Son vaxtlar 2020-ci ilin 44 günlük savaşından bəri mövqeyi bəlli olan Fransa ilə yanaşı, ABŞ da Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müəyyən addımlar atır. Fransanın səfiri kimi, ABŞ səfiri də Şuşadakı beynəlxalq konfransa qatılmadı. Bu günlərdə isə xəbər yayıldı ki, hətta Azərbaycan ərazilərindəki separatçı-terrorçu erməni rejiminin qondarma “xarici işlər naziri” David Babayanın Konqresdə çıxış hazırlanır...
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hafta.az-a açıqlamasında bildirib ki, bu, ABŞ-ın daxili siyasətinə dair bir oyundur. Çünki noyabr ayında konqresdə ara seçkiləri gözlənilir. Və belə görünür ki, hazırda demokratların mövqeyi o qədər də güclü deyil. Təhlükə var ki, respublikaçılar onlara qarşı güclü rəqabət təşkil edə bilərlər: “Demokratların administrasiyası da, təbii ki, həmişə olduğu kimi, müxtəlif diaspor təşkilatları, o cümlədən erməni təşkilatları arasında özünə dəstək axtarır. Və bu baxımdan ABŞ siyasətindəki erməni meyilli addımlar bir növ bu mövzu ilə bağlıdır. İkincisi, bilirik ki, hazırda Ermənistan-Rusiya əalqələrinin gələcəyi bir o qədər də aydın deyil. Çünki Ukraynaya təcavüzündən sonra Rusiya zəifəməyə başlayıb. Bu səbəbdən də ermənilər belə qənaətə gəliblər ki, bundan sonra Moskva onlara dəstək verməyəcək. Çünki Rusiya-Türkiyə münasibətləri var, Türkiyə-Azərbaycan tandemi mövcuddur. Və Kreml indiki halda bu ittifaqlara qarşı hansısa addımlar atmağı və münasibətləri qarşıdurma səviyyəsinə çatdırmağı istəməz. Odur ki, ermənilər anlayırlar ki, Ermənistan istər-istəməz Rusiyadan uzaqlaşmalıdır. Və təbii ki, yeni bir patron axtarışına çıxıblar. Qərb isə belə bir məqamda Ermənistanın Rusiyadan uzaqlaşmasını daha da cəlbedici etmək üçün bu addımları atır. Hesab edirəm ki, Ermənistan üçün hazırda çox ağır dövr yetişməkdədir. Çünki ermənilər Rusiyanın himayəsindən çıxıb Qərbə sığınmalıdırlar. Bu isə həm də Rusiyanın qisasına səbəb ola bilər. Həm də Qərbin buraya gəlməsi və erməniləri müdafiə etməsi də real baxımdan şübhələr yaradır. Çünki bu, coğrafi baxımdan o qədər də asan məsələ deyil. Burada Türkiyə var və Qərbin hərbi infrastrukturu əsasən Türkiyədə mövcuddur. Yəni Ankaranın rəyi və dəstəyi olmasa, burada Qərbin yerləşməsi, təbii ki, çox çətin bir məsələ olacaq. Bunların hamısını başa düşdüklərindən ermənilər anlayırlar ki, onların başqa yolu yoxdur. Çünki hazırkı durumunda Rusiyanın Ermənistana istər hərbi, istərsə də maliyyə baxımından kömək etməyə imkanı da yoxdur. Xülasə, bu və digər səbəblərdən İrəvanın Qərbə doğru seçimini sürətləndirmək üçün ABŞ və bəzi Avropa ölkələri tərəfindən belə addımlar atılır. Biz buna belə yanaşmalıyıq...