Azərbaycanın QHT və digər ictimaiyyət nümayındələrinin Laçın yolunda keçirdiyi dinc aksiyalar artıq 25 gündür ki, davam edir. Aksiya iştirakçıları sülhməramlıların müvəqqəti missiyasına daxil olan məlum ərazilərdə erməni separatçılarının apardığı qeyri-qanuni qazıntılara, yeraltı mədənlərimizin istismarı və bu fonda törətdiyi ekoloji terrora qarşı müxtəlif tələblər irəli sürsə də, hələ ki, əks tərəfdən müsbət irəliləyiş qeydə alınmayıb. Mövcud vəziyyəti nəzərə alsaq, “prosesin nə vaxta qədər davam edəcəyi və nə ilə nəticələnəcəyi” sualı ortaya çıxır.
Bu istiqamətdə hafta.az-a açıqlama verən politoloq Rəşad Bayramov ilk növbədə hesab edir ki, Laçın yolunda davam edən dinc aksiyaya və Azərbaycan Xarici İşlər Nazirliyinin bu kontekstdə Ermənistana yönəlik bəyanatlarına, ölkə ictimaiyyətinin çağırışlarına Ermənistana, yaxud Qarabağda olan separatçılara qarşı yönələn tələblər kimi baxılmamalıdır. Onun fikrincə, bu çağırışlar və 25 gündür davam edən aksiya Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni talanması, Laçın yolundan qeyri-qanuni məqsədlər üçün istifadə olunması, həmin yoldan üçüncü ölkə vətəndaşlarının keçməsi, silah-sursat, mina daşınması, ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları əməkdaşlarının Qarabağa sərbəst gediş-gəlişinin olması və sair hallara qarşı beynəlxalq birliyin diqqətini yönəltməkdən ibarətdir.
R.Bayramov hesab edir ki, beynəlxalq ictimaiyyətə yönəlik bu aksiya davam etməlidir. Çünki aksiyada irəli sürülən tələblərdən sonra Azərbaycan tərəfi konkret addımlar atmağa məcbur olacaq.
“Bundan sonra ata biləcəyimiz addımlar Laçın yolunun Azərbaycan tərəfindən tam nəzarətə götürülməsindən ibarətdir. İstər XİN, istər ölkə başçısının bəyanatları növbəti mərhələdə atılacaq addımlar üçün əsas yaradır”.
Politoloq tələblər yerinə yetirilməyəcəyi təqdirdə sonrakı addımların nədən ibarət ola biləcəyinin də hər kəsə məlum olduğunu deyib.
“Azərbaycan Laçın yolu istiqamətində, Azərbaycan-Ermənistan sərhəddində sərhəd məntəqəsi, gömrük postu qurmalıdır. Gömrük məntəqəsi üçtərəfli bəyanatdan irəli gələn məlum öhdəliklərin əleyhinə atılan addım sayıla bilməz. Çünki istənilən ölkənin sərhəddində gömrük məntəqəsi var və biz Laçın yolunda həmin yoxlamaları həyata keçirdəndən sonra sərbəst gediş -gəlişi təmin edə bilərik. Bu addım Qarabağdakı separatçıların əl-qolunu bağlamış olacaq. Məhz bundan sonra digər tələbləri də irəli sürmək olar. Növbəti tələbimiz isə ərazilərimizdən qeyri-qanuni hərbi birləşmələrin dərhal çıxarılmasıdır. Bununla bağlı konkret vaxt qoyula bilər”.
Politoloq qeyd edib ki, Azərbaycan üçtərəfli bəyanata əsasən Laçın yolundan sərbəst gediş-gəlişi təmin etməklə bağlı öhdəliyi yerinə yetirsə də, ermənilərin öz üzərinə düşən öhdəlikləri pozmasına uzun müddət dözmək fikrində deyil.
“Erməni tərəfə konkret vaxt qoyulmalıdır. O vaxt müddətində tələblər yerinə yetirilməsə, Azərbaycan tərəfi 44 günlük müharibədə BMT qətnamələrini necə təkbaşına icra elədisə, yenə də hərbi əməliyyatlar keçirməklə üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri icra etməyə başlaya bilər. Eyni yanaşma Zəngəzur dəhlizi ilə də bağlıdır.
Ermənistan tərəfi üçtərəfli sazişə əsasən Zəngəzur yolunda sərbəst gediş-gəlişin təmin edilməsi ilə bağlı öhdəlik götürüb. Tələblərimiz yerinə yetiriləndən sonra həmin öhdəliyin icrası ilə bağlı məsələ də gündəmə gətirilə bilər. Zəngəzur yolunun açılması təmin olunmasa, Laçın yolunun tamamilə bağlanması gündəmə gətirilə bilər”.
Ona görə də R.Bayramov hesab edir ki, bu gün Laçın yolunda keçirilən aksiyalara adi bir hadisə kimi baxmamalıyıq. Çünki bu aksiya Azərbaycanın növbəti mərhələdə atacağı addımların əsasını hazırlayır”.