Erməni rejimi Kəlbəcərin bu kəndindəki tikililərə baxış keçirəcək  

19:29 22.07.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Xankəndində Rusiya sülhməramlılarının himayəsinə sığınmış separatçı-terrorçuy erməni rejimi Azərbaycan dövlətinin bilavasitə nəzarətindən kənar qalmış torpaqlarında Konstitusiya və qanunlarımıza zidd tədbirlər həyata keçirməkdə davam edirlər.

Hafta.az xəbər verir ki, bu dəfə separatçıların sorağı Kəlbəcər rayonunun Çərəktar kəndindən gəlir.

Belə ki, orada qanunsuz məskunlaşmış haylardan bir neçəsinin şikayətinə əsasən rejimin qanunsuz “nəzarət komitəsi”  “bir neçə ay əvvəl dövlət tərəfindən yenidən tikilmiş, təmir edilmiş və istifadəyə verilmiş yaşayış binalarının tikintisinin keyfiyyətinin” qondarma rejimin "qanunvericiliyinə uyğun olaraq qüvvədə olan norma və standartlara uyğunluğunu yoxlamaq üçün” bu Azərbaycan kəndində bir qrup separatçı məmur yollayıb.

 “Nəzarət xidmət"inin rəisi rəhbərlik etdiyi qrup “Çərəktar kəndində evlərə baxış və sakinlərlə görüşlər keçirəcək”.

Zəruri arayış və xatırlatma

Çərəktar kəndi əvvəllər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid olub, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çərəktar kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Yaşayış məntəqəsini kolanı tayfasına mənsub ailələr Çərəktar adlı yerdə saldıqları üçün belə adlandırılmışdır. Çərəktar - "icarəçi" deməkdir. Görunur, kəndin ərazisi əvvəllər əkin sahəsi kimi icarəyə verilirmiş.

Sovet dövründə  Çərəktar kəndində bir erməni də yaşamayıb. Kənd 1993-ci ildə Ermənistan  Silahlı Qüvvələri tərəfindən işğal edilib. Və təəssüf ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən kənd hüquqi-inzibati baxımdan Azərbaycan Respublikasının yox, Rusiya sülhməramlılarının nəzarəti altına keçib.

2020-ci ilin noyabrın ortalarında artıq Kəlbəcər rayonunun Azərbaycana qaytarılacağı xəbəri yayıldıqdan sonra Çərəktar kəndində qanunsuz məskunlaşmış ermənilərin çoxu evləri yandıraraq buradan çıxıblar. Lakin bir gün sonra bəlli olub ki, yaşayış məskənlərinin təhvil verilməsi prosesi SSRİ-nin inzibati-ərazi bölgüsünə əsasən aparılır. Ona görə də bir çox digər yaşayış məntəqələri kimi, Çərəktarın da adı Azərbaycana təhvil veriləcək yaşayış məskənlərinin siyahısına salınmayıb. Həmin məlumatı alan ermənilər yenidən öz yandırdıqları evlərə qayıtmağa məcbur olublar. Bu səbəbdən də separatçı rejim Çərəktarda yandırılmış evləri bərpa etməyə başlayıb...

Onu da vurğulayaq ki, Rusiya tərəfinin ədalətsiz olaraq sovet dövrünün inzibati bölgüsünə əsasən apardığı “sülhyaratma” missiyası sayəsində Azərbaycanın Çərəktarla birlikdə  keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinə düşən cəmi 45 kəndi və bir şəhəri(Ağdərə)  Milli Ordumuzun nəzarətinə qaytarılmayıb. Belə ki,  Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 nömrəli Qərarına əsasən ləğv edilmiş Ağdərə rayonunun Ağdam rayonunun tərkibinə qatılmış Xatınbəyli, Qazançı, Manikli, Baş Güneytəpə, Orta Güneytəpə, Sırxavənd, Yeni Qaralar, Kiçan kəndləri və onlara məxsus torpaq sahələri, Kəlbəcər rayonuna qatılmış Çərəktar, Qozlu, Kotavan, Yuxarı Oratağ, Qızılqaya, Yayıcı, Dəvədaşı, Drmbon (Heyvalı), Çıldıran, Mehmana, Dovşanlı, Həyat, Bazarkənd, Şahmansurlu, Vəngli, Çormanlı, İmarət Qərvənd, Zərdəxaç, Çapar, Həsənriz, Narınclar, Damğalı, Kolatağ  kəndləri və Tərtər rayonuna verilmiş Ağdərə şəhəri, Umudlu, Zəylik, Ulu Qarabəy, Kiçik Qarabəy, Ağabəyyalı, Çardaqlı, Lüləsaz, Miqrelalay, Aşağı Oratağ, Qasapet, Canyataq, Dəmirli, Gülyataq,  Seysulan(Talış, Suqovuşan və Çaylı son 44 günlük savaşda ordumuz tərəfindən azad edilib) kəndləri və onlara məxsus torpaq sahələri  hələlik Rusiya hərbçilərinin himayəsinə sığınmış separatçı-terrorçu erməni xuntasının əlində qalır...

Siyasət rubrikasından digər xəbərlər