Ərzaq təhlükəsizliyimiz necə təmin edilir? - Müzakirə

11:23 05.05.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra buğda və digər dənli bitkilərin qiymətləri artmaqda davam edir. Mövcud vəziyyət uzanarsa, dünyanın ən böyük taxıl ixracatçıları olan iki ölkənin  taxıl ticarətində problemlər yarana bilər. Buna görə də mütəxəssislər bəzi ölkələrin ərzaq çatışmazlığı yaşayacağını bildirirlər. Hazırda daha çox unla bağlı çətinliklərin yaranacağı deyilsə də, digər məhsullarda da ərzaq böhranının olması istisna deyil.

Bəs görəsən, belə vəziyyətdə ölkəmizi hansı çətinliklər gözləyir? Azərbaycanda ərzaq qıtlığı yaranması ehtimalı varmı? Daha çox hansı qida məhsulları ilə bağlı çatışmazlıq yaşana bilər?

İqtisadçı ekspert Fuad İbrahimov hafta.az-a bildirdi ki, sözügedən məsələ hazırda bütün dünyanın qlobal problemidir. Bunu son illərdə artan qiymətlərdə müşahidə edə bilərik:

“Ərzaq qıtlığı ilə bağlı BMT-nin Ərzaq Təhlükəsizliyi proqramı əsasında  tərtib etdiyi cədvəllərə diqqət etsək görərik ki, son on il ərzində ciddi qiymət artımı baş verib. Əsas səbəb dünyada ərzaq məhsullarının azalmasıdır. Ukrayna və Rusiya arasında baş verən müharibə bu prosesi bir qədər də sürətləndirib.

Bilirik ki, Rusiya dünyanın 1 nömrəli taxıl ixracatçısıdır. Ukrayna isə bu baxımdan 5-ci yerdədir. Hər iki ölkə istehlak səbətinə daxil olan əsas qidaların istehsalı və dünyaya çıxarılması üçün önəmli paya sahibdir”.

Ekspert qida təhlükəsizliyindən danışarkən, “Azərsun”un emal zavodunda baş vermiş yanğının yarada biləcəyi çətinliklərə diqqət çəkdi:

“Ölkəmiz mövcud vəziyyətə adekvat reaksiya verməlidir. Hökumət tərəfindən müvafiq tədbirlər görülür.  “Azərsun”un yağ emalı zavodu yerli tələbatın ödənilməsində çox mühüm rol oynayır. Məhz burada  baş verən yanğın daxili bazarda müxtəlif çətinliklərə yol açacaq. Hökumət bunun qarşısını almaq üçün bir sıra addımlar atır. Gömrük rüsumunda müəyyən güzəştlər edir. Bu yolla idxala imkanlar yaradır”.

F.İbrahimov qeyd edir ki, ölkəmiz qida təhlükəsizliyi ilə bağlı həll edilməyəcək çətinliklər yaşamır:

“Hökumət məsələ ilə bağlı qabaqlayıcı tədbirlər görür. Gələcəkdə qıtlıq yarana biləcək 28 çeşiddə məhsulun ixracına ciddi nəzarət olunur. Taxıl ehtiyatlarımız kifayət qədərdir. Bununla belə əsas taxıl tədarükçülərimiz olan dövlətlərin müharibə etməsi səbəbindən, alternativ bazarlarla danışıqlar aparılıb. Yerli məhsuldarlığın artırılması üçün Kənd Təsərrüfatı Nazirliyinə tapşırıqlar verilib. Deyə bilərəm ki, qida təminatı ilə bağlı dövlət ciddi işlər görür”.

Ərzaq təhlükəsizlyinin davamlı olaraq möhkəmləndirilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən hafta.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, bu strateji məsələ daim diqqətdə saxlanılır və ərzaq ehtiyatlarına xüsusi önəm verilir: "Dünyada neqativ meyillərin baş verdiyi, COVID-19 infeksiyasının geniş yayıldığı dövrlərdə də qabaqlayıcı və sistemli tədbirlər nəticəsində ölkəmizdə istehsal-tədarük-istehlak zəncirində heç bir fasilə müşahidə edilməyib, ərzaq məhsullarının çeşidində və istehlakçıların təminatında hər hansı qırılmalar olmayıb. Bütün bunlar isə, ərzaq təhlükəsizliyinin daha da möhkəmləmləndirilməsi istiqamətində aparılan düzgün və məqsədyönlü siyasi kursun məntiqi nəticəsidir. 

Dünya iqtisadiyyatının bir sıra sınaq və çətinliklərlə üzləşdiyi, iqlim dəyişikliyi, enerji, maliyyə, qida və digər bazarlardakı dalğalanmaların müşahidə edildiyi hazırkı dövrdə ərzaq ehtiyatlarının strateji əhəmiyyətini nəzərə alaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsas ərzaq məhsulları üzrə ehtiyatların mütəmadi monitorinqini aparır, əhalinin qida məhsulları ilə təminatına ciddi nəzarət edilir. Nəzarət tədbirləri dövlət qurumlarının koordinasiyası və dövlət-özəl tərəfdaşlığı prinsiplərinə əsasən keçirilir".

"Bununla belə, son günlər kütləvi informasiya vasitələrində bəzi ərzaq məhsullarının ehtiyatı ilə bağlı müxtəlif məlumatlar yayımlanır. Bir daha bildiririk ki, ərzaq ehtiyatları daim dövlətin nəzarətindədir və hər hansı hadisənin ərzaq qıtlığına səbəb olacağı ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur", - deyə məlumatda bildirilib.