Prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə yanğının söndürülməsi üçün amfibiya təyyarələrinin alınması ilə bağlı danışmaq istədiyi bildirilir.
Hafta.az-ın RİA Novosti-yə istinadən yazdığına görə, Ərdoğan Vladimir Putinlə təkbətək görüşdə Rusiya amfibiya təyyarələrinin alınması məsələsini müzakirə etməyi planlaşdırır.
“Ümid edirik ki, cənab Putinlə şəxsi görüşdə bir neçə amfibiya təyyarəsinin alınması məsələsini müzakirə edəcəyik, çünki bu təyyarələr yanğınların söndürülməsində çox mühüm təsirə malikdir”, - Ərdoğan NATO-nun Vilnüsdə keçirilən sammitindən qayıdarkən jurnalistlərə deyib.
Türkiyə lideri xatırladıb ki, hakimiyyət artıq yanğınsöndürmə üçün təchiz edilmiş təyyarə və helikopterlərin alınmasını maliyyələşdirib, lakin onlara Rusiyadan alınmış daha iki və ya üç amfibiya əlavə edilsə, daha effektiv olar.
2021-ci ildə Ankaranın tələbi ilə Moskva meşə yanğınlarının söndürülməsi üçün Türkiyənin cənubuna Milli Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin üç “Be-200” təyyarəsi də daxil olmaqla 11 təyyarədən ibarət birləşmiş hava qrupu göndərib.
Fevralda Rusiyanın “Be-200” tanker təyyarəsi zəlzələlərdən sonra qəsəbədə və İskəndərun limanında baş verən yanğınları da söndürmüşdü.