Ermənilər Xocalının bu kəndində də qanunsuz məskunlaşmaya hazırlaşır - FOTO

17:49 25.11.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Rusiya “sülhməramlı” hərbi kontingentinin nəzarətində qalan hissəsində bəslənən separatçı-terrorçu rejim qanunsuz silahlı birləşmələrlə atəşkəsi pozmaqla yanaşı, ərazinin müxtəlif məntəqələrində qeyri-qanuni məskunlaşdırmanı da davam etdirirlər. 

Xocalı rayonunun Xaçmaç kəndində  yeni mikrorayon tikintisinə başlanılıb.

Hafta.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı erməni nəşrləri məlumat yayıb.

“Ərazi 2, 3, 4 və  5 otaqlı  mənzillərdən ibarət 32 evdən ibarət olacaq. Hazırda 15 fərdi yaşayış evinin tikintisinə başlanılıb. Bu 15 yaşayış binasının tikinti işlərinin podratçısı “Rob-şin” şirkətidir. Maliyyələşdirmə dövlət(qondarma-S.L.) büdcəsi hesabına həyata keçirilir” – xəbərdə belə deyilir.

Xatırladaq ki,  hafta.az Xocalı rayonunun digər kəndləri, eləcə də Xocalı şəhəri, həmçinin “sülhməramlı”ların nəzarətindəki digər rayon və şəhərlərimizdə də qanunsuz məskunlaşma və tikinti işləri haqda mütəmadi məlumat verir.

Zəruri arayış:

Xaçmaç — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənddir.

Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi Bərgüşaddan və Zəngəzurda hazırda dağıdılmış Köhnə Kotuk kəndindən çıxmış erməni ailələrinin Xacmac adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, toponim bu ərazidə mövcud olan sutun üzərində xac formalı daşların olması ilə bağlı yaranmışdır.

1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xaçmaç kəndi Rusiya “sülhməramlı” qüvvələrinin nəzarətinə keçmişdir.

Oxunma sayı 1590