Ərzaq qiymətlərində 20-30 faiz artım var - Ekspert

14:55 11.11.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda ərzaq məhsullarının qiyməti infilyasiya səviyyəsinə görə ilk sırada dəyanır.

Bu fikirləri hafta.az-a iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə artım təxminən 5.6 faizdir:

“Mən düşünürəm ki, reallıqda bu göstəricilər daha böyükdür. Əvvəllər 45 qəpiyə satılan çörəyi indi 50, bəzən 60 qəpiyə almaq olur. Çörəkdən başqa, un məmulatlarının, o cümlədən makaronun-vermişelin, eləcə də şəkər tozunun, ağartı məhsullarının qiymətində artım görünür.

Yəni, 2020-ci ildən bəri ərzaq məhsullarının qiymətində təxminən 20-30 faiz arasında artım baş verib. İlin əvvəlində hökumət bir sıra təbii inhisarçının olduğu sahələrdə təklif etdiyi mal və xidmətlərin qiymətini artırdı. Xüsusilə yanacağın qiymətinin artması dəyər zəncirinin müxtəlif halqalarında istehsal prosesində maya dəyərinin artmasına gətirib çıxarır. Bu da bazarda məhsulun son istehlak qiymətlərinin artmasına səbəb olur.

Təbi ki, mövcud qiymət artımına Azərbaycan bazarının xüsusiyyətləri də təsirsiz ötüşmür. Azərbaycan bazarında liberal mühitin olmaması, rəqabətin zəif olması iri oyunçulara qiyməti bəzən diktə etməyə əlverişli şərait yaradır. Belə olduğu halda hökumət daha aktiv siyasət aparmalıdır. Gömrük rüsumlarından, vergilərdən, yeni təşviq mexanizmlərindən istifadə etməlidir. Eyni zamanda daxili istehsalın özünün həcmini dəstəkləyən əlverişli mühit formalaşdırmalıdır. Nəticə bazar oyunçularının sayı arta və qiymətlərin optimal səviyyəyə qədər düşməsi təmin edilə bilər”.

Ekspertin fikrincə, ərzaq təminatı ilə bağlı müəyyən qədər problemləri həll etsək də, 2008-2015 -ci il ərzaq təhlükəsizliyi proqramı çərçivəsində ciddi asılılığı aradan qaldıra bilməmişik:

“Bu proqram çərçivəsində bir sıra məhsullar üzrə 100 faiz daxili istehsal hesabına təminatın formalaşdırılması nəzərdə tutulsa da, proqrama daxil olan məhsulların bir çoxu üzrə əksinə, məsələn, kartof da bura daxil olmaqla istehsalın azalması müşahidə olundu. Bu isə proqramın tam da uyğun olmadığını deməyə əsas verir və hazırda asılılıq davam edir. Asılılıq olduğu təqdirdə də biz ərzaq məhsulları təminatı baxımından xarici şoklara açıq ölkələrdən biri olaraq qalacağıq”.