Hazırda ölkə gündəminin ən əsas mövzularından biri millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsd cəhdidir. Qeyd edək ki olayın yaşandığı tarix bir çox önəmli hadisələrin baş verdiyi zamanla üst-üstə düşür. Azərbaycan İsraildə səfirlik açır. Qarabağda qanunsuz daşınmaların qarşısının alınması üçün ordumuz tərəfindən müvafiq tədbirlər görülür. Dövlət Təhlükəsizlik Xidmətinin yaradılmasının 104-cü ili qeyd edilir və s. Hadisə artıq terror aktı kimi dəyərləndirilib.
Millət vəkilinə qarşı terror aktı dövlət başçısının da xüsusi nəzarətindədir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın tapşırığına əsasən, Prezidentin köməkçisi Anar Ələkbərov martın 28-də yaşadığı evin qarşısında terror aktına məruz qalmış Milli Məclisin deputatı Fazil Mustafanı bu gün müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb.
Millət vəkilinə dövlətimizin başçısının və birinci xanımın şəfa diləklərini çatdıran Anar Ələkbərov bildirib ki, Prezident İlham Əliyev onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. Diqqətə çatdırılıb ki, xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən hüquq-mühafizə orqanlarına göstəriş verilib.
Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib, hadisənin onu sarsıtmadığını vurğulayaraq, həmişə olduğu kimi bundan sonra da dövlətçilik ideyalarına sadiq qalacağını və heç nəyin onu bu yoldan çəkindirə bilməyəcəyini deyib.
Olayla əlaqədar cinayət işi də açılıb. DTX-nın bəyanatında bildirilir ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Terror aktının sifarişçiləri ilə bağlı hələlik konkret detallar açıqlanmasa da, yuxarıda sadalananlar, həmçinin millət vəkilinin siyasi görüşləri nəzərə alındıqda ilk ağıla yenə də İran gəlir. İctimaiyyət nümayəndələrinin böyük əksəriyyəti də bu fikirdədir.
Müsavat Partiyasının başqanı Arif Hacılı “Həftə içi”nə bildirib ki, deputat Fazil Mustafanın dini məsələlərlə bağlı münasibətini açıq bildirməkdən çəkinməməsi, sosial media üzərindən ona qarşı təhdidlər, hətta sui-qəsd hədələri bu hadisənin sifarişçi və icraçılarının kimliyi barədə şübhələri artırır.
“Hadisə baş verdikdən sonra sosial mediada İrana bağlılığı açıq bilinən bəzilərinin bu hadisə barədə şərhləri, ifadə etdikləri sevinc sui-qəsdin arxasında məhz, həmin qüvvələrin dayandığını düşünməyə əsas verir. İranın Azərbaycana qarşı açıq təhdidləri fonunda belə şübhələrin yaranması təbiidir”.
A.Hacılı hesab edir ki, indi əsas missiya hüquq-mühafizə sisteminin üzərindədir: “Cinayəti törədənlər dərhal tapılaraq cəzalandırılmalı, hadisənin arxasında duran qüvvələrin neytrallaşdırılması üçün gərəkli tədbirlər görülməlidir. Əks halda bu tipli hadisələr daha geniş miqyas alacaq”.
Hüquqşünas Ələsgər Məmmədli bildirib ki, məsələnin mahiyyətinə baxanda hadisənin şəxsi zəmində başvermə ehtimalı görünmür: “Fazil Mustafa bir deputat olaraq sadə həyat sürən, cəmiyyətin içərisində aktivliyi ilə seçilən və heç kimlə konflikt yaşayamanfn şəxsdir. O, daha çox fikir adamıdır, cəmiyyəti maarifləndirən sistemli yazıları var. Onun fikirləri daha çox cəhalətlə mübarizəyə yönəlikdir. Son illər cəhalətin gəldiyi yeri önə çıxaran fikirlərlə çıxış edir. Ona görə də hadisədə cəhaləti təmsil edən tərəflərin əlinin olması ehtimalı önə çıxır. Bu hadisə Azərbaycanın deputatına qarşı baş verdiyinə görə, eyni zamanda, Azərbaycann Milli Təhlükəsizlik Günü, İsraildə Səfirliyini açması ərəfəsinə təsadüf etdiyindən cinayətdə şübhənin bir izini açır”.
Ə.Məmmədli İsraildə Səfirliyin açılmasında İranın daha çox həssaslıq ifadə etdiyini, eyni zamanda, Qarabağ müharibəsindən sonra – 2020-ci ilin sonundan etibarən İran-Azərbaycan münasibətlərində diplomatik yanaşmaların tamamilə dəyişdiyini, bu ölkənin Azərbaycana yönəlik fiziki, ifadə tərzi olaraq hücumlarını şübhəli ehtimalları doğuran səbəblər sırasında qeyd edib: “Hər halda Azərbaycanın hüquq-mühafizə orqanları çox isti izlərlə məsələni çözməyə çalışacaq”.
