Epidemioloji vəziyyət nəzarət altında saxlanılır - Yaqut Qarayeva

12:15 06.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən günün statistikasına əsasən ölkəmizdə koronavirusdan sağalanların sayı yeni yoluxanların sayını ötüb. Bu da müsbət dinamikanın göstəricisidir.

Hafta.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva bildirib ki, ən çox yoluxmaların müşahidə olunduğu noyabr-dekabr aylarında aparılan testlər arasında pozitiv nəticələrin payı 30 faizə qədər çatmışdı: "Bundan sonra sərt karantin rejimi tətbiq olundu və yoluxmaların sayı azalmağa doğru getdi. Yanvarın ortalarından başlayaraq mərhələli şəkildə yumşalmalar tətbiq olundu. Yanvarın 18-də isə ölkəmizdə vaksinasiya prosesi başlanıldı. Bundan sonra yoluxmaların sayı artsa da maksimum yoluxma halı 2000-2500 arasında dəyişdi. Həmin vaxt aparılan testlər arasında pozitiv nəticələrin payı 19 faizə çatırdı. Hazırda sərt karantin rejiminə getmədən, sosial həyatda bəzi aktivlikləri saxlayaraq yeni yoluxmaların sayında mərhələli şəkildə enmə müşahidə olunur. Hazırda yoluxma əmsalı 10 faizə yaxınlaşır. Bu da çox yaxşı bir nəticədir. Ölkəmizdə epidemioloji vəziyyət nəzarət altında saxlanılır və müsbət dinamika mövcuddur".

Oxunma sayı 508