ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin yeni sədri, demokrat senator Ben Kardin Türkiyəyə F-16 qırıcılarının satışı ilə bağlı danışıb. Kardin Türkiyənin İsveçin NATO üzvlüyünü qəbul etməsi ilə yanaşı, digər amillərin də təsirli olacağını bildirib.
Hafta.az-ın yazdığına görə, senator bildirib ki, NATO səfirlərinin toplantısında Türkiyə ilə bu məsələni müzakirə ediblər. Kardin, "Türkiyə bu məsələnin gələn ayın ilk yarısında həll olunacağını bildirir. Ancaq danışıqlar irəlilədikcə bir çox mövzunu müzakirə etməliyik" deyib.
Respublikaçı senator Cim Riş də F-16-ların Türkiyəyə satışı ilə bağlı açıqlamalar verib. Riş, "Türkiyə məsuliyyətli NATO müttəfiqi kimi hərəkət edərsə, F-16 yolunun açıq olmasını gözləyirəm" deyib.
Ben Kardin korrupsiya iddialarına görə əvvəlki sədr Bob Menendezin istefasından sonra Xarici Əlaqələr Komitəsinin sədri təyin edilib. Menendez daha əvvəl F-16-ların Türkiyəyə satışına qarşı çıxmışdı.
Məlumdur ki, Türkiyə F-35 proqramından çıxarıldıqdan sonra ABŞ-dan 40 yeni F-16 döyüş təyyarəsi və mövcud donanmalar üçün 79 modernləşdirmə dəsti almaq istəyib.
Rusiyanın Ukraynaya qarşı əməliyyatlarından sonra ABŞ Türkiyə və digər NATO üzvlərinin hava qüvvələrinə dəstək məqsədilə F-16-ların satışını dəstəklədiyini açıqlayıb.
Türkiyə də iyul ayında İsveçin NATO üzvlüyünə yaşıl işıq yandırmışdı. Lakin Türkiyə Böyük Millət Məclisi (TBMM) də bu məsələni təsdiqləməlidir.