Azərbaycanın tarixi qələbəsindən keçən iki ilə yaxın müddət ərzində rəsmi Bakı hərbi-siyasi və diplomatik yollarla bölgədə davamlı sülhün əldə olunması istiqamətində ardıcıl addımlar atır. 44 günlük Vətən Müharibəsindəki zəfərdən sonra bölgədə yaradılan yeni reallıqlar çərçivəsində Azərbaycan ardıcıl şəkildə qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün səbr və qətiyyətlə addımlayır. Ermənistanla, artıq yeni sülh sazişinin imzalanması istiqamətində iki platformada - Rusiyanın və Avropa Birliyinin moderatorluğu ilə diplomatik danışıqlar aparılır.
Bu danışıqlar rəsmi Bakının Ermənistana təklif etdiyi və İrəvanın qəbul etdiyini açıqladığı məlum "5 prinsip" əsasında təşkil olunur. Azərbaycanın sülh gündəliyində ATƏT-in Minsk qrupu, Dağlıq Qarabağ ərazi vahidi, Yuxarı Qarabağ iqtisadi zonasında rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə məskunlaşmış ermənilərə hansısa statusun verilməsi kimi məsələlər yoxdur. Bu mövqe ən ali səviyyədə Prezident İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilib. İstər Brüsseldə, istərsə də Moskvada keçirilən üçtərəfli danışıqların yekun bəyanatlarında da yuxarıda qeyd olunan məqamların heç biri əksini tapmayıb.
Brüsseldə təşkil olunan son görüşdən sonra isə artıq Azərbaycan və Ermənistan arasında yaxın aylarda sülh sazişinin imzalanmasının mümkünlüyü intensiv müzakirə edilir.
Bölgədəki yeni reallıqları qəbul etməyən, hər vəchlə artıq bitmiş sayılan Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandırmağa çalışan, separtizmi təşviq edən qüvvələrin təxribat xarakterli fəaliyyətləri səngimir. Söhbət 30 illik münaqişə dövründə Azərbaycanın ən böyük düşmənlərindən biri sayılan erməni lobbisindən gedir.
Brüssel danışıqlarından sonra bölgədə cərəyan edən hadisələrdə erməni lobbisinin fəaliyyəti açıq şəkildə hiss edilməkdədir: Sərhəddə atəşkəsin, demək olar, hər gün pozulması, Rusiyadakı erməni lobbisinin əsas simalarından sayılan milyarder Ruben Vardanyanın Xankəndinə gəlişi və oradan dünya ermənilərinə "Artsax naminə birləşmə çağırışı", separatçı rejimin "xarici işlər naziri" David Babayanın Vaşinqtona gözlənilən səfəri, Xankəndidə qondarma qurum tərəfindən "Artsaxın 100 illiyi"nin qeyd edilməsi, Xocalıda soyqırım törədilən rayonun ərazisində ermənilərə yeni yaşayış məskənlərinin salınması və s.
Yeri gəlmişkən, ABŞ Dövlət Departamenti qondarma Dağlıq Qarabağ Respublikasının "xarici işlər naziri" David Babayanın Vaşinqtona səfərini şərh edib. ABŞ Xarici İşlər Nazirliyinin nümayəndəsi APA-nın sorğusuna cavab olaraq bildirib ki, Dövlət Departamentinin bu şəxsin səfəri ilə heç bir əlaqəsi yoxdur. “Birləşmiş Ştatlar Dağlıq Qarabağ Respublikasını tanımır. Dövlət Departamentinin səfərlə heç bir əlaqəsi yoxdur”, - departamentdən bildirib.
Dövlət Departamentinin sözçüsü Babayanın ABŞ-a hansı statusda səfər etdiyini soruşduqda, ABŞ qanunlarına uyğun olaraq viza məsələlərinin məxfi olduğunu qeyd edib.
“Ona görə də biz ayrı-ayrı hallara münasibət bildirə bilmərik. ABŞ-a səfər etmək üçün viza müraciətləri bütün qüvvədə olan qanunlara, o cümlədən İmmiqrasiya və Vətəndaşlıq Aktı (INA) və müvafiq qaydalara uyğun olaraq işlənir”, - Dövlət Departamenti izah edib.
ABŞ-dakı erməni diasporu bundan əvvəl David Babayanın sentyabrın 19-da Vaşinqtona səfər edəcəyi və rəsmi şəxslərlə görüşlər keçirəcəyi barədə məlumat yayıb.
Göründüyü kimi, erməni lobbisi Vaşintondakı siyasi dairələrə təsir imkanlarından istifadə edərək sülh istiqamətində atılan addımları baltalamaq istəyir. Bu sıraya ABŞ səfirinin Şuşaya səfərdən imtinası, Dövlət Departamenitinin Azərbaycana qarşı son qərəzli hesabatını da qeyd edə bilərik. Vaşinqtonun Minsk Qrupunun varlığını sürdürməsi ilə bağlı bəyanatlarının da reallıqdan nə qədər uzaq olduğunu Ağ evdə oturanların özləri də çox yaxşı başa düşürlər.
Erməni diasporunun cinayətkar mahiyyətini özündə cəmləşdirən Ruben Vardanyana gəldikdə isə son məlumatlara əsasən o, “Qarabağ məsələsi ilə bağlı bir sıra beynəlxalq görüşlər keçirmək üçün” Fransaya səfərə gedib. “Mən müxtəlif ölkələrin nüfuzlu adamlarına Artsaxın (Qarabağın - red.) təhlükəsizliyini və inkişafını təmin etmək üçün hərəkətlərimizi izah etməyi vacib hesab edirəm. Bu gün bizim həm diaspordan, həm də Ermənistandan olan dostlarımızın bu xarici resursdan erməni xalqının maraqları naminə istifadə etməsi çox vacibdir. Fransada özəl tədbirdə iştirak edəcəyəm, həmçinin ümumi işimizə mühüm töhfə verə biləcək insanlarla görüşməyi planlaşdırıram”, – deyə o yazıb.
Göründüyü kimi, erməni lobbisinin Avropadakı əsas mərkəzi sayılan Fransa erməniləri də separatizmin yenidən alovlanması üçün hər vasitəyə əl atırlar. Seçkilər dönəmində səs almaq üçün Cənubi Qafqazdakı davamlı sülhün əldə olunması üçün yaranan tarixi imkanı erməni lobbisinin maraqlarına qurban verən Paris də eynilə Vaşinqton kimi analoji siyasət aparır: Minsk Qrupunun vacibliyi iddiası, status, Şuşaya səfərdən imtina və s.
Vəziyyət o həddə çatıb ki, Ermənistanda siyasi qütbləşmə daha da dərinləşib. Azərbaycanla sülh sazişinin imzalanması məsələsində iki cəöhə yaranıb. Bununla belə, Paşinyan hökuməti həm iqtidarını qorumaq, həm də diaspora və Qərb dövlətləri ilə əlaqələrini qurtarmaq üçün lobbinin məlum oyunlarına bir fürsət kimi baxır. Sözdə sülhü dəstəklədiyini bəyan etsə də, əməldə yaşanan olaylara sükut nümayiş etdirir və yekun razılaşma qarşısındakı əngəllərin ortadan qaldırılması üçün siyasi iradə nümayiş etdirmir.
Rusiyalı politoloq Yevgeni Mixaylovun da qənaətincə, erməni tərəfi Qarabağdan yapışmaqda davam edir, bununla da danışıqları ləngitməyə və ya hansısa güzəştlər qoparmağa çalışır: "Qarabağ Azərbaycandır. Prezident İlham Əliyev bunu açıq şəkildə bildirdi. Muxtariyyət olmayacaq. Hamımızın xatırlayırıq ki, Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bəyan edib. İrəvan isə ABŞ və Fransanın erməni diasporu, Qərb dövlətlərinin elitasının təzyiqi altındadır. Amma istənilən halda Ermənistan Azərbaycanın şərtləri ilə sülh müqaviləsi imzalamağa məcbur olacaq".
Ekspertlərin qənaətincə, tarixi zəfərdən sonra işğal faktının aradan qalxması, erməni faşizminin belinin qırılması ilə yanaşı dünyadakı erməni lobbisinin ideoloji siyasəti ağır məğlubiyyətə uğrayıb. Son 30 ildə dünya ermənilərini qondarma "Böyük Ermənistan" və "soyqırımı" iddiaları ilə öz ətrafında birləşməyə çalışan diaspora, artıq Qarabağın işğaldan azad edilməsi və Azərbaycan-Türkiyə tandemi ilə İrəvanın münasibətlərinin normallaşması prosesinə start verilməsi ilə çox çətin duruma düşüb. Bu səbəbdən, hər vəchlə hər iki prosesə əngəl yaratmaq üçün bütün imkanlarını səfərbər edib.
Göründüyü kimi, zaman daraldıqca Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ətrafında oynanılan siyasi oyunlar, təxribatlar da artmaqdadır. İrəvandan fərqli olaraq Azərbaycanın uzaqgörən siyasətə, güclü siyasi iradəyə malik siyasi lideri, müstəqil siyasi kursu, hərbi, iqtisadi, siyasi və diplomatik sahədə əzici üstünlüyü mövcuddur. Qarşıdakı müddətdə böyük maliyyə imkanlarına malik erməni lobbisinin bütün səylərinə baxmayaraq Azərbaycan qarşısına qoyduğa məqsədlərə istənilən yolla çatacaq.