FHN yanğının söndürülməsinə 270 canlı qüvvə və helikopter cəlb etdi

22:09 17.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri gün ərzində ölkə ərazisində bir neçə istiqamətdə açıq sahələrdə baş vermiş yanğınların söndürülməsi əməliyyatlarına cəlb olunub. Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında gün ərzində respublikanın müxtəlif şəhər və rayonlarında, o cümlədən Bakı şəhərinin Sabunçu, Yasamal və Suraxanı rayonları, Abşeron, Lənkəran, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, İmişli, Sabirabad, Bərdə, Tovuz, Neftçala rayonlarında açıq sahələrdə baş vermiş yanğınlar Nazirliyin müvafiq qüvvələri tərəfindən operativ qaydada söndürülüb.

FHN Mətbuat xidmətindən hafta.az-a verilən məlumatda bildirilir ki, nazirliyin qüvvələri tərəfindən Xaçmaz, Quba və Şabran rayonlarında açıq sahələrdə, o cümlədən quru ot, kol-kos, biçilmiş və biçilməmiş taxıl sahələri və meşəlik ərazidə baş vermiş yanğınlarla mübarizə hazırda davam etdirilir. Şimal zonasındakı yanğınların qısa müddətdə söndürülməsi məqsədilə FHN-in ümumilikdə 270 nəfərdən ibarət şəxsi heyəti və 26 ədəd texnikası, o cümlədən 1 ədəd helikopteri cəlb olunub.

İsti və küləkli hava yanğınları yayaraq söndürülməsini çətinləşdirir. Bir sıra ərazilərdə mürəkkəb relyef şəraiti də yanğınsöndürmə işlərinə mane olur.

Qeyd edək ki, yanğınların baş verməsinə səbəb kimi insan faktoru əsas hesab olunur. Hazırda yanğınların başvermə səbəbləri araşdırılır.

Oxunma sayı 476