Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Direktoru Fəxrəddin Altun "The National News" qəzetinin Türkiyənin xarici və milli təhlükəsizlik siyasəti və prezident Rəcəb Tayyib Ərdoğanla bağlı ədalətsiz, həqiqətə uyğun olmayan ifadələr yer aldığı köşə yazısını tənqid edən məktub yazıb.
Hafta.az-ın yazdığına görə, cənab Altunun məktubu bu gün “The National News”da dərc olunub. F.Altun məktubunda qeyd edib ki, Rəşidə Dergham "Dünyanın qalan hissəsi Ərdoğanın yenidən seçilmək səylərinə necə baxır?" başlıqlı yazısında Türkiyədə keçiriləcək seçkilərin “yalnız yerli əhəmiyyət daşımayacağını, həm də geosiyasi təsirləri olacağını” haqlı olaraq ifadə edib, prezident Rəcəb Tayyib Ərdoğan sözün əsl mənasında “regional və qlobal geosiyasi arenanın” mühüm aktorudur.
Digər tərəfdən, müəllifin Türkiyənin xarici və milli təhlükəsizlik siyasətini daxili siyasətlə əlaqələndirməsi ilə razılaşmadığını bildirən Altun, prezident Ərdoğanın əsas siyasət qərarlarının qeyri-müəyyənliyin artdığı bir dünyada Türkiyə vətəndaşlarını və maraqlarını qorumaq əzmini əks etdirdiyini vurğulayıb. Altun məktubunda bunları qeyd edib:
"Ölkəmizin Suriya böhranına necə reaksiya verdiyinə nəzər salın. Dünyada ən çox suriyalı qaçqını qoynuna alan Türkiyə İŞİD-ə, eyni zamanda dünya tərəfindən terror təşkilatı kimi tanınan PKK-ya və onun Suriya qolu YPG-yə qarşı həyata keçirilən terrorla mübarizə əməliyyatlarında fəal rol alıb. Biz bu bölgədə sabitləşdirici rol oynamaqda qərarlıyıq. Türkiyənin Suriyadan gələn terror təhdidlərinə verdiyi cavabı daxili əməliyyatlarla əlaqələndirmək səyləri isə Suriyanın şimalında yerləşən silahlı qrupların həm Türkiyə vətəndaşlarına, həm də milyonlarla suriyalının sığındığı təhlükəsiz ərazilərə qarşı çoxsaylı hücumlarını diqqətdən yayındırmaq məqsədi güdür”, - F.Altun qeyd edib.
Türkiyənin Rusiya-Ukrayna müharibəsinin qarşısının alınması və dayandırılması üçün konstruktiv və realist bir yanaşma nümayiş etdirdiyini vurğulayan Altun, hərbi gəmilərin Qara dənizə girməsinə mane olmaqla, prezident Ərdoğan Ukraynanın dövlət başçısı Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə şəxsi münasibətlərindən istifadə edərək bölgədə sülh və sabitliyə xidmət etdi. Məhz prezident Ərdoğanın səyləri nəticəsində Türkiyə Rusiya və Ukrayna rəsmiləri, hətta xarici işlər nazirləri arasında görüşlərə ev sahibliyi etdi və qlobal ərzaq böhranının qarşısını alan ərzaq dəhlizini açdı. Bundan əlavə, cənab Ərdoğanın hökuməti Ukrayna ilə Rusiya arasında məhbus mübadiləsini uğurla həyata keçirilməsində açar rolu oynayıb və nəticədə Qara dənizdəki nüvə təhlükəsi nəzarət altına alınıb.
F.Altun müəllifə irad tutaraq qeyd edib ki, "prezident Ərdoğan NATO-nun başını ağrıdır” qeyd olunması da ədalətsiz və reallıqdan uzaq şərhdir.
"1952-ci ildə Alyansa daxil olan Türkiyə təşkilatın ən güclü üzvləri sırasındadır. Prezident Ərdoğan NATO-nun ikinci ən böyük ordusuna komandanlıq etməklə yanaşı, Əfqanıstan və Kosovo kimi yerlərdə əməliyyatlara fəal töhfə verib” yazan cənab Altun qeyd edib ki, ölkəsi İsveç və Finlandiyanın üzvlük müraciətləri ilə bağlı NATO-nun açıq qapı siyasətini dəstəkləyir, amma bu ölkələrin Alyansın dəyərlərinə zərər verəcək bəzi siyasətlərini nəzərdən keçirmələrini istəyir.
Türkiyənin xarici və milli təhlükəsizlik siyasətlərinin türk millətinin maraqlarını əks etdirdiyini vurğulayan Altun “Prezident Ərdoğanın liderliyi ilə qlobal aktyora çevrilən ölkəmiz, saxtakarlıq və pozuntuları qəbul etmədən beynəlxalq hüquqa uyğun olaraq konstruktiv və sabitləşdirici addımlar atmağa davam edəcək. Xarici dövlətlərin nə düşünməsindən asılı olmayaraq, ölkəmizin gələcəyini yalnız seçkilərdə səs verəcək Türkiyə vətəndaşları müəyyən edəcək”, - deyib.