Bakı Dövlət Universiteti nəzdində Gənc İstedadlar Liseyində ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda şagird elmi-praktik konfransı keçirilib.
Tədbir dövlət himninin səsləndirilməsi və ümummilli liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransda çıxış edən liseyin direktoru Arif Bağırov Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb, dahi şəxsiyyətin Azərbaycan gəncliyinin sağlam təməllər üzərində inkişafı, vətənpərvərlik ruhunda böyüməsi istiqamətində gördüyü işlərə nəzər salıb.
Daha sonra liseyin müəllimi Kəmalə Əliyevanın müəllifliyi ilə hazırlanan ulu öndərin həyat və faliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Liseyin tarixmetodbirləşməsinin sədri Kifayət Şamilova isə çıxışında dahi şəxsiyyətin Azərbaycan təhsilinin inkişafındakı rolu, milli-mənəvi dəyərlərə verdiyi yüksək qiymət haqqında söz açıb.
Qeyd edək ki, Heydər Əliyevin 100 illik yubileyinə dair dəvətnamə braşurlarının hazırlanmasında liseyin informatika müəllimi Zəhra Qasımova da yaxından iştirak edib.
Tədbirdə lisey şagirdlərinin ulu öndər haqqında çıxışları dinlənilib. Konfrans öz işini uğurla başa vurub.