Fələstin əsilli Rima Həsən Avropa Parlamentinə seçildi

09:05 12.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fransalı hüquq müdafiəçisi və Fələstin əsilli vəkil Rima Həsən, prezident Emmanuel Makronun düşərgəsinə qarşı ifrat sağçılarının böyük fərqlə qalib gəlməsi ilə nəticələnən dörd günlük seçkilərdə Avropa Parlamentinə (AP) daxil ola bilib.

Hafta.az-ın yazdığına görə, LFI Fransada keçirilən seçkilərdə 8 faizdən çox səs toplayıb və AP-də 8 yer qazanıb.

32 yaşlı Rima Həsən LFI-nin siyahısında yeddinci namizəd olub. O, Fransada 9,3 faiz səs toplayaraq AP-yə seçilib.

Rima Həsən kimdir?

1992-ci ildə Suriyanın şimalında Hələb yaxınlığındakı Neyrab fələstinli qaçqınlar düşərgəsində doğulan Rima Həsən 10 yaşındaykən ailəsi və 5 bacısı ilə birlikdə Fransaya köçüb. 18 yaşında vətəndaşlıq alan Həsən beynəlxalq hüquq üzrə təhsil alıb və 2019-cu ildə “Qaçqın Düşərgələri Rəsədxanası və Fələstin Fəaliyyəti 2023” təşkilatını təsis edib.

“Forbes” jurnalı Rima Həsəni düşərgəni tərk etdikdən sonra qeyri-adi siyasi fəaliyyətinə görə 2023-cü ildə Fransanın ən nüfuzlu qadınlarından biri adlandırıb.

Həsən Fransanın rəsmi qurumlarında işləyirdi, lakin Qəzzadakı müharibə onu Fələstini dəstəkləyən Fransa partiyalarına və hazırda LFI-ya yaxınlaşmağa sövq edib. Həsən LFI-nın seçkilərdə namizədləri arasında idi.

Rima Həsənin adı son aylar Fələstin məsələsi ilə bağlı mövqeyinə görə Fransada məşhurlaşıb və İsrailin Qəzzaya hərbi hücumlarını “soyqırım” olaraq xarakterizə etdikdən sonra Fransanın siyasi və media dairələrində müzakirə və ittihamların mərkəzinə çevrilib.

Fransa polisi aprelin 23-də Həsəni “terrorizmi tərifləmək” ittihamı ilə, xüsusən də “dənizdən çaya Fələstin” şüarını işlətdikdən sonra istintaqa çağırıb. Həsən həmçinin sosial şəbəkələrdə İsraili ləğv etməyə çağırışda ittihamlanıb, lakin televiziya müsahibələrində bu şüarın Həmas və ya Qəzza zolağında davam edən müharibə ilə heç bir əlaqəsi olmadığını bildirib.

Maraqlıdır ki, Rima Həsən partiyanın qurucusu, keçmiş prezidentliyə namizəd Jan-Lyuk Melenşonun hüzurunda Mahmud Dərvişin “Sürgünsüz mən kiməm?” şeirindən sətirlərlə LFI-yə namizədliyini açıqlayaraq çıxış edib.