Ermənistan-Azərbaycan sərhəddində vəziyyətin gərginləşməsinə səbəb Ermənistan ordusunun diversiya fəaliyyətidir.
Bunu hafta.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli bildirib.
Onun sözlərinə görə, dünən gecədən başlayaraq ermənilərin intensiv atəşləri davam edib və Ermənistan ordusu Laçın, Kəlbəcər və digər ərazilərdə diversiya fəliyyəti göstərib. Azərbaycan Ordusu Ermənistanın təxribatçı fəaliyyətinə lazımi adekvat cavab verib.
Siyasi ekspert bəyan edib ki, Ermənistan son iki ilə yaxın dövr ərzində, yəni 10 noyabr bəyanatından sonra üzərinə götürdüyü öhdəliklərin bir qismini həyata keçirməyib. Bu günə qədər Qarabağda yerləşən erməni hərbi birləşmələri mövcudluğunu davam etdirir.
“Həmin üçtərəfli bəyanata uyğun olaraq Ermənistan kommunikasiyaların açılması məsələsini həyata keçirməyib. İki ölkə arasında aparılan sülh danışıqlarında Ermənistan müxtəlif bəhanələrlə sülh prosesinin ləngiməsinə səbəb olan addımlar atır”.
M.Məmmədli bildirib ki, Azərbaycan Ermənistanı sülh müqaviləsi imzalamağa təşviq edir və sülh müqaviləsinin qarşılıqlı olaraq ərazi bütövlüyünün tannması prinsipinə əsaslanmasına çalışır.
“Ermənistan buna da adekvat cavab vermir. Eləcə də Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı dəfələrlə təkliflərlə çıxış etsə də, bu məsələdə də Ermənistan pozucu, qeyri-konstruktiv mövqe nümayiş etdirir. Bir sözlə, Ermənistan Azərbaycan konstruktiv mövqe nümayiş etdirdiyi bütün məsələlərdə sülh prosesinin əsas istiqamətləri üzrə qeyri-adekvat mövqe nümayiş etdirir ki, bu da davamlı olaraq Azərbaycanla Ermənistan arasında vəziyyətin gərginləşməsinə səbəb olur”.
M.Məmmədli bildirib ki, bölgədə, ümumiyyətlə Cənubi Qafqazda davamlı sülhə nail olmağın yeganə yolu hər iki ölkə arasında ciddi problemlərin həllinə nail olmaqdır. Məsələlər həll olunmadan gərginlik artacaq. Burda da əsas məsuliyyət Ermənistan hakimiyyətinin üzərindədir. Ona görə də Azərbaycan Ermənistanın qeyri-konstruktiv mövqeyinə, sərhəddə törətdiyi təxribatlara cavab verməli olur. Bizim prinsipial mövqeyimiz dəyişməzdir. Bu mövqe ondan ibarətdir ki, nəhayət bölgədə davamlı sülh olsun. Bunun da yolu hər iki ölkə arasında normal münasibətlərin qurulmasından keçir”.