olsa təsir edir. Müəyyən müddət mənzil seqmentinə maraq azalır, fərdi yaşayış evlərinə maraq artır. Bunun nəticəsində mənzillər üzrə tələb azalır və qiymət də aşağı enir. İndiki halda ciddi təkan baş vermədiyindən, cəmiyyətdə bununla bağlı fikir yaranacağını, qiymətlərə hər hansı təsir göstərəcəyini düşünmürəm”. 
Ekspertin sözlərinə görə, bir neçə gün ərzində növbəti təkan baş verərsə və bu təkanlar hiss olunarsa, mənzil bazarında potensial alıcı kütləsinin gözləmə mövqeyinə keçməsi və alqı-satqı əməliyyatlarının sayının azalması ilə nəticələnə bilər: “Türkiyədə baş verən zəlzələ Azərbaycanın mənzil bazarına təsir etmişdi. Qısamüddətli dövrdə fərdi yaşayış evlərinə tələb artmışdı. İndi də bu tendensiya davam edir. Düzdür, bu Türkiyə ilə bağlı deyil, çünki mənzillərin qiyməti sürətlə artır. İpoteka üzrə aparılan əməliyyatlarda ucuz mənzillərin sayının azlığı fərdi yaşayış evlərinə tələbi artırıb”.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, zəlzələnin daşınmaz əmlak bazarına qısamüddətli də olsa təsirləri olacaq. Onun sözlərinə görə, Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra da ölkəmizin daşınmaz əmlak bazarında fikir dəyişikliyi formalaşıb: "Zəlzələ kimi təbii fəlakətlərin daşınmaz əmlak bazarına təsiri qısamüddətli olur. İnsanlarda zəlzələnin yaratdığı psixoloji təsir ötəndən sonra qiymətlər yenidən bazar şərtləri əsasında formalaşır. İyulun 4-nə keçən gecə Azərbaycanda baş vermiş zəlzələ də nsanlarda təşvişə səbəb oldu. Zəlzələnin indiki məqamda əmlak bazarına təsiri həyət evlərinə marağı bir qədər artıracaq. Tələbat artdığına görə, həyət evlərinin qiyməti nisbətən bahalaşacaq. Hündürmərtəbəli binalara isə tələbatın azalacağı gözlənilir. Bütün bunlar qısa müddət ərzində baş verəcək".