Ermənistanın “sülh” oyunu – Paşinyanın siyasi iradəsizliyi

16:45 24.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan regionda sülh müqaviləsinin bağlanılmasına hazır olsa da, Ermənistan tərəfi bu prosesiə maneçilik törətir. Məsələ Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 76-cı sessiyasında etdiyi çıxışında da bir daha önə çəkildi. Ölkə başçısı dünya dövlətlərini haqqın yanında olmağa, işğalçı və cinayətkara qarşı sərt mövqe sərgiləməyə səslənməklə, Ermənistanın əsl simasını açdı.

Bu barədə hafta.az-a açıqlama verən politoloq Natiq Miri  bildirib ki, sülh sazişinin bağlanması iki dövlətin  qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımasıdır.  

Onun sözlərinə görə, Azərbaycan BMT-yə Qarabağla birgə, ərazi bütövlüyü şəraitində qəbul olunub.

“Bütün dövlətlər Azərbaycanı məhz bu ərazilər çərçivəsində tanıyıb.  Azərbaycanın ərazi bütövlüyünü tanımaq isə “Dağlıq Qarabağ” iddiasından birmənalı şəkildə vaz keçməkdir. Bu da erməni toplumunda, xüsusilə də Nikol Paşinyan  hökumətinə müxalifətdə olan populist, revanşist qüvvələrin əlinə arqumentlər verir. Bu gün yenə də Ermənistanda şəhər meydanına toplaşıb Paşinyanı hakimiyyətdən devirmək çağırışları səslənməkdədir”. 

Politoloq hesab edir ki, bu tək Azərbaycanın daxili problemi deyil.  Bu gün prosesdə əsas vasitəçi rolunu oynayan Rusiya amili var. Bundan başqa, Ermənistanın Qərbdə olan havadar dövlətləri, regionda qonşu olan İran dövləti var ki,  onlar öz geosiyasi maraqları çərçivəsində sülh sazişinin imzalanmasını istəmirlər. Çünki həmin ölkələr bu proses vasitəsi ilə yenidən regiona qayıtmaq və  özlərinin geosiyasi maraqlarını təmin etmək istəyirlər. 

“Bu gün səhnə arxasında çox ciddi proseslər gedir.  Prosesin içində  Rusiya, İran, Qərb dövlətləri, xüsusən də ABŞ var. Ona görə də, Nikol Paşinyan bütün bu güclər arasında öz manevr imkanlarını  tükətməmək üçün var-gəl edir.  Ancaq ortada da konkret bir nəticə yoxdur. Nə Azərbaycan, nə də Türkiyə ilə ciddi danışıqlara başlaya bilmir. Bu gün Ermənistanın Nikol Paşinyan hökuməti ortada qalıb.  Ortada qətiyyətli siyasi iradə olmadığına görə  bu bir müddət xülya olaraq da qalacaq”.

N.Miri bu gün müşahidə olunan Ərdoğan-Putin görüşü və İlham Əliyev-Putin görüşlərinin nəticəsində Ermənistanın Azərbaycanla sülh sazişi imzalanacağını gözləmədiyini deyib.  O bunu çox ziddiyyətli məqamların olması ilə əlaqələndirib.

“Bu məsələ təkcə Qarabağla bağlı deyil. Hələ Suriya  və Krımın işğalı Ukrayna ilə bağlı bir çox problemlər var ki,  bu çərçivədə bütün məsələləri razılaşdırmaq  çətin olacaq. Eləcə də Rusiya bu məsələdə nə qədər maraqlı olduğunu bəyan etmiş olsa da,  əmin olun ki, bu riyakarcasına verilmiş açıqlamadır.  Çünki Rusiya qətiyyən problemin çözümünü istəmir. Rusiya anlayır ki,  Ermənistan-Azərbaycan arasında bütün problemlər çözülərsə, bu rus sülhməramlılarının Qarabağdan çıxmasına  gətirib çıxaracaq ki, bu da bütövlükdə regionda təsir imkanlarının itməsi deməkdir”.  

Politoloq bildirib ki, Ermənistan sülh sazişinin bağlanması ilə bağlı maneələr törətməkdə davam edir. Onun sözlərinə görə, Ermənistan sərhədlərin müəyənləşməsini bu günə qədər ciddi şəkildə sobataj edirdi. Bu da çox ciddi bir maneədir.

“Çünki sülh anlaşmasının olması üçün mütləq mənada sərhədlərin müəyyənləşməsi və bu kontekstdə bütün kommunikasiyaların açılması lazımdır. Bu məsələlər zəncirvari olaraq bir-birinə bağlıdir. Ona görə də sülh sazişini həll etmək üçün ilk növbədə sərhədlərin müəyyənləşməsinə ehtiyac var.  Yalnız bundan sonra sülh razılaşmasından danışmaq olar. Ermənistan zaman qazanmaq üçün bu məsələləri sobataj edir”.

Oxunma sayı 467