Ermənistanın dinc əhalini hədəf seçməsi terrorçu ölkə olduğunu bir daha təsdiqləyir – Millət vəkili

12:37 30.10.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 27-dən etibarən hərbi təxribatlara başlayan təcavuzkar Ermənistan Azərbaycanın dinc əhalisinə qarşı terror törətməkdə davam edir. Ordumuzla döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən düşmən Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, fərdi və çoxmənzilli yaşayış binalarını, xəstəxanaları,  məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutaraq dağıntı və yanğınlar törədir, dinc əhalini qətlə yetirir.

Xəbər verildiyi kimi, ermənilərin törətdiyi dünənki Bərdə qətliamında 21 dinc sakin həyatını itirib. Rayon mərkəzinə edilən raket hücumu nəticəsində 70 nəfərdən çox insan yaralanıb. Ölən və yaralılar arasında uşaqlar, qadınlar var. Çox təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, dünyanın aparıcı dövlətləri erməni barbarlığı qarşısında hələ də, susqunluq nümayiş etdirir. 

Mövzu ilə bağlı hafta.az-a danışan millət vəkili Tahir Rzayev deyib ki, erməni tərəfinin dinc sakinləri hədəf seçməsi heç də təsadüfü deyil və bu hərəkətlər Ermənistanın terrorçu ölkə olduğunu bir daha təsdiqləyir: “İstər Gəncə, istər Bərdə hadisələri azərbaycanlılara qarşı ermənilərin törətdiyi növbəti terror hadisələridir. Ermənilər məqsədli şəkildə azərbaycanlılara qarşı genosid törədirlər. Çünki həm Gəncə, həm də Bərdə döyüş əməliyyatlarının aparıldığı ərazilərdən xeyli uzaqda yerləşir. Amma düşmən tərəfi məqsədli şəkildə dinc əhalini hədəf almaqla daha çox insanın təlafatına çalışır. Məsələn, Gəncəyə raket hücumlarından biri gecə saat 2 radələrində baş tutmuşdu. Həmin vaxt insanlar evlərində yatırdı. Bərdəyə edilən hücum zamanı isə raket məqsədli şəkildə rayon mərkəzinə, insanların sıx hərəkət etdiyi istiqamətə hədəflənmişdi. Nəticədə çoxlu sayda vətəndaşımız erməni terrorçuları tərəfindən qətlə yetirildi. Yəni, Ermənistan yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutmaqla növbəti dəfə qeyri-humanist mahiyyətini, insanlığa qarşı olduğunu sübut edir. Mülki obyektlərin və dinc əhalinin vurulması Ermənistanın insanlığa qarşı cinayətidir. Bu hadisələr bir daha Ermənistanın terrorçu ölkə olduğunu təsdiqləyir. Amma bu hadisələr Azərbaycan xalqının iradəsini, əzmini qıra bilməz. Azərbaycan xalqı işğal faktı ilə heç zaman barışmayıb və barışmayacaq”.

Millət vəkili vurğulayıb ki, Ermənistanın mənfur işğalçılıq siyasəti nəticəsində Azərbaycanda bir milyondan çox insan öz doğma torpaqlarında yaşamaq hüququndan məhrum edilib. 30 ilə yaxındır davam edən bu vəziyyətdə Ermənistan nə beynəlxalq hüquqa, nə də BMT-nin qətnamələrinin tələblərinə məhəl qoymur: “Bu azmış kimi Paşinyan hakimiyyəti Azərbaycana qarşı yeni təxribatlar törətməyə cəhd edir, yeni ərazilər iddiasındadır. Lakin artıq ordumuz tərəfindən onların layiqli dərsi verilir. Bu gün isə Ermənistan cəbhədə uduzmaqla yanaşı, diplomatiya masasında da uduzur. 3 dəfə humanitar atəşkəsin elan edilməsinə baxmayaraq, Ermənistan atəşkəsin şərtlərini kobud şəkildə pozduğu üçün layiqli cavabını alır. Baş verənlərin fonunda Ermənistan hər gün sarsıdıcı zərbələrin hədəfində olur, geri çəkilməyə başlayır, maddi-texniki bazası durmadan zəifləyir və şəxsi heyəti tamamilə zərərsizləşdirilir. Təbii ki, onlar nə qədər çox dirəniş göstərsələr bir o qədər çox itki verməyə məcbur olacaqlar. Lakin bütün bunlara baxmayaraq Azərbaycan humanitar hüququn prinsiplərinə sadiq qaldı, dəfələrlə onlara təklif edildi ki, ərazilərimizi işğaldan azad etməkdən başqa çıxış yolları yoxdur. Dəfələrlə Ali Baş Komandan İlham Əliyev bildirib ki, erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağına gəlməsin. Lakin təcavüzkar Ermənistan hakimiyyəti nə bizim torpaqlarımızdan, nə də mənfur xislətlərindən geri çəkilmədi. İndi artıq gecdir və qəbul etdikləri səhv qərarlarının nəticələrinə də dözməlidirlər”.

Tahir Rzayev onu da qeyd edib ki, Azərbaycanın işi haqq işidir və hazırda ordumuz zəfər yürüşünü inamla davam etdirir: “Azərbaycan Ordusu, Silahlı Qüvvələrimiz öz haqqını tələb edir, ermənilərin təxribatlarına əks cavab verir və öz torpaqlarını azad edir. Döyüşdə biz erməni döyüşçüsünə qarşı vuruşuruq, çünki müharibənin də öz qaydaları var. Müharibə zamanı mülki əhaliyə, mülki obyektlərə deyil, döyüş zonalarında hərbi obyektlərə zərbə vurulur. Ancaq fikir verin ki, Ermənistan tərəfi cəbhə xəttindən çox-çox uzaq olan Xızıya da raketlər atılır, Gəncə artilleriya atəşinə tutulur, Mingəçevir hədəfə alınır, Bərdə vurulur. Bu vəhşilikdir, barbarlıqdır, bu, işğalçıların, terrorçuların Xocalıdakı simasının növbəti təzahürüdür. Bəs, bu hədsizliyin günahı kimdədir? Sözsüz ki, onlarla yanaşı, həm də beynəlxalq təşkilatlarda, hansı ki, bu münaqişənin həlli həvalə olunsa da, BMT qətnamələri olsa da bu vaxta qədər lazımi tədbirlər görməyiblər, işğalçıya sanksiyalar tətbiq etməyiblər. BMT-nin 4 qətnaməsi vaxtında icra olunsaydı bunlar olmazdı. Sonrakı dövrdə əgər ATƏT qətiyyətli olsaydı, ATƏT-in Minsk Qrupu öz sözünü desəydi, təcavüzkarı təcavüzkar kimi adlandırsaydı, indiki bu vəziyyət yaranmazdı. Bu qurumların münaqişəyə müşahidəçi mövqe sərgiləməsi sayəsində ermənilər harınlaşdılar və o qədər harınlaşdılar ki, onlar Qarabağın ətrafında olan 7 rayonu işğal edəndən sonra təzə torpaqlar işğal etmək iddiasına düşdülər. Bu onu göstərir ki, beynəlxal qurumlar özləri-özlərinə hörmət etmirlər, qəbul etdikləri qərarlara kağız parçası kimi baxırlar. Biz isə beynəlxalq normaları, beynəlxalq təşkilatların qərar və qətnamələrini əldə rəhbər tuturuq. Nəyə görə? Çünki bu Azərbaycan xalqının mentalitetindən, tolerantlığından irəli gəlir ki, insanlar qırılmasın, dünya, ölkələr qana boyanmasın. Otuz il bunu Azərbaycan tərəfi gözlədi. Gözlədi ki, bu münaqişə sülh yolu ilə həll olunsun və hər dəfə də məsələ qaldırdı ki, təcavüzkar yerində oturdulsun. Amma, beynəlxalq təşkilatların ikili standartları, ədalətsiz yanaşması nəticəsində Paşinyan açıq-aydın şəkildə dedi ki, Qarabağ Ermənistandır və bütün danışqlara son qoydu. Şuşada kef məclisi qurdu, yallı oynadı və s. Məsələnin sülh yolu, danışıqlar yolu ilə həllinə son qoyulduqdan sonra haqlı olaraq onun hərbi yolla həllinə başlanıldı və məğlubiyyətini görən Erməistan tərəfi beynəlxalq təşkilatlara yalvararaq atəşkəs yaradılmasını istəsə də, elə bu atəşkəsi də dərhal pozdu. Bunun nəticəsində nə qədər mülki əhali, dinc əhali arasında ölən, yaralanan oldu. İkinci dəfə də atəşkəsə çağırış ediləndən sonra da yenə bu atəşkəsi Ermənistan tərəfi pozdu. Nə qədər insan həyatına qəsd etdilər, nə qədər insanı evsiz-eşiksiz qoydular. Üçüncü atəşkəsdə isə Bərdə terrorunu törətdilər ki, bu da onların öz terrorçu xislətlərinə sadiq qaldıqlarını növbəti dəfə isbatladı”.

Millət vəkili habelə qeyd edib ki, bu gün Azərbaycan ordusu terrorist Ermənistanı durdurmaq iqtidarındadır və son bir ayda torpaqlarımızın işğaldan azad olunması istiqamətində həyata keçirilən uğurlu əməliyyatlar bunun bariz nümunəsidir: “Azərbaycan xalqının nicatı öz əlindədir. Artıq cəbhədən sevindirici xəbərlər alırıq. Xeyli sayda yaşayış məntəqəsi düşmən işğalından təmizlənib. Şübhə yoxdur ki, rəşadətli ordumuz tərəfindən bu zəfər yürüşü davam etdiriləcək və biz yeni-yeni qələbə xəbərləri eşidəcəyik. Onu da qeyd edim ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaradıb. Bütün ölkə vətəndaşları cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndirirlər. Bu, Azərbaycan cəmiyyətində vətənpərvərlik hisslərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Bu gün Azərbaycan güclü orduya malikdir və Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. İnanırıq ki, tezliklə bütün torpaqlarımız işğaldan azad olunacaq. Hamımız Ali Baş Komandana, şanlı ordumuza inanır və güvənirik”.

Oxunma sayı 710
Siyasət rubrikasından digər xəbərlər