“Şübhəsiz, ermənilər bundan sonra bütün güclərini yönəldəcəklər ki, Azərbaycanı haqsız olaraq soyqırımında, deportasiyada, etnik təmizləmədə, erməni əhalinin mülkiyyətini mənimsəməkdə, onları yaşayış hüququndan mərhum etməkdə və s. ittiham etsinlər. Üstəlik də ki, bilirsiz, qondarma “soyqırımı”nı tanıdandan sonra erməni diasporunun bu dəqiqə ətrafında birləşəcəyi bir mövzu yoxdur və bu mövzunu onlar bir narrativə - gündəm mövzuya, özlərinin bir ideoloji platformasına çevirəcəklər. Və ən azı, mülkiyyət mövzusunu qaldıracaq, Qarabağdan köçmüş neçə minsə erməninin mülkiyyət davasını açacaqlar”.
Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu hafta.az-a açıqlamasında belə deyib.
“Dediyimiz bu proses on illərlə davam edə bilər ki, bundan da Azərbaycan başağrısı çəkəcək. Bu, məsələnin bir tərəfi... “Ermənilər Qarabağa qayıtmasın” deyənlər bunları nəzərə alırlarmı – bilmirəm. Hələ dediyim başqa ittihamları (etnik təmizləmə, deportasiya və s.) nəzərdə tutmuram. Gördünüz ki, Avropa Parlamenti özünün o riyakar qətnaməsində hətta “soyqırımı” ifadəsini də işlətdi. Ermənilər yalanı bacarırlar, işləməyi bacarırlar - bunu etiraf etməliyik və rəqibi, düşməni güclü qiymətləndirməliyik”- deyə davamında analitik bildirib.
Siyasi şərhçi hesab edir ki, gələcək təhlükələrdən sığortalanmaq üçün tezliklə Ermənistanla sülh müqaviləsinin imzalanmasına çalışmaq lazımdır.
“Qaldı ermənilərin Qarabağdan, yəni Azərbaycan torpaqlarından çıxıb getməsinə, biz onları qovmamışıq, BMT də təsdiq edib bunu. Bizim əlimizdə BMT-nin müşahidə missiyasının rəyi var. Həmin rəydə açıq-aydın bildirilir ki, Azərbaycan erməni əhalini zorla deportasiya etməyibdir. Nöqtə... Bu artıq bir, belə deyək, tam təsirli hüquqi sənəd olmasa da, nüfuzlu beynəlxalq təşkilatın rəyidir. Və biz bunu əlimizdə əsas tutaraq bu gün də, gələcəkdə də öz müdafiəmiz üçün istifadə etməliyik...
Bir sözlə, bu gün çalışıb Ermənistanla sülh müqaviləsi imzalamaq lazımdır ki, Ermənistan bizim, biz də onun ərazi bütövlüyümüzü tanıyırıq. Nəticədə sülh müqaviləsi imzalanandan sonra, sizi əmin edirəm ki, bütün bu ittihamlar, sərsəm uydurma-filanlar üçün hüquqi baza zəifləyəcək. Yəni bundan sonra erməni dövləti istəsə belə, həmin Qarabağdan köçüb gedənlərin maksimum hüquqlarını müdafiə edə bilər. Azərbaycana qarşı iddialar irəli sürə bilməz. Bu və digər səbəblərdən də dediyim kimi, sülh müqaviləsi mütləq imzalanmalıdır”,- deyə ekspert vurğulayıb.