Rusiya Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Əsasnaməsinə qoşulmaq niyyətini özü üçün qəbuledilməz hesab edir və belə bir addımın nəticələri ilə bağlı İrəvana xəbərdarlıq edir.
Hafta.az xəbər verir ki, bu barədə Rusiyanın təbliğat agentlikləri TASS və RİA Novosti “Rusiya Xarici İşlər Nazirliyindəki mənbənin şərhinə istinadən yazıb.
"Moskva BCM-nin Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız qərarları fonunda rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir", - şərhdə deyilir.
Rusiya agentliyinin mənbəsi əlavə edib ki, Ermənistana Moskva ilə ikitərəfli münasibətlər üçün mümkün addımlarının “son dərəcə mənfi” nəticələri barədə xəbərdarlıq edilib.
Ötən həftə Ermənistanın Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin ölkənin əsas qanunlarına uyğun olduğunu və bununla da onun ratifikasiyasına yol açdığını bəyan edib.
Maraqlıdır ki, Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putini minlərlə uşağın Ukraynadan qeyri-qanuni deportasiya edilməsində təqsirli hesab edərək həbsinə order verdikdən bir həftə sonra qərarını açıqlayıb.
Sərəncamın verilməsi o deməkdir ki, Putin Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olan istənilən ölkəyə getsə, həbs oluna bilər.