FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

16:24 01.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğın və partlayış hadisələrinin qarşısının alınması məqsədilə əsasən insanların sıx toplaşdıqları məkanlarda, binaların zirzəmi və birinci mərtəbələrində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində yanğına qarşı təbliğat xarakterli maarifləndirmə tədbirləri həyata keçirib.

FHN-dən hafta.az-a bildiriblər ki, tədbirlər zamanı bəzi obyektlərdə propan qaz balonlarından istifadə olunduğu, balonların quraşdırılması və təhlükəsiz istifadə qaydalarının pozulması halları müşahidə edilib.

Xidmətin əməkdaşları tərəfindən həmin obyektlərdə qaz balonlarından istifadəsinin təhlükəli olması barədə söhbətlər aparılıb, bədbəxt hadisələrin baş verməməsi üçün yanğın təhlükəsizliyi qaydalarına riayət olunmanın vacibliyini bir daha cavabdeh şəxslərin diqqətinə çatdırılıb. Aparılan maarifləndirmə söhbətləri nəticəsində 166 propan qaz balonu könüllü olaraq sahibkarlar tərəfindən obyektlərdən uzaqlaşdırılıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi Qaydalarına əsasən mağaza, anbar və ictimai iaşə müəssisələrinin binalarının zirzəmi otaqlarında, habelə insanların sıx toplaşdığı sahələrdə qaz cihazlarından və aparatlarından, habelə qaz balonları ilə işləyən cihazlardan istifadə qadağan olunur.

Bu sahədə Dövlət Yanğın Nəzarəti Xidməti qanunamüvafiq tədbirlərini davam etdirir.

Oxunma sayı 1354