Füzulidə Vətən müharibəsi şəhidləri Sənan Hüseynovun və Elşən Həmidovun anım günündə məzarları ziyarət olunub. Müqəddəs amal uğrunda şəhadətə ucalan şəhidlərin şərəfli həyatından söhbət açılıb.
Hafta.az xəbər verir ki, şəhidlərin anım mərasimində ailə üzvləri ilə bərabər rayon icra hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar iştirak ediblər.
Hüseynov Sənan Vidadi oğlunun ilk döyüş yolu 2016-cı ilin Aprel zəfərindən başlayıb. O, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsində könüllü olaraq döyüşə yollanıb, Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib, noyabrın 7-də Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Sənan Hüseynov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", “Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Həmidov Elşən Məzahir oğlu hərbi xidməti bitirdikdən sonra bir müddət Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə çalışıb. Daha sonra öz istəyi ilə Vətənin keşiyində dayanmaq üçün müddətdən artıq hərbçi kimi fəaliyyətini davam etdirib. Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Xocavənd rayonu ərazisində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.