Fransanın qəbul etdiyi məlum qətnamə birmənalı olaraq erməni mövqeyindən çıxış edib, Azərbaycana qarşı çıxmaqdır.
Bu fikirləri hafta.az-a AMİP sədri Arzuxan Əlizadə bildirib.
Partiya sədri 44 günlük müharibədən sonra Fransa senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədə separatçı rejimin tanınması ilə bağlı müddəaya da diqqət çəkib.
“O zaman Fransa prezidenti Senatın qəbul etdiyi qətnaməni imzalamadı və o, tövsiyə xarakterli bir sənəd olaraq qaldı. Əslində, bu qətnamə də beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Qarabağla bağlı BMT-nin 4 qətnaməsi, Avropa Şurasının, Avropa Parlamentinin qərar və qətnamələri, Azərbaycanın beynəlxalq hüquqla tanınmış əraziləri var. Ona görə də Fransa senatının qəbul etdiyi qətnaməsinin heç bir hüquqi əsası yoxdur. Bu, sadəcə olaraq növbəti dəfə Fransa-Azərbaycan münasibətlərinə kölgə salmaqdır. Bu, həmçinin Fransanın Qafqazda sülhə sabitliyə deyil, gərginliyin yaranamasına, Ermənistanı revanşçist addımlar atmağa həfəsləndirən qərardır”.
A.Əlizadə bildirib ki, bu gün Fransanın Azərbaycanda “Total” daxil olmaqla 50-dən çox şirkətləri fəaliyyət göstərir, Azərbaycan-Fransa arasında iqtisadi ticarət dövriyyəsi 2 milyarddan artıqdır. Bütün bunların fonunda belə bir qətnamənin qəbul edilməsi şiddətlə qınanmalıdır.
“Azərbaycan ciddi addımlar atmalı, Milli Məclis qətnaməni pisləyən qərar qəbul etməlidir. Eyni zamanda Fransanın Əlcəzair də daxil olmaqla Çadda, Şimali Afrika ölkələrində törətdiyi qətliamlar yenidən gündəmə gətirilməli, ictimailəşməlidir. Qətnamənin Fransa-Azərbaycan münasibətlərinə ciddi xələl gətirməsi ilə bağlı məsələ müzakirə obyekti olmalıdır. Fransanın yeni təyin olunmuş səfrinin etimadnaməsinin qəbul olunub -olunmaması, Azərbaycanın səfirinin geri çağırılması gündəmə gəlməldiir. Və Fransaya bu məsələdə ciddi təpki göstərilməlidir. Fransanın bundan sonra vasitəçilik təşəbbüslərinin qarşısı alınmalıdır. Və Fransaya Azərbaycana düşmən mövqedə dayanan ölkə kimi münasibət sərgilənməlidir”.