FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:17 09.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyi (FHN) Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin mayın 9-u axşam saatlarından başlayaraq, ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, xüsusilə mayın 10-da güclü külək əsəcəyi barədə proqnozu ilə bağlı əhaliyə müraciət edib.

FHN-in mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, nazirlik gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.

“Bununla yanaşı, əgər güclü külək sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bu zaman diqqətli hərəkət edərək yaxınlıqdakı binanın zirzəmisində və ya möhkəm tikilidə daldalanmağa çalışmaq lazımdır.

Həmçinin güclü külək zamanı xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsinin mürəkkəbliyi nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur. Təhlükə zamanı “112”-yə zəng edin!”, - deyə nazirliyin müraciətində qeyd edilib.

Oxunma sayı 349