İlahiyyatçı Tural İrfan hafta.az-a bildirib ki, deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafaya qarşı baş verən sui-qəsd tək Azərbaycana qarşı yox, bütün türk dünyasına, İslama qarşı olan terror, bəşəriyyətə yönəlmiş cinayətlər silsiləsinin bir hissəsidir.
T.İrfan bildirir ki, Fazil Mustafanın öz çıxışlarında daha çox kimi tənqid etdiyini, hansı fikirlər söylədiyini araşdıranda ağla gələn ilk izin İranla bağlı olduğu ortaya çıxır:
“Fazil bəy təmkinli, dövlətçi, millətçi, eyni zamanda, inancımıza, dinimizə sadiq olan bir insandır, ziyalıdır. O, şəxsi münaqişəsi, daxildə konflikti olan adam deyil. Ona görə də burada öz agentləri vasitəsilə daxilimizdə bizə düşmən yaratmış, eyni zamanda, qonşuluqda bizə təhdidlər yaradan, təxribatlar törədən, din pərdəsi altında ölkədə terrorlara cəhd edən İran amili ortaya çıxır. Azərbaycanda Ziya Bünyadova, Rafiq Tağıya qarşı terrorların və başqa cəhdlərin nümunələri var”.
İlahiyyatçı hesab edir ki, Tehranda Səfirliyimizə qarşı terrorda “Kalaşnikov” avtomatından istifadə olunması və Fazil Mustafanın da eyni markalı silahdan vurulması hadisələri bir-biri ilə əlaqələndirir.
Onun ehtimalına görə, irançı qüvvələr Rusiya istehsalı olan silahdan istifadə etməklə, guya Rusiya ilə müttəfiq olduqlarını nümayiş etdirmək mesajını verə bilərlər».
Bu gün Azərbaycanın Qarabağ, Zəngəzur məsələsində kəskin addımlarla irəlilədiyini qeyd edən T.İrfan xarici qüvvələrin belə təxribatlarla ölkəmizi hədəfə almağa çalışdığını qeyd edib: “Hər halda hadisənin İsraildə Səfirliyin açılması, Təhlükəsizlik Xidmətinin yubileyi ərəfəsində baş verməsi təsadüfi ola bilməz».
Politoloq Turan Rzayev bildirib ki, hələlik terrorun təşkilatçısının kimlər olduğu və hansı ölkə tərəfindən törədildiyi açıqlanmasa da, bütün izlər İranı göstərir. O, sui-qəsdin İran tərəfindən öncədən planlandığını və icra edildiyini göstərən konkret izlərə diqqət çəkib.
“Birincisi, DTX-nın İran casusları ilə bağlı yayımladığı videoda saxlanılan şəxslər tanınmış dövlət və ictimai xadimlərə qarşı sui-qəsd tapşırığı aldıqlarını etiraf etdi. Bu etiraf, əslində, hadisənin öncədən planlandığını sübut edir.
İkincisi, hadisəsonrası “Hüseniyyun” qruplaşması bəyanat yayıb. Bəyanatda diqqətçəkən məqam odur ki, qruplaşma məsuliyyəti üzərinə götürməsə də qeyd edir ki, “Sionistlər və onların Azərbaycanda olan icraçı qüvvələri bilməlidirlər ki, heç bir müsəlman ölkəsində onların təhlükəsizliyinə zəmanət verilməyib və onlar mütləq müsəlmanlardan ağır şillə yeyəcəklər”. “Hüseniyyun” qruplaşması məsuliyyəti üzərinə götürməsə də, bəyanatda qeyd edilən məqamlar hadisəni törədən şəxsin məhz hüseniyyunçu olduğunu göstərir”.
Politoloq bildirir ki, hadisədən sonra sosial şəbəkənin Azərbaycan seqmentində İran agenturasının təsiri altında olan şəxslər hadisədən sevinc duyduqlarını əks etdirən paylaşımlar etməyə başlayıblar. Onun sözlərinə görə, bu tip paylaşım edən insanların profillərinə nəzər saldıqda İran dini lideri Əli Xomeyninin, Qasım Süleymaninin fotolarınınyer aldığını görmək mümkündür.
“Dostluğundakı şəxslərə baxdıqda isə eyniməzmunlu paylaşımlar edən bənzər şəxslərin olması diqqət çəkir. Bu da onu deməyə əsas verir ki, İran Azərbaycandakı agentura şəbəkəsini bu istiqamətdə təlimatlandırıb və aktivləşdirib.
Hazırda İranın əksər saytları, televiziya kanalları Fazil Mustafaya qarşı terror hücumunu geniş şəkildə tirajlayır. Diqqətçəkən məqam isə “O, qatı şiə düşmənidir” tezisinin qabardılmasıdır. İran bu yolla həm də hadisəni leqallaşdırmağa çalışır”.
Politoloq qeyd edib ki, Fazil Mustafaya “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Maraqlıdır ki, bir müddət öncə Azərbaycanın İrandakı səfirliyinə edilən hücumda da “Kalaşnikov” markalı avtomatdan istifadə edilmişdi. Hər iki hadisədə də “Kalaşnikov” avtomatının istifadə edilməsi hadisənin İran tərəfindən törədildiyinə dəlalət edir.