Gələn il cəmi 14 rayona vəsait ayrılacaq - Millət vəkili

15:12 17.12.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il cəmi 14 rayona vəsait ayrılacaq. 52 rayon və şəhər isə növbəti ildə dövlət büdcəsindən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək.

Bu fikirləri hafta.az-a millət vəkili Vüqar Bayramov deyib:

“Layihəyə əsasən, Ağdam (dövlət büdcəsindən 4 milyon 980 min manat ayrılacaq), Balakən (1 milyon 612 min manat), Cəbrayıl (2 milyon 874 min manat), Goranboy (2 milyon 156 min manat), Xocalı (1 milyon 527 min manat), Xocavənd (1 milyon 540 min manat), Kəlbəcər (3 milyon 528 min manat), Qax (5 mi?yon 476 min manat), Laçın (2 milyon 416 min manat), Lerik (2 milyon 434 min manat), Oğuz (2 milyon 484 min manat), Yardımlı (2 milyon 103 min manat), Zəngilan (1 milyon 409 min manat) və Zərdab (2 milyon 917 min manat) vəsait alacaq. Dövlət büdcəsindən rayonlara gələn il cəmi 37 milyon 456 min manat vəsait ayrılacaq”.

Onun sözlərinə görə, özünü maliyyələşdirəcək rayonların sayının çox olması müsbət haldır: “Bu, dövlət büdcəsindən asılılığın aradan qaldırılmasına imkan yaradır. Hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, yaxın gələcəkdə özünü maliyyələşdirən rayonların daha çox dəyər yaratması olduqca vacibdir. Bir məqamı da vurğulayım ki, 2022-ci ildə büdcədən vəsait alacaq 14 rayonun tən yarısı Qarabağ və Şərqi Zəngəzurda yerləşir. Qalanları isə respublikanın digər bölgələrindədir”.