Ərzaq böhranı “fırtınası” - AKTUAL

13:15 11.11.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hər gün bahalaşan qiymətlər hansı riskləri yaradır?

Azərbaycanda ərzaq məhsullarının qiyməti sürətlə bahalaşır. Hətta bu gün vəziyyət o həddədir ki, market çalışanları da məhsulların qiymətini göstərən etiketləri vitrinlərdə yeniləməkdən yorulduqlarını bildirirlər. Demək olar ki, ərzaq məhsulları gündəlik olaraq 10-15, bəzi məhsullar isə 20-25 qəpik bahalaşır. Bahalaşan məhsullar əsasən, ət, kərə yağı, şəkət tozu,qənd,  çay, süd və süd məhsulları, bitki yağları, yuyucu tozlar, təmizlik vasitələri, un və un məmulatlarıdır.

Qeyd edək ki, rəsmi rəqəmlər də ölkədə ərzaq məhsullarının bahalaşdığını təsdiqləyir. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, bu ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən 105,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,6 faiz təşkil edib. Cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 108,5 faiz təşkil edib. Bu ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6  faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 110,4 faiz təşkil edib.

Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, makaron məmulatlarının, qarabaşaq yarmasının, unun, düyünün, kolbasa məmulatlarının, toyuq, qoyun və mal ətinin, təzə və dondurulmuş balığın, südün, kəsmiyin, pendirin, yumurtanın, günəbaxan yağının, yemişin, qarpızın, gavalının, bananın, pomidorun, göy lobyanın, badımcanın, bibərin, kələmin, xiyarın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çay, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən kivinin, üzümün, almanın, armudun, naringinin, balqabağın, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2021-ci ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 105,9 faiz təşkil edib. Cari ilin sentyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebellərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının, ucuzlaşma isə mobil telefon və ventilyatorların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2021-ci ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5  faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 107,9 faiz təşkil edib. Cari ilin sentyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, tibbi, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, mənzillərin icarə haqlarında, ödənişli ali təhsil haqlarında, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

FAO həyəcan təbili çalır

Bu gün ərzaq məhsullarında qiymət artımı bütün ölkələrdə müşahidə edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qlobal ərzaq qiymətlərinin son 10 ildən çoxdur ki, görünməmiş səviyyədə artdığını açıqlayıb. FAO-nun məlumatına görə, qlobal ərzaq qiymətləri indeksi 2021-ci ilin 11 ayı ərzində 36 faiz, oktyabr ayında isə 3 faiz artaraq 133,2 bala yüksəlib. Bu yeni rekorddur. Əvvəlki rekord 131,9 bənd ilə 2011-ci ildə qeydə alınmışdı.

Bitki yağının qiymətləri oktyabr ayında təxminən 10 faiz artımla rekord səviyyəyə çatıb, taxılın qiyməti isə əvvəlki ilə nisbətən 22faizdən çox artım nümayiş etdirib. 2021-ci ilin 10 ayı ərzində bitki yağlarının qiymət indeksi 86faiz artaraq 184,8 bəndə çatıb. İşçi qüvvəsinin çatışmazlığı da bütün dünyada ərzaq istehsalı və daşınması xərclərinin artmasına səbəb olub. Buğdanın qiyməti Kanada, Rusiya və ABŞ kimi əsas ixracatçıların zəif məhsuldarlıq dövrü keçirməsi ilə əlaqədar olaraq son 12 ayda demək olar ki, 40 faiz artıb. Süd məhsullarının maya dəyəri də ötən il daşınmada yaranan problemlər səbəbindən təxminən 16 faiz bahalaşıb.

"Taxıllara gəldikdə, deyə bilərik ki, iqlim dəyişikliyi istehsalın azalmasına səbəb olur. Biz bir çox yerlərdə məhsuldarlığın çox pis olduğu dövrlər də keçirmişik", deyən Curtin Universitetinin Biznes Məktəbinin biznes analitiki Peter Batt BBC-yə açıqlamasında həmçinin, “Digər problem məhsulun ölkədən çıxarılmasıdadır. Məsələn, buraya Avstraliyaya qida daşımaq üçün çoxlu gəmilər gəlir, lakin Covid-19 səbəbilə biz ekipajı qəbul edə bilmirik”, - əlavə edib.

Macquarie Universitetindən Brigit Busicchia bildirib ki, qlobal bazarlardakı spekulyasiyalar da qiymət dalğalanmasına səbəb olub: "1990-cı illərdən əmtəə fyuçerslərinin tənzimlənməsinin azaldılması və ya ləğv edilməsi institusional investorların bu bazara geniş miqyasda daxil olmasına imkan verdi. Bu, xüsusilə ərzaq idxalından asılı olan ölkələrə təsir edir. Misir və ya digər Yaxın Şərq ölkələri kimi ölkələrin taxıl tədarükündə problem yaşaması gözlənilir”.

Busicchia həmçinin vurğulayıb ki, ərzaq qiymətlərinin yüksəlməsi ən çox aşağı gəlirli təbəqələrdə hiss olunur və bununla onlar yoxsulluğa daha da sürüklənirlər ki, bu da sosial və siyasi gərginliyin artmasına təsir göstərə bilər.

Ekspertlər qlobal ərzaq qiymətlərində olan artımın səbəblərini müxtəlif məsələlərlə əlaqələndirirlər. Bunlar əsasən yanacaq qiymətlərinin yüksəlməsi, pis ekoloji şərait və COVID-19 pandemiyasıdır. Qlobal təsirlərlə yanaşı hər bir qida məhsuluna regiona uyğun da təsirlərin də olması qaçılmazdır. 2020-ci ilin aprelindən etibarən neft qiymətlərinin artması ilə qida məhsullarının daşınma xərcləri artıb və bu da FAO-nun ideksi üzrə qida qiymətlərinin artmasına səbəb olub. Həmçinin COVID-19 pandemiyası səbəbindən işsizliyin artması da qiymət artımına təsir edən amillərdəndir.

Qiymətlərdə 20-30 faiz artım var

Mövzunu hafta.az-a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, Azərbaycanda ərzaq məhsullarının qiyməti infilyasiya səviyyəsinə görə ilk sırada dəyanır:

“Bu istiqamətdə artım təxminən 5.6 faizdir. Mən düşünürəm ki, reallıqda bu göstəricilər daha böyükdür. Əvvəllər 45 qəpiyə satılan çörəyi indi 50, bəzən 60 qəpiyə almaq olur. Çörəkdən başqa, un məmulatlarının, o cümlədən makaronun-vermişelin, eləcə də şəkər tozunun, ağartı məhsullarının qiymətində artım görünür. Yəni, 2020-ci ildən bəri ərzaq məhsullarının qiymətində təxminən 20-30 faiz arasında artım baş verib. İlin əvvəlində hökumət bir sıra təbii inhisarçının olduğu sahələrdə təklif etdiyi mal və xidmətlərin qiymətini artırdı. Xüsusilə yanacağın qiymətinin artması dəyər zəncirinin müxtəlif halqalarında istehsal prosesində maya dəyərinin artmasına gətirib çıxarır. Bu da bazarda məhsulun son istehlak qiymətlərinin artmasına səbəb olur. Təbi ki, mövcud qiymət artımına Azərbaycan bazarının xüsusiyyətləri də təsirsiz ötüşmür. Azərbaycan bazarında liberal mühitin olmaması, rəqabətin zəif olması iri oyunçulara qiyməti bəzən diktə etməyə əlverişli şərait yaradır. Belə olduğu halda hökumət daha aktiv siyasət aparmalıdır. Gömrük rüsumlarından, vergilərdən, yeni təşviq mexanizmlərindən istifadə etməlidir. Eyni zamanda daxili istehsalın özünün həcmini dəstəkləyən əlverişli mühit formalaşdırmalıdır. Nəticə bazar oyunçularının sayı arta və qiymətlərin optimal səviyyəyə qədər düşməsi təmin edilə bilər”.

Ekspertin fikrincə, ərzaq təminatı ilə bağlı müəyyən qədər problemləri həll etsək də, 2008-2015 -ci il ərzaq təhlükəsizliyi proqramı çərçivəsində ciddi asılılığı aradan qaldıra bilməmişik: “Bu proqram çərçivəsində bir sıra məhsullar üzrə 100 faiz daxili istehsal hesabına təminatın formalaşdırılması nəzərdə tutulsa da, proqrama daxil olan məhsulların bir çoxu üzrə əksinə, məsələn, kartof da bura daxil olmaqla istehsalın azalması müşahidə olundu. Bu isə proqramın tam da uyğun olmadığını deməyə əsas verir və hazırda asılılıq davam edir. Asılılıq olduğu təqdirdə də biz ərzaq məhsulları təminatı baxımından xarici şoklara açıq ölkələrdən biri olaraq qalacağıq”.

Azərbaycan heç bir məhsulla özünü tam təmin edə bilmir

Məsələ ilə bağlı hafta.az-a danışan kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov isə hesab edir ki, Azərbaycanda qiymət artımını şərtləndirən əsas amil idxaldan aslılığın yüksək olmasıdır:

“Bu ölkəmizdə kifayət qədər imkan var ki, biz daxili tələbatı ödəyəcək qədər ərzaq buğdası, süd məhsulları, ət və ət məhsulları, bitki yağları, hətta şəkər tozu istehsal edək. Bununla bağlı heç bir problem yoxdur. Məsələn, bizə daxili tələbatı ödəmək üçün təxminən 3 milyon ton şəkər çuğunduru lazımdır və onu da istehsal etmək mümkündür. Ümumiyyətlə, Azərbaycanın torpaq-iqlim şəraiti İtaliya, İspaniya və Türkiyə ilə müqayisə olunur. Bu gün dünyada ən çox kənd təsərrüfatı məhsulu istehsal edən ölkələrdən biri İspaniya, İtaliya və Türkiyədır. Belə bir ölkələrlə müqayisə olunan Azərbaycan niyə dünya bazarından asılı vəziyyətə düşsün ki? Məsələn, Ermənistan dünya bazarlarından asılı qala bilər. Çünki Ermənistan ərazisi daha çox dağlıq rayonlarından ibarətdir,  məhsuldarlığı artırmaq üçün şərait yoxdur. Ərəb ölkələrini götürək. Onlarda da belə bir şərait yoxdur. Belə ölkələrin sayı çoxdur. Amma Azərbaycanın kifayət qədər imkanlarının olmasına baxmayaraq yerli istehsal demək olar ki, yox dərəcəsindədir. Məsələn, Azərbaycan adambaşına kartof, süd, ət,yumurta istehsalında MDB ölkələri arasında geridə qalıb. Hətta tərəvəz istehsalında da geridədir və 3-cü yerdə dayanır. Yəni, 10 ölkə arasında heç bir məhsulun istehsalında 1-ci yerdə deyil və özünü təmin edə bilmir. Bu o deməkdir ki dünyada müşahidə olunan ərzaq böhranı və bunun nəticəsində yaranan qiymət artımından daha çox təsirlənən ölkələr arasında Azərbaycan da olacaq”.