“Fransa Nigeri vurmaq üçün Əlcəzairdən istifadə etmək istədi” - Əlcəzair radiosu

09:15 24.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əlcəzair dövlət radiosu Fransanın Nigerdə ​​hərbi əməliyyat keçirmək üçün ölkənin hava məkanından istifadə etmək istədiyini, lakin bu tələbin rədd edildiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, xəbərdə Fransa rəhbərliyinin Nigerdə ​​ötən ay hakimiyyəti ələ keçirən hərbi xuntanın həbsdə olan prezident Məhəmməd Bazumu azad etməməsi təqdirdə paytaxt Niameyi vurmağı planlaşdırdığı iddia edilib.

Xəbərdə Əlcəzairdən rədd cavabı alan Fransanın hərbi təyyarələrini hava məkanından göndərmək üçün Mərakeş rəhbərliyi ilə əlaqə saxladığı iddia edilib.

Fransa Xarici İşlər Nazirliyi bu iddianı təkzib edib və Qərbi Afrika ölkəsinə qarşı hər hansı silahlı müdaxilə niyyətinin olmadığı bildirilib.

Fransanın təkzibinə baxmayaraq, Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) bazar ertəsi bəyanat verib və Bazumu hakimiyyətə qaytarmaq üçün diplomatik səylərin nəticəsiz qalacağı təqdirdə Nigerə hərbi müdaxilə tarixinin təyin olunduğunu açıqlayıb.

Bölgədəki Benin, Seneqal, Kot Divuar və Nigeriya kimi ölkələr ECOWAS-ın müdaxilə qərarını dəstəkləyərək Nigerə əsgər göndərəcəklərini bildiriblər.

Əvvəlki həftələrdə Əlcəzair prezidenti Əbdülməcid Tebbun ölkəsinin qonşularına qarşı güc tətbiq etməyəcəyini bəyanlamış və Nigerə hərbi müdaxilənin bütün Sahel bölgəsində qeyri-sabitliyi artıra biləcəyi barədə xəbərdarlıq etmişdi.

Bölgədə baş verənlərlə bağlı “The Washington Post” qəzetinə danışan Təhlükəsizlik Araşdırmaları İnstitutunun Sahel Layihə meneceri Fahiraman Rodrigue Kone bildirib ki, region ölkələri ardıcıl çevrilişləri təhlükə olaraq görür.

"Nigerdə ​​çevriliş qeyri-adi olsa da, bunun digər Qərbi Afrika ölkələri tərəfindən paylaşılan sosial-iqtisadi kontekstdə baş verdiyini unutmamalıyıq. Bu ölkələrdə də böyük kütlələr yoxsulluq içindədir və yaxşı idarəçilikdən məhrumdur. Çevriliş riski hər zaman orada var və liderlər bunun öz ölkələrində baş verəcəyindən narahatdırlar" deyib Kone.

Ötən illər bölgədə hərbi çevrilişlərin baş verdiyi Mali, Burkina Faso və Qvineyanın ECOWAS-a üzvlükləri dayandırılıb. Bu ölkələr müdaxilə olacağı təqdirdə Nigerə hərbi dəstək verəcəklərini açıqlayıblar.

Nigerdə ​​xunta administrasiyasının lideri Əbdürrəhman Çiani ötən həftənin sonunda ölkədə mülki idarəetmənin 3 il ərzində bərpa ediləcəyini açıqlamışdı.

Siyasət rubrikasından digər xəbərlər