Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun bir hissəsində qanuni-qanunsuz məskunlaşmış ermənilər artıq 2 il 2 aydan çoxdur ki, həmin əraziyə müvəqqəti (!) nəzarət edən Rusiya “sülhməramlı”larının qadın və uşaqlara ərzaq yardımı etməsinin foto və videolarla ictimailəşdirilməsini özləri üçün təhqir hesab edirlər.
Hafta.az xəbər verir ki, bu haqda “ArmenianReport” məlumat yayıb.
“İndiki çətin humanitar şəraitdə müxtəlif strukturların, o cümlədən Rusiya sülhməramlı kontingentinin nümayəndələrinin cəmiyyətə, o cümlədən hamilə qadınlara və uşaqlara yardım göstərməsi təqdirəlayiqdir.
Bununla belə, sosial şəbəkələrdə, xüsusən də uşaqların üzü açıq olan fotolarının çəkilməsini və yayılmasını yolverilməz hesab edirəm. Artsaxın (Qarabağdakı separatçı-terrorçu rejimin-S.L.) ləyaqətli vətəndaşları (dırnaqarası-S.L.) üçün göstərilən yardımı manipulyasiya etmək və ondan yazıqlıq səhnəsi kimi istifadə etmək ən azı alçaldıcı hesab olunur, bununla bağlı insan hüquqları müdafiəçisinin (qanunsuz və dırnaqaarası-S.L.) ofisinə də çoxlu şikayətlər edilib” - Qarabağdakı hayların qanunsuz “hüquq müdafiəçisi” (“ombudsman”) sayılan Qegam Stepanyan belə yazıb.
“Mən yardım göstərən bütün strukturları və şəxsləri insanların şəxsi həyatına və toxunulmazlıq hüququna hörmət etməyə və bu cür fotoşəkilləri yaymaqdan çəkinməyə çağırıram” - deyə üzdəniraq separatçı “ombudsman” çağırış edib.