Formula 1 Azərbaycan Qran-Prisinə bütün tribuna biletləri satılıb

20:34 24.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı yarışının 12 tribunasının bütün biletləri alınıb.

Hafta.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə “Gözlənilməzə hazır ol” şüarı ilə keçirilən və ölkəmizin yeddinci dəfə ev sahibliyi edəcəyi 2023 Formula 1 Azərbaycan Qran-Prisinə bütün tribuna biletlərinin satıldığını bildirir.

Aprelin 28-30-da baş tutacaq bu yarışda rekord sayda - dünyanın 100-dən çox fərqli ölkəsindən gələn ən böyük azarkeş qrupunu Bakıda qarşılayacağıq. Yarış həftəsonunda dünyanın dörd bir yanından gələn turistlər Formula 1 Azərbaycan Qran-Prisində öz ölkəsini azarkeş qismində təmsil edəcək.

Formula 1 Azərbaycan Qran-Prisi bu il ilk dəfə olaraq sprint yarışına ev sahibliyi edəcək. F1 təqviminin ən sürətli şəhər yarışlarından hesab olunan Azərbaycan Qran-Prisi bazar günü baş tutacaq.