Gəncədən Qarabağa... - MÜZAKİRƏ

11:50 03.02.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 30-da Gəncə şəhərinə səfəri bir sıra mühüm məqamları ilə yadda qaldı. Orada səsləndirilən bəyanatlar növbəti mühüm mesajların təqdimatı kimi də dəyərləndirilir.

Milli Məclisin deputatı Asim Mollazadə hafta.az-a bildirib ki, Gəncə şəhəri Azərbaycanın qədim paytaxtıdır və bu şəhərin xalqımız üçün çox böyük önəmi var. Deputat Prezidentin Gəncədə olarkən iqtisadi, logistik, nəqliyyat-kommunikasiya istiqamətlərində görülən işlərə diqqət çəkməsini, mədəniyyət və idman sahəsinə xüsusi yanaşılmanı təbii və təqdirəlayiq hesab edib:

“Gəncə Qarabağa qayıdış prosesində böyük rola malikdir.  Söhbət Kəlbəcər istiqamətində uzanan yolların, tunellərin inşası ilə bağlı logistik mərkəzin də Gəncə olmasından gedir. Bununla yanaşı, gələcəkdə Zəngəzur dəhlizinə gedib-çıxan dəmir yolu sistemində də Gəncənin bir qovşaq kimi böyük əhəmiyyəti var”.

A.Mollazadə qeyd edib ki, Prezidentin Gəncədə Memorialın təməlini qoyması orada bizim vətəndaşlara qarşı törədilən erməni hərbi cinayətlərinin  tarixin yaddaşında saxlanılaraq daim haqq-ədalətin bərpası yönündə görüləcək işlərin davamına stimul yarada biləcək mühüm hadisədir.

“Bu, həm də “Biz erməni cinayətkarlarının müharibə dövründə Gəncədə, Bərdədə, Tərtərdə dinc əhaliyə - qadınlara, qocalara, uşaqlara qarşı törətdikləri genosidi, hərbi cinayətləri heç vaxt unutmayacağıq mesajı kimi özümüzün götürdüyümüz öhdəlikdir.  Şübhəsiz ki, erməni cinayətkarları Azərbaycanın 30 ilə yaxın işğalda qalan bütün rayonlarında törətdikləri dağıntılara, qətliamlara görə, Xocalıda dinc əhaliyə qarşı törətdikləri soyqırımına görə cavab verməlidirlər. Bu Memorialın inşası onu göstərir ki, Azərbaycan xalqı heç vaxt  erməni vəhşiliyini unutmayacaq”.

Deputat bu gün Azərbaycanın işğala məruz qoyulması və özünün haqq işinin bərpası yönündə dünya ictimaiyyətinə müraciət etməsinə baxmayaraq, yenə də ikili standartların hökm sürdüyünü bildirib.

“Bir sıra beynəlxalq təşkilatlarda müəyyən lobbi fəaliyyəti nəticəsində Ermənistanın istənilən cinayətlərinə göz yumulur. Biz dəfələrlə bunun şahidi olmuşuq. Buna baxmayaraq,  israrla Azərbaycanın haqlı tələblərinin ədalətlə yerinə yetirilməsini istəməli və onun həlinə nail olmalıyıq. Bununla yanaşı, Azərbaycan müstəqil dövlət olaraq özü hüquqi müstəvidə qərarlar çıxarmalı, hüquqi prosedurlarla bağlı dünya qarşısında irəli sürdüyü “Ədalət”- tələbini davam etdirməlidir”.

Politoloq Turan Rzayev hafta.az-a bildirib ki, Prezidentin, xüsusilə Gəncəyə səfəri zamanı “Erməni faşizmini məğlub etmişik” deməsi və Ermənistanın keçmiş rəhbərləri Robert Köçəryan ilə Serj Sarkisyanı sərt tənqid etməsi səbəbsiz deyildir.

“Məlum olduğu kimi, Gəncə şəhəri 44 günlük müharibə zamanı Ermənistan ordusunun hücumuna məruz qalan şəhərlərimizdən idi. Prezidentin də qeyd etdiyi kimi, müharibə zamanı Gəncəyə 13 raket atılıb. Onlardan 8-i partlayaraq mülki insanların həyatına son qoyub. Məsələ ondadır ki, Gəncə şəhəri nə təmas xəttində idi, nə də cəbhə bölgəsinə yaxın ərazidə yerləşirdi. Digər tərəfdən, ermənilər Gəncədə müharibənin seyrinə təsir edəcək hərbi obyektin olmadığını da bilirdi. Müharibə gedişində məhz Gəncənin hədəf seçilməsi, dinc əhaliyə qarşı raket hücumlarının edilməsi faktiki olaraq Ermənistanın və onun liderlərinin bir daha faşisttəfəkkürlü şəxslər olduqlarını sübut edir. İstər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın məqsədyönlü şəkildə dinc əhalini hədəf seçməsi bu ölkənin siyasi dairələrinin hələ də faşist düşüncəsində olduğunu göstərir”.

 Politoloq hesab edir ki, Prezident “biz erməni faşizmi üzərində qələbə qazandıq” deyərkən, əslində, ermənilərin Gəncəyə və digər şəhərlərimizə hücumunu alman faşistlərinin mülki ərazilərə hücumu arasında paralellik aparır.

“Prezidentin bu məsələlərlə paralel Sarkisyan və Köçəryanı hədəf alması isə təsadüfi deyil. Məsələ ondadır ki, həm Köçəryan, həm də Sarkisyan Birinci Qarabağ müharibəsi zamanı dinc azərbaycanlılara qarşı xüsusi amansızlıqla əzab vermiş, onları qətlə yetrmişdir. Hesab edirəm, Prezident hər vəchlə bu iki şəxsin adını çəkməsi və sanki dünya ictimaiyyətinin diqqətinə israrla çatdırması bu şəxslərin bu gün azadlıqda gəzməsi ilə əlaqədardır.

Prezidentin bu iradı yerində və doğrudur. Əli uşaq, qadın, qoca qanına batan bu şəxslər faktiki olaraq insanlıq cinayəti edib və hələ də azadlıqdadır. Hesab edirəm, Prezident çıxışlarında tez-tez Sarkisyan və Köçəryanı ittiham etməsi bu şəxslərin  İkinci Dünya müharibəsi sonrası Nürinberq məhkəməsində mühakimə edilərək cəzalandırılan faşist liderləri kimi ittiham olunması ilə əlaqədardır”.