Fiziki, mənəvi sağlam gənclik – Layihə

11:55 04.08.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda uşaq və gənclərin fiziki, mənəvi inkişafı daima dövlətin xüsusi diqqət mərkəzindədir. Bu gün ölkəmizdə uşaqların sağlamlığı, inkişafı, təhsili, onların hüquqlarının qorunması üçün genişmiqyaslı işlər görülür. Uşaqların mənəvi-fiziki inkişafında təhsilin rolu danılmazdır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası sayəsində təhsil tariximizdə ilk dəfə olaraq dövlət büdcəsi hesabına ümumtəhsil məktəblərində beşyaşlı uşaqların məktəbə hazırlığına başlanılıb.

Eyni zamanda, ölkəmizdə uşaqların peşə təhsilinə və ali məktəblərə hazırlığına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində, o cümlədən peşə təhsilində müsbət dinamika müşahidə olunub. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası, “Peşə təhsili haqqında” qanunun qəbulu bu sahənin inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. 2016-2017-ci tədris ilindən başlayaraq peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN Peşə” layihəsi çərçivəsində həyata keçirilir. Bundan başqa, istedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində ölkədə fənlər üzrə olimpiada hərəkatı da genişlənib. Məsələn, ötən ilin sonlarında Birləşmiş Ərəb Əmirliklərində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası baş tutub. 59 ölkədən 354 şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz 1 gümüş və 3 bürünc medal olmaqla, ümumilikdə 4 medal qazanıb. Eyni zamanda, ötən il məktəblilərimiz Yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadasında 6 medal qazanıb ki, bu da son 10 ildə ən yüksək nəticəmiz hesab edilir.

Bundan başqa, Azərbaycan Gənclər və İdman Nazirliyinin ötənilki rəsmi açıqlamasına görə,  il ərzində qitə və dünya çempionatlarında, kubok yarışlarında, Qran-pri və digər nüfuzlu beynəlxalq yarışlarda ümumilikdə 519 medal qazanılıb. Bu medallardan 179-u qızıl, 147-si gümüş və 193-ü bürüncdür. Olimpiya növlərində 227 (62 qızıl, 62 gümüş, 103 bürünc) mükafat əldə olunub. İdmançılarımız qeyri-olimpiya növlərində 292 (117 qızıl, 85 gümüş, 90 bürünc) dəfə fəxri kürsüyə qalxıblar. Bu, o deməkdir ki, gənclərimiz dövlətin onlara yaratdığı şəraitdən maksimum yararlanmağa çalışır.

Uşaq və yeniyetmələrə dövlət qayğısı ilə bərabər, Azərbaycanda düşünülmüş, hərtərəfli gənclər siyasəti həyata keçirilir. 1 fevral 1997-ci il tarixdə fəal gənclərin bir qrupunu qəbul edən Ümummilli lider Heydər Əliyev “2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzalayıb. 1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan “Dövlət Gənclər Siyasəti haqqında” Fərman bu sahəyə böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər. Fərmana müvafiq olaraq ‘’Gənclər siyasəti haqqında’’ Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qeyd edək ki, 1996-cı ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılıb. Gənclərin idmana cəlb olunması üçün Bakıda və regionlarda Olimpiya İdman Kompleksləri istifadəyə verilib. 2002-2003-cü illərdə “Gənc istedadlar üçün xüsusi təqaüd təyin edilməsi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” sənədlərin qəbul edilməsinin gənclərin həyatında xüsusi rolu oldu. Eyni zamanda, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu ilə bağlı” və digər proqramlar hazırlandı.

Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gənclər siyasəti həyata keçirilir. Bu istiqamətdə müvafiq proqramlar qəbul olunub və məqsədyönlü tədbirlər davamlı xarakter daşıyır. 2005-ci ildə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər) imzalanıb. 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırıb. Digər tərəfdən, dövlət başçısının müvafiq Fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilib, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulub. Azərbaycanda Gənclər Günü ilə bağlı hər il silsilə tədbirlər təşkil olunur, təhsil və digər sahələrdə yüksək nailiyyət qazanmış gənclər xüsusi mükafatlarla təltif edilirlər, gənclər tərəfindən təqdim olunmuş layihələr maliyyələşdirilir, istedadlı gənclərin beynəlxalq müsabiqələrdə, konfrans-seminarlarda iştirakı təmin edilir, müxtəlif istiqamətlər üzrə yarışlar təşkil olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi isə mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, son illər Bakıda və regionlarda istifadəyə verilən “Gənclər evləri” gənclərin maraq dairəsini genişləndirərək, asudə vaxtın mənalı və səmərəli təşkili üçün yeni imkanlar yaradıb. Gənclərin məşğulluğu və sahibkarlığın inkişafı üçün biznes inkubatorların, texnoparkların yaradılması onların maddi durumunun, rifah halının daha da yaxşılaşdırılmasına imkan verib. Bütün bunlar gənclərə xüsusi diqqət və qayğının göstəricisi, onların fiziki, mənəvi inkişafının dövlətin diqqət mərkəzində olmasının bariz nümunəsidir. Ümumiyyətlə, bütün bu səmərəli tədbirlərin qanunauyğun nəticəsi kimi, həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafı ölkəsinin, yaşadığı cəmiyyətin, xalqının inkişaf göstəricisidir: “Hər kəsə məlumdur ki, dövlətin, cəmiyyətin gələcəyini indiki uşaqlar və gənclər müəyyən edir. Bu mənada gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır. Müstəqillik qazandığı ilk gündən dövlətimiz bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Son illər bu diqqət və qayğı daha da artıb. Yeni məktəblərin tikintisi və təmiri, idman infrastrukturunun yenilənməsi, stadionların və olimpiya komplekslərinin inşası da  buna əyani sübutdur. Əlbəttə, hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı təhsil də önəmli yer tutur. Digər tərəfdən bunlar bir-biri ilə mütləq uyğunlaşmalıdır. Təhsil sistemində aparılan uğurlu islahatlar, ölkəmizdə olimpiya hərəkatının geniş vüsət alması bu sahədə aparılan işlərdəndir”.

Millət vəkili vurğulayıb ki, gənc nəslin düzgün mənəvi tərbiyəsi, savadlı vətəndaş kimi böyüməsi ilə paralel, onun fiziki cəhətdən də sağlam olması mütləqdir: “Övladlarımızın sağlam böyüməsində məktəbin, ailənin, cəmiyyətin, hətta hər gün təmasda olduğu insanların da rolu var. Valideyn övladının sağlam böyüməsi üçün onu müxtəlif idman növləri ilə məşğul olmasını təmin etməlidir. Övladlarımızın sağlamlığını düşünərkən bəzi məqamlara xüsusi diqqət yetirmək lazımdır. Onlardan ən birincisi və vacibi uşaq və gəncləri fiziki yükləmələrdən qorumaqdır. Bundan başqa idmanın hansısa növü ilə mütəmadi məşğul olan uşağın gələcəkdə bədən quruluşunda fəsadların yaranmaması üçün valideyn və müəllimlər müəyyən nüanslara diqqət etməlidirlər.

Azərbaycan gəncliyi bu gün beynəlxalq aləmdə seçilib, dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında layiqli yer alıb. Son illər gənclərin beynəlxalq əməkdaşlığı xeyli genişlənib, ikitərəfli və çoxtərəfli əlaqələrin olduğu dövlətlərin sayı artmaqda davam edir. Gəncliyimiz Azərbaycanın təbliği baxımından əhəmiyyətli təsir vasitəsinə çevrilib”.