Ermənistanı ifşa edən “Qisas 2” əməliyyatı - Müzakirə

11:10 06.07.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsindən sonra kapitulyasiya aktına imza atan, işğalçılıq siyasətindən əl çəkəcəyi ilə bağlı öhdəliklər götürən Ermənistan nəinki sülhə gəlir, əksinə, Azərbaycan ərazilərində saxladığı ordusunu silahlandırıb onlara təlimlər keçir, gərginliyi saxlayır. İyulun 1-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyilə Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin “Qisas” əməliyyatında məhv edilmiş iki hərbçisinin meyitinin Laçın sərhəd-buraxılış məntəqəsindən keçirilməklə Ermənistana aparılması Azərbaycanın humanizm prinsiplərinə sadiq qaldığını nümayiş etdirməklə yanaşı, separatçı dövlətin ölkəmizə qarşı hansı güclə çıxış etdiyini sübut edir. Qarabağda Ermənistan ordusu hərbcilərinin olduğu rəsmən təsdiqləndi. Azərbaycan tərəfi bu faktı əsas tutaraq hansı addımları atmalıdır?

Elşad Mirbəşir, Milli Məclisin deputatı:

- İstər Ermənistan ərazisində, istər Qarabağda qalan erməni separatçıları tərəfindən törədilən təxribatların arxasında  rəsmi İrəvan dayanır. Ermənistan hər vəchlə sülh sazişini imzalamaqdan yayınır, təxribatlar törədir. Məqsəd “Azərbaycan ərazisində yaşayan ermənilərin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq təminata nail olmaq” bəhanəsi ilə dünyada Azərbaycanın “işğalçı” obrazını formalaşdırmaqdır. Paşinyanın manevr imkanları mövcud deyil. Onu dəstəkləyən dairələr nə qədər manevrlər etsələr də, Azərbaycana qarşı beynəlxalq siyasi mövqe formalaşdıra bilmədilər. Qərəzli müzakirələr aparıldı, Fransa parlamentində sənəd qəbul edildi.  Amma bu, bütövlükdə Azərbaycanın mövqelərinə təsir göstərmədi. Ermənistan və havadarları yeganə alət kimi ortaya “Azərbaycan ərazilərində yaşayan ermənilərin gələcək hüquq və təhlükəsizliyi” məsələsini atır. Azərbaycanın bununla bağlı aydın mövqeyi var. Azərbaycan Qarabağdakı məsələni haqlı olaraq özünün daxili işi hesab edir və bunu kiminləsə müzakirə etmək fikrində deyil. Ermənilərin “hüquq və təhlükəsizliyi” məsələsi ətrafında müzakirələrin açılması məqsədli xarakter daşıyır. Bu da Azərbaycanla Ermənistan arasında sülh sazişini ləngitməkdən ibarətdir. Paşinyan indiki məğlub durumda  Azərbaycanla sülh sazişi imzalamaqdan çəkinir, çünki hakimiyyətini itirəcək. Ermənistanda maraqlı qüvvələr var ki, Paşinyan hansısa bir sənədə imza atsa ona qarşı üsyana başlasınlar.  Bu, Ermənistanın işğalçılıq siyasətinin davamı və özünə vurduğu zərbələrdir. Ermənistan bu gün də öz silahlı qüvvələrindən istifadə etməklə separatçıları Azərbaycana qarşı təxribatlara sövq edir. Məhv edilən təxribatçılar arasında iki Ermənistan silahlı qüvvələri hərbçisinin olması onu göstərir ki, Ermənistan Azərbaycana qarşı düşmənçilik mövqeyindən əl çəkmək fikrində deyil. Ermənistan əldə  olunmuş razılaşmaların heç birinə əməl etməyəcək, təcavüzkar xislətini saxlayacaq. Bu da bizə əlavə tədbirlər görmək üçün əsas verməlidir.  Ermənistan silahlı qüvvələrə aid 2 təcavüzkarın Azərbaycan ərazisində məhv edilməsi, Azərbaycanın haqlı ədalətli mövqelərini möhkəmləndirir. Ermənistanın dünya ictimaiyyətinə çatdırmaq istədiyi mövqelərini sarsıdır. Dövlətimiz güclü siyasi mövqelərə malikdir. Hərbi təxribatların davamlı olması Azərbaycana təhlükəsizliyinə olan təhdidləri aradan qaldırmaq üçün əlavə əsaslar verəcək. Ölkəmiz 30 il də gözləmək fikrində deyil. Bunu Ermənistan və Avropadakı bəlli dairlər yaxşı dərk etməlidirlər.

Hikmət Babaoğlu, millət vəkili:  

- Azərbaycan daha qəti addımlar ataraq, genişmiqyaslı əməliyyatlar keçirib sülhü yaxınlaşdıra bilər. Bir neçə gün əvvəl Azərbaycanın keçirdiyi "Qisas 2" əməliyyatı nəticəsində məhv edilən terorçulardan 2-nin Ermənistan vətəndaşı olması  ərazimizdə Ermənistan hərbçilərinin olduğunu sübut edir. Azərbaycan ərazisində sülhün əldə olunmamasının səbəbi  ərazimizdə 10 mindən çox erməni silahlı birləşmələrinin olmasıdır və bu, sülhə gedən yolda ciddi maneədir. Ermənistan sülhü immitasiya edib, digər tərəfdən, hərbi cəhətdən güclənərək işğal siyasətini davam etmək niyyətindədir. Ermənistanın öhdəçiliyində iki məsələ var. Bunlardan biri erməni silahlılarının ərazilərimidən çıxarılması, ikincisi,  kommunikasiyaların açılmasıdır.  Bu, sülh danışıqlarınadək 2020-ci ildə Ermənistanın üzərinə götürdüyü öhdəlikdir. Bu öhdəlik yerinə yetirilmədiyi təqdirdə, sülh danışıqlardan danışmaq qeyri-realdır. Azərbaycan uzun müddətdir gözləyir, bir neçə əməliyyat keçirərək Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində hərəkətini məhdudlaşdırıb. Bu isə azdır. Ən qısa zamanda Azərbaycan daha qəti addımlar atıb, genişmiqyaslı əməliyyatlar keçirərək sülhü yaxınlaşdıra bilər.

Mətin Məmmədli, politoloq:

- Qarabağda erməni təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu adekvat addımlar atıb. Bunun nəticəsində 5 erməni silahlısı məhv edilib ki, onlardan 2-si Ermənistan ordusunun hərbçisidir. Bu fakt Ermənistanın Qarabağdan öz ordusunun qalıqlarını çıxarmadığını göstərir. Bu, 2020-ci il 10 Noyabr sazişinin müvafiq bəndinə ziddir. 44 günlük müharibədən 2 il yarım keçməsinə baxmayaraq, Ermənistan öz silahlı qüvvələrini regiondan çıxarmaqla bağlı öhdəliyini tam həyata keçirməyib.  Təbii ki, Azərbaycanın müvafiq addımlar atması üçün həm hüquqi, həm siyasi əsasları var. Hesab edirəm, ölkəmiz Qarabağda erməni hərbi birləşmələrinin, o cümlədən Ermənistan ordusunun qalıqlarının məhv edilməsi və zərərsizləşdirilməsi ilə bağlı daha konkret addımlar ata bilər və yaxın perspektivdə belə addımların atılması tamamilə mümkündür. Biz uzun müddət gözləyə bilmərik. Ölkəmiz öz suverenliyini, ərazi bütövlüyünü bərqərar etmək üçün bölgədə müvafiq addımlar ata bilər və bu ehtimal hər gün artmaqdadır.

Ədalət Verdiyev, hərbi ekspert:

- Azərbaycan tərəfi həmişə rusların müvəqqəti nəzarətində olan ərazilərdə erməni silahlılarının qalmasını qəbuledilməz sayıb. Sadəcə biz bu problemin güc yolu ilə deyil, 2 il yarım əvvəl qəbul edilən və imzalnan üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq yerinə yetirilməsinin tərəfdarıyıq. Lakin görünən odur ki, nə Ermənistan öz silahlılarını Qarabağdan çıxardır, nə də rus kontingenti üzərinə düşən öhtəliklərini yerinə yetirir. Bu gün üçtərəfli sazişin Ermənistan və Rusiya kontingenti tərəfindən yerinə yetirilməməsi Azərbaycanı bu istiqamətdə daha adekvat, təsirli addımlar atmağa vadar edir. Əgər ermənilər və Rusiya öz davranışlarına ciddi korreksiyalar etməsələr, Azərbaycan növbəti təmizləmə, yaxud “Qisas” əməliyyatını keçirmək məcburiyyətində qalacaq